“Elektoratın genişlənməsi müxalifətin təsir imkanlarını artıracaq, hakimiyyətin üzərində ictimai nəzarəti gücləndirəcək”.
Bu fikirləri açıqlamasında ölkədə karantin rejiminin müddəti və pandemiyadan sonra yaranacaq siyasi-iqtisdadi vəziyyəti şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Öncə karantin rejiminin müddətinə münasibət bildirən İqbal Ağazadə bildirib ki, bu məsələ barəsində son sözü real vəziyyətlə bağlı bütün informasiyaların toplandığı Operativ Qərargah deyəcək:“Buna cavab vermək üçün ən azı Operativ Qərargahda toplanmış məlumatlardan xəbərdar olmaq lazımdır. Yoluxmanın faizi nə qədərdir, azalma, yaxud da artım göstəriciləri necədir, indiki mərhələdə dinamika necə inkişaf edir, ölkə iqtisadiyyatı və insan sağlamlığı üçün hansı risklər var? Bütün bu sualların cavabı Operativ Qərargahdadır.
Hər halda, insanlara və iqtisadiyyata ziyan vuran bu vəziyyətin davamlı olmasını hökumət də istəməz. Digər tərəfdən, karantin müddəti uzandıqca, hökumətdən narazı düşən insanların da sayı artır. Hökumətin vəziyyətini ağırlaşdıran əsas məqamlardan biri də ölkədə işsizliyin real səviyyəsi və başqa vacib sahələrə aid statistikanın reallıqdan uzaq olmasının ortaya çıxmasıdır. Bütün bunlar hökumətə əlavə problemlər yaradır”.
Partiya sədri hesab edir ki, karantin dönəmindən sonra dünyanın bütün ölkələrində, o cümlədən, Azərbaycan iqtisadiyyatında müəyyən ağrılı proseslər baş verəcək:
“Karantin rejimindən sonra ortada olacaq siyasi və iqtisadi vəziyyətin hansı şəkil alacağını indidən proqnozlaşdırmaq qismən mümkündür. Vəziyyət sadə olmayacaq. Azərbaycanda bu son iki ayda iflic olmuş sektorlar var. Ümumi yanaşsaq, az qala bütün sektorlar demək olar, iflic vəziyyətinə düşüb.
Yenidənqurma və bərpa, o cümlədən də insanların indiki psixoz vəziyyətdən çıxması üçün müəyyən zaman lazımdır. Karantin rejimi aradan qaldırılandan sonra insanların içindəki qorxu-təşviş hələ bir müddət davam edəcək.
Hazırda ABŞ-da koronavirusun ikinci dalğası başlayıb. Noyabrda yeni bir dalğanın olacağı barədə danışırlar. Ona görə də, iqtisadiyyatın çökmüş sahələrini, xüsusilə, pandemiyadan zərər görmüş sahələrini bərpa etmək o qədər də asan olmayacaq. İndi hökumət sahibkarlara işçilərin ixtisar edilməməsini tapşırır. Lakin karantin bitəndən sonra işçilərin də ixtisarı başlayacaq, sahibkarlar daha ucuz işçi qüvvəsindən istifadə etmək istəyəcəklər. Belə insanların sayı çoxdur.
İnsanların əməkhaqqı və gəlirləri azalacaq, bu fonda işsizliyin səviyyəsi artacaq. Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın önəmli sahələrinə ciddi təsir göstərəcək. İnvestisiya layihələrinə kapital qoyuluşu əhəmiyyətli dərəcədə azalacaq. Bunun nəticəsi olaraq, tenderlərdə itirak edən şirkətlərin dövlətə ödədikləri vergi azalacaq, işçilərin ixtisarı üçün zəmin yaranacaq. Bunu da nəzərə almaq lazımdır”.
İqbal Ağazadənin fikrincə, bəşəriyyət postpandemiya dönəmində yeni dövrə qədəm qoyacaq: “Bu gün siyasəti diqtə edən yalnız idarəetmə formaları – avtoritar, demokratik – yox, daha çox iqtisadi şərtlərdir. Siyasətin xammalı insan olduğuna görə onun həyat şəraitinə təsir edən iqtisadi vəziyyət hökmən siyasətə bir dinamika, baxış gətirəcək.
O baxımdan, hesab edirəm ki, yeni düzənin yaranması qaçılmazdır. Qloballaşma dünyada hakim mövqəyə çıxacaq. Çindən başlayan bir virus bütün dünyanı sarsıda və bu qədər hökm edə bilirsə, harada yaşamasından asılı olmayaraq, insanları ağır vəziyyətə salırsa, deməli, vəziyyət belə qala bilməz.
“Bu, mənim ölkəmdir, burada bildiyim kimi yaşayıram” tezisinin yalnışlığını, ona bənzər tezislərin tədricən sıradan çıxacağını, qloballaşan dünya anlayışının daha aktual olduğunu və hər kəsin bunu qəbul etmək məcburiyyətində qaldığını hər bir ölkəyə diqtə edəcəklər və həm də bu zaman haqlı olacaqlar.
Hesab edirəm ki, dünya postpandemiya dönəmində yeni dövrə qədəm qoyacaq, dəngələr və düzənlər dəyişəcək. Dünənə qədər gur-gur guruldayan Belarus prezidenti Lukaşenko əhaliyə “pəncərələrinizi açın, torpaqda işləyin, yeri gəlsə, borşla 200 qram araq vurun”, – deyirdi. İndi o Lukaşenko dünyaya yalvarır ki, Belarusa kömək edin.
Putin bildirirdi ki, Rusiya bu bəladan qurtula bildi. Ancaq bu gün koronavirusla bağlı ən acınacaqlı vəziyyətin hökm sürdüyü ölkələrdən biri Rusiyadır. Dünyada baş verənlər əlbəttə ki, Azərbaycana da təsirsiz ötüşməyəcək”.
Azərbaycanda pandemiya dönəmindən sonrakı siyasi vəziyyətlə bağlı partiya sədrinin təxminləri belədir: “İnsandan kənarda siyasət yoxdur. Narazı insanların sayı çoxaldıqca, müxalifətin etiraz və təsir etmək imkanları genişlənəcək, daha çox elektorat toplayacaq. Elektoratın genişlənməsi müxalifətin təsir imkanlarını artıracaq, hakimiyyətin üzərində ictimai nəzarəti gücləndirəcək. Bununla belə, nəticəni indidən proqnozlaşdırmaq çətindir. Ancaq qeyd etdiyim proseslərin baş verəcəyi şəksizdir”.
Bizimxeber.az