Bakı şəhər, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon ərazisindəki obyektləri, vəzifəsindən sui-istifadə edərək topladığı varidat, qanunsuz torpaq satışı və bu qəbildən olan digər əməlləri barədə mətbuatda çox yazılıb.
Düşünmək olardı ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərt xarakter aldığı, icra başçılarının bir-birinin ardınca həbs olunduğu bir vaxtda A.Qasımov bir qədər qorxuya düşəcək və Nizami rayon ərazisi ilə öz dədə-baba mülkü kimi davranması hallarına son qoyacaq.
Ümumiyyətlə, A.Qasımov o icra başçılarındandır ki, həbsi gözlənilən rayon rəhbərləri sırasında onun adı ön sıralarda çəkilir. Lakin Qasımov cənabları hələ də taxtındadır və hələ də obyektlərinin sayını artırmaqla məşğul olur. Özü də o, ilin-günün bu vaxtında bir qədər də irəli gedərək Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Leyla Əliyevanın təşəbbüsü ilə İDEA İctimai Birliyi tərəfindən icra olunan layihə çərşivəsində abadlaşdırılmış həyətin ərazisinə göz dikir.
Ötən ilin dekabr ayında sakinlərin istifadəsinə verilmiş həyət Məmmədəli Şərifli küçəsində – “Kəndimiz” restoranının qarşısında yerləşir. “Bizim həyət” adlanan layihənin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan sözügedən həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb.
Həyətin açılışında şəxsən Leyla Əliyevanın özü iştirak edib. Lakin çox təəssüf ki, rayonun icra başçısı Arif Qasımov bu ərazini sakinlərə çox gördü. Açılış mərasimindən sonra həmin abadlaşdırılmış yeni həyətdə restoran tikintisinə başladı. Nəticədə həyətin kifayət qədər geniş ərazisi zəpt olundu, yeni salınmış ağaclar yerindən çıxarılaraq zibilliklərə daşındı və beləliklə də uşaqların oynamasına, əylənməsinə maneə yaradıldı.
İndi təsəvvür edin ki, bu adam heç nədən çəkinmir. Leyla Əliyevanın abadlaşdırdığı və sakinlərin istifadəsinə verdiyi həyətdə də obyek tikir, öz varidatını genişləndirir. Əgər məsləhət və uyğun olsaydı elə layihədə iaişə obyekti inşa olunardı. Deməli uyğun gəlməyib, yaşayış binalarının düz qarşısında restoran tikilməsi məsləhət bilinməyib. Ərazi başdan ayağa sakinlərin ixtiyarına verilib. Amma Arif Qasımov açılışdan dərhal sonra parkda restoran tikməyə başladı. Bu obyekt sakinlərə, uşaqların oynamasına mane olur.
Dərdimizi kimə deyiriksə eşitdiyimiz o olur ki, həmin obyekt Arif Qasımovun oğlunundur. Başa düşmürük, dövlətin torpaqları ilə niyə dədə-baba malı kimi davranırlar? Saya gəlməyəsi qədər restoranları var, bizim həyətə niyə göz dikirlər?
/pia.az/