Bildiyimiz kimi, 2000-ci ildən Azərbaycanın Baş prokuroru vəzifəsini icra edən Zakir Qaralov bu ilin aprel ayında tutduğu vəzifədən ayrılıb və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev gətirilib.
Yeni Baş prokuror vəzifədə olduğu qısa müddətdə bir çox rayonun prokurorlarını və onların müavinlərini tutduqları vəzifədən azad edib, yerlərini dəyişib və yenilərini təyin edib. Prokuror dəyişiklikləri paytaxt Bakının bəzi rayonlarını da əhatə edib.
Qeyd edək ki, hazırda Bakının ayrı-ayrı rayonlarında prokuror və prokuror müavini olan şəxslərin bir-çoxu Azərbaycanda yüksək vəzifə daşımış və hazırda da yüksək vəzifələrdə olan məşhur şəxslərin övladlarıdır.
Bakı şəhər prokurorunun müavini Mehman Qocayev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq vitse-prezidenti, Binəqədi rayon İcra Hakimiyyətinin keçmiş, Samux rayon İcra Hakimiyyətinin isə hazırkı başçısı Alı Qocayevin oğlu, Milli Məclisin sabiq sədri və hazırkı deputat Oktay Əsədovun kürəkənidir.
Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifəsində çalışmış, həmçinin IV və V Çağırış Milli Məclisinin deputatı olan Çingiz Qənizadənin oğludur.
Xəzər rayon prokuroru Fəxri Ələsgərov Bakı Dövlət Universitetinin sabiq rektoru, Milli Məclisin keçmiş sədri, professor Murtuz Ələsgərovun oğlu, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun qardaşıdır.
Qaradağ rayon prokuroru Zəfər Əhmədov 1992-94-cü illərdə Baş nazirin müavini olmuş, hazırda Milli Məclisin deputatı olan Vahid Əhmədovun oğludur.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun atası Əli Nurəlibəyov dövlət qulluğunda çalışır və 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilb.
Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov sabiq Daxili İşlər naziri Ramil Usubovun qardaşı oğlu və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yasamal şöbəsinin sabiq rəisi Mütəllim Usubovun oğludur.
Nəsimi rayon prokuroru Həsən Hənifəyev Azərbaycan SSR zamanında yüksək vəzifədə çalışmış, sabiq millət vəkili Xudaverdi Hənifəyevin oğludur.
Nizami rayon prokuroru Pərviz İbayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin tanınmış hakimlərindən olan Mansur İbayevin oğludur.
Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Sovetinin (3, 5, 6, 8 və 10-cu çağırış) deputatı olmuş məşhur mühəndis Əliş Ləmbəranskinin nəvəsidir.
Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev AzTV-nin sabiq sədri, keçmiş millət vəkili Nizami Xudiyevin oğludur.
Səbail rayon prokuroru Natiq Əsədov 1990-91-ci illərdə Azərbaycanın Daxili işlər naziri olan və 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olan Məhəmməd Əsədovun oğludur.
Səbail rayon prokurorunun müavini Orxan Nuriyev Baş Prokuror Kamran Əliyevin kürəkəni və Azərbaycan Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur. Məlumat üçün qeyd edək ki, Orxan Nuriyevin adı hal-hazırda Baş Prokurorluğun rəsmi veb-səhifəsində Səbail rayon prokurorunun müavini olaraq qeyd olunub. Lakin, mətbuatda yer alan məlumatlarda göstərilir ki, Orxan Nuriyevin DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.
Suraxanı rayon prokuroru Rəşid Mahmudov keçmiş “Kommunist” qəzetinin baş redaktoru, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, həmçinin Azərbaycan Jurnalistlər İttifaqının sədri, SSRİ Jurnalistlər İttifaqının katibi olmuş Rəşid Mahmudovun nəvəsi, həmçinin Baş Prokurorluğun Kadrlar İdarəsinin sabiq rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Bəhruz Mahmudov oğludur./yeniavaz.com/