“Məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq”
"Ölkədə güclü məhkəmə hakimiyyəti qurmadan, ölkədə qanunun aliliyini bərpa etmək çox çətin məsələdir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb. Parlament müxalifətinin təmsilçisi yaz sessiyasının yekunları, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, islahatlar prosesi və digər məsələlərlə bağlı maraqlı fikirlər söyləyib, həmçinin ölkədə inkişafı əngəlləyən maneələrin aradan qaldırılması istiqamətində konkret təkliflərini irəli sürüb.
- Qüdrət bəy, Milli Məclisin yaz sessiyası artıq geridə qalıb və hazırda növbədənkənar sessiya öz işini davam etdirir. Parlament müxalifətinin təmsilçisi kimi, Sahibə Qafarovanın sədrliyini necə dəyərləndirirsiniz? Hər halda, deputatlıq fəaliyyətiniz dövründə ilk dəfə idi ki, xanım spikerin rəhbərlik etdiyi parlamentdə təmsil olunursuz. Bu mənada fikirləriniz maraqlıdır.
- Sahibə xanımın seçilməsindən sonra həm Milli Məclis Aparatında xeyli dəyişikliklər edilib, struktur və kadr islahatları həyata keçirilib. Ümid edirəm ki, biz bunun müsbət nəticələrini hiss edəcəyik. Eyni zamanda biz yaz sessiyası dövründə çox ciddi qanun layihələrini müzakirə etmişik. Bilirsiniz ki, növbədənkənar seçkilər olduğuna görə biz yaz sessiyasını tam işləyə bilməmişik. Amma ümid edirəm ki, payız sessiyası daha işgüzar şəraitdə keçəcək və xüsusilə də islahatların dərinləşdirilməsi istiqamətində - istər məhkəmə-hüquq islahatlarının, istərsə də iqtisadi və siyasi sahədə islahatların aparılması istiqamətində çox mühüm qanun layihələrini qəbul edəcəyik.
- Ölkədə koronavirus pandemiyası ilə mübarizə davam edir. Düzdür, bir çoxları təhlükənin ötüb keçdiyini zənn edirdi, amma görünən budur ki, hələ ciddi risklər var. Karantin rejimi yumşalsa da, sonradan yenidən sərtləşdirmə ilə bağlı qərarlar verildi. Bu situasiyanı necə şərh edə bilərsiniz?
- Ümumən ölkəmiz bu mübarizədən üzüağ çıxdı. Həm yoluxanların, həm dünyasını dəyişənlərin sayı az oldu. Dövlət vaxtında insanların bir-birindən təcrid olunması istiqamətində zəruri addımlar atdı. Bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin də qiyməti kəskin şəkildə aşağı düşüb. Büdcədə neftin qiyməti 55 dollar götürülmüşdü, Brent markalı neftin bugünkü qiyməti 30 dollardan yuxarıdır. Bu, onu göstərir ki, bizim xeyli dərəcədə büdcə kəsirimiz olacaq. Biz müəyyən xərcləri ixtisar etmək zorunda qalacağıq. Yaxud Neft Fondundan büdcəyə daha çox vəsait yönəltməli olacağıq. Ona görə də belə bir vəziyyətdə bizim uzun müddət karantin rejimini saxlamağımız mümkünsüz idi. Həm də açıq deyim ki, karantin rejiminin iki aydan artıq müddətdə davam etməsi başqa fəsadlara da səbəb ola bilərdi. Bizim üçün təkcə insanların fiziki sağlamlığı əsas deyil, həm də onların əqli-psixoloji durumunun qaydasında olması lazımdır. İnsanların üzünə qapını bağlayıb saxlamaq, belə bir vəziyyət insanların psixikasına öz mənfi təsirini göstərə bilərdi. Ona görə də müəyyən zaman kəsimi üçün müəyyən yumşalmalara gedilməsi zərurət idi, bundan qaçmaq mümkün deyildi. Bu mənada hökumət haqlı olaraq yumşalma qərarları verdi. Amma son vaxtlar biz görürük ki, yoluxanların sayı artır. Xüsusilə xaricdən gətirilən Azərbaycan vətəndaşlarının hesabına. Xaricdə, xüsusilə də Rusiyada qalan vətəndaşlarımız ölkəyə gətirilir və onların arasında yoluxanların sayı çoxdur. Düşünürəm ki, kütləvi tədbirlərin keçirilməsinə, yas, toy mərasimlərinin keçirilməsinə bundan sonra da qadağa qoyulmalıdır. Şəraitdən asılı olaraq, Nazirlər Kabineti qərar qəbul etməlidir. İndidən heç kim deyə bilməz ki, bu vəziyyət nə qədər davam edəcək. Hamı deyir ki, virusun ikinci dalğası baş qaldıra bilər. Bu halda, hətta başqa məhdudiyyətlərin tətbiqinə ehtiyac yarana bilər. Bu, real vəziyyətdən asılı olacaq.
- Qüdrət bəy, karantin dövründə korrupsiyalaşmış məmurların həbsi geniş rezonans doğurdu, xeyli müzakirə edildi. Orta çıxan qənaət bu oldu ki, ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizədə prinsipial mövqeyinin qarşılığında yenə də məmurlar hətta kasıbın çörəyinə əl uzadırlar. Bu kimi halların səbəbi nədir, sizcə?
- Əvvəla, qeyd edim ki, cinayətkarlığa qarşı mübarizəni sərtləşdirməklə və cəza tədbirlərini ağırlaşdırmaqla rüşvətxorluğu, korrupsiyanı səngitmək olar. Amma bunun kökünü qazıyıb çıxarmaq üçün həmin cinayəti doğuran səbəb və şərait aradan qaldırılmalıdır. İlk növbədə - bu, qaçılmazdır, əgər korrupsiyaya qarşı mübarizə aparmaq istəyiriksə, bu addımları atmalıyıq - əvvəla, dövlət məmurlarının sayı azaldılmalıdır... Bizdə dövlət aparatı həddindən artıq şişib. Biz məmurlara yüksək maaş verə bilmirik. Ona görə də onlar hamısı çalışır ki, hansısa formada, bəzi hallarda hətta qanunsuz yollarla əlavə qazanc əldə etsinlər. Bu da sözsüz ki, sadə insanların hesabına baş verir və ona görə də narazılığı artırır. Dediyim kimi, məmurların sayı kəskin şəkildə azaldılmalıdır, ilkin mərhələdə ən azı 30 faiz ixtisar aparılmalıdır. İxtisara salınan məmurların pulları digər məmurların əməkhaqqının artırılmasına yönəldilməlidir, hələ üstünə də əlavələr edilməlidir. Yəni məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq. Az bir insan olar ki, oğurlamasın. Oğurladığının bir hissəsini də nəzarətedici funksiyaları yerinə yetirən vəzifəli şəxslərə verəcək. Ona görə ki, onların da maaşı azdır, onların da pula ehtiyacı var. Beləliklə də bu zəncirvari reaksiya davam edəcək. Deməli, həm məmurların sayı azaldılmalı, həm də onların maaşı artırılmalıdır. Üçüncüsü, yerlərdə sakinlər yerli dövlət, hakimiyyət orqanlarının formalaşdırılması prosesində iştirak etməlidirlər. Ona görə də mən deyirdim ki, bələdiyyələrə yerli dövlət, hakimiyyət orqanları statusu verilməlidir. İndi bələdiyyələr yerli özünüidarə orqanıdır, o, dövlət, hakimiyyət orqanı sayılmır. Yerli dövlət hakimiyyəti orqanı olmalıdır və icra başçılarının səlahiyyətlərinin mütləq əksəriyyəti əllərindən alınmalıdır, verilməlidir yerli dövlət hakimiyyət orqanlarına. İndi icra başçısı yalnız Prezident qarşısında məsuliyyət daşıyır, xalq qarşısında məsuliyyət daşımır. Düzdür, Prezident deyir ki, xalqın sizə münasibətinə uyğun olaraq mən sizə münasibət bəsləyəcəyəm, fəaliyyətinizi qiymətləndirəcəyəm. Yenə deyirəm, onların xalq qarşısında heç bir öhdəliyi yoxdur. Amma yerlərdə bələdiyyə sədrlərini xalq seçsə, onlar birbaşa yerli sakinlər qarşısında məsuliyyət daşıyacaqlar.
- Məntiqlə siz növbədənkənar bələdiyyə seçkilərini təklif edirsiniz, eləmi?
- Bəli. Bu islahatlar olsa, biz birinci konstitusiyanı dəyişməliyik. Ona görə ki, konstitusiyada bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi nəzərdə tutulub. Necə ki, sovet dövründə rayon sovetləri və rayon icraiyyə komitələri var idi... Yəni rayon sovetləri rayon əhalisi tərəfindən seçilirdi, həmin sovetin iclasında da icraiyyə komitəsi formalaşdırılırdı. Birinci katiblər isə sanki onlara nəzarət funksiyasını yerinə yetirirdi. Bizdə də konstitusiyanın qorunmasına nəzarət funksiyasını icra hakimiyyəti başçıları yerinə yetirməlidir. Amma qalan bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir. Eynilə Türkiyədəki kimi. Türkiyədə valilərin səlahiyyəti nədirsə, bizdə də icra başçılarının səlahiyyəti o olmalıdır. Amma əsas səlahiyyət bələdiyyələrdə olmalıdır, onu da xalq seçməlidir. Bir neçə dəfə demişəm, ABŞ-da hətta polis rəislərini - şerifləri də xalq seçir. Çünki həmin şəxslər təhlükəsizliyə cavab verirlər. Odur ki, bizdə də ilk növbədə yerli sakinlər yerli dövlət hakimiyyəti orqanlarının formalaşması prosesində yaxından iştirak etməlidir. Rüşvətxorluğun, korrupsiyanın qarşısını almağın növbəti yolu bundan ibarətdir. Bunun ardınca isə ölkədə ciddi məhkəmə-hüquq islahatları həyata keçirilməlidir. Bizdə məhkəmələrin, hakimlərin müstəqilliyini təmin etmək üçün hakimlər yalnız cinayət törətdikdə, onlar məsuliyyətə cəlb olunub vəzifəsindən uzaqlaşdırıla bilərlər. Yəni indiki kimi, intizam məsuliyyətinə cəlb etməklə, hakimi işdən çıxartmaq olmaz. Həmçinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən ibarət tərkibdə formalaşmalıdır. İndi ədliyyə naziri, hökumətin bir üzvü gəlib dövlət hakimiyyətinin müstəqil qanadı olan məhkəmələrin özünüidarə orqanının başında durmamalıdır. Yəni Məhkəmə-Hüquq Şurasının sədri olmamalıdır. Eyni zamanda, hakimlər də özlərini Ədliyyə Nazirliyinin işçiləri kimi hiss etməməlidir. Mülkiyyətin toxunulmazlığına və rayonlarda qanunvericiliyin aliliyinin təmin olunmasına əsas təminat verən orqan məhkəmələrdir. Biz Biləsuvarda gördük, rəsmi mətbuat da yazdı ki, nə qədər fermerin torpağı məhz məhkəmələrin əli ilə alınıb, başqalarına verilib. Yəni ölkədə güclü məhkəmə hakimiyyəti qurmadan, ölkədə qanunun aliliyini bərpa etmək çox çətin məsələdir. Bu istiqamətdə də işlər görülməlidir.
- Vaxtaşırı xaricdəki vəsaitlərimizin ölkəyə gətirilməsi təşəbbüsü ilə çıxış etmisiniz. İndiki iqtisadi çətinliklərin mövcudluğu şəraitində bununla bağlı nə deyə bilərsiniz? Digər tərəfdən, həbs olunan məmurlarla bağlı yayımlanan kadrlardan da aydın oldu ki, əllərdə böyük pullar cəmlənib və onlar hər hansı bir sahəyə, tutaq ki, hansısa müəssisələrin tikilməsinə yönəldilməyib, ölü vəsait kimi qalıb. Həmçinin maliyyə amnistiyasının verilməsi təklifinə yanaşmanız maraqlıdır.
- Təbii ki, bunun ardınca ölkədə ciddi iqtisadi islahatlar da həyata keçirilməlidir. Kompleks islahatların tərkib hissəsi kimi maliyyə amnistiyasının verilməsi özünü doğrulda bilər. Amma məhkəmə islahatları həyata keçirilməyəcəksə, heç kim pulunu Azərbaycana gətirməyəcək. Əgər bilirsə ki, sonradan o pulu tutub onun əlindən alacaqlar, o pulu bura gətirməyəcək. Elə buna görə də bu pulları buradan xaricə qaçırdıblar. Niyə o məmurlar korrupsiya yolu ilə topladıqları pulların hesabına burada iş yerləri, müəssisələr açmayıblar, gedib Şərqi Avropa ölkələrində, ofşorlarda, banklarda dövr etdirirlər, amma burda emal, yüngül sənaye müəssisələri qurmadılar, xidmət sahələri yaratmadılar? Qorxdular ki, sabah tutub əllərindən alacaqlar. Ona görə də amnistiyanın verilməsi heç nəyi dəyişməyəcək.
- Bəs elə isə nədən başlamaq lazımdır?
- Birinci növbədə mülkiyyətə təminat verilməlidir. Bu təminatı da məhkəmə verə bilər. Yalnız islahatlardan sonra bu addım atılmalıdır. İnsanlar inanmalıdır ki, onun pulu təhlükəsiz bir bölgəyə, kapitalın təhlükəsizliyinə təminat verən məhkəmə-ədliyyə sisteminin olduğu bir ölkəyə gəlib girir. O olmasa, heç kim o pulu geri qaytarmayacaq, nə qədər amnistiya verirsən ver. Söhbət ondan getmir ki, ondan soruşacaqlar, bu pul səndə haradandır? Söhbət ondan gedir ki, o, gətirdiyi əmlakı burada qoruya biləcəkmi? Ona görə də bu addım özünü doğrultmayacaq. Ona görə də kompleks tədbirlər həyata keçiriləcəyi təqdirdə və ikincisi, biznes mühiti üçün əlverişli şərait yaradılacağı təqdirdə, indiki himayəçilik, proteksanizm aradan qaldırılmayana qədər, təbii inhisarçılığa son qoyulmayana qədər... Dövlətin tabeliyində olan iri şirkətləri parçalayıb özəlləşdirmək lazımdır, yaxud uzun müddətə idarəetməyə verilməlidir. Rəqabət mühiti yaradılmalıdır. Bizdə niyə qiymətlər belə bahadır? Ona görə ki, o sahədə fəaliyyət göstərən alternativ özəl şirkətlər yoxdur. Ona görə də inhisarçılığa son qoyulmalıdır. Dövlət əmlakı ciddi şəkildə özəlləşdirməyə çıxarılmalıdır, biznes üçün əlverişli mühit təmin olunmalıdır.