“Rusiyada koronavirus testlərinin qiyməti 10, Türkiyədə 15-25, Azərbaycanda isə 100-130 manatdır” – ASLAN İSMAYILOV
“Bunun adı acgözlük yox, xalqa, dövlətə xəyanətdir, bu dönəmdə də qazanc güdmək, acgözlük göstərmək həyasızlıqdır!”
“Dəfələrlə ölkədə keçirilən koronavirus testlərinin qiymətləri ilə bağlı fikir bildirmişəm. Bugünlərdə bir araşdırma apardım. Rusiyada bu testlər bizim pulla təxminən, 10 manat, Türkiyədə isə 15-25 manat arasıdır (Hava limanında 16 $, xəstəxanalarda isə 11 $-dır). Azərbaycanda isə bu testlərin keçirilməsi 100-130 manatdır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.
Hüquqşünas hesab edir ki, bunun adı acgözlük yox, xalqa, dövlətə xəyanətdir: “Bu dönəmdə də qazanc güdmək, acgözlük göstərmək həyasızlıqdır! Onsuz da bu səhiyyə bizi talan edib, insanlarımızı şikəst edib, Allahın ümidinə buraxıb. Varlılar müalicə üçün Avropa, ABŞ-a, ortabablar Türkiyəyə, İrana gediblər, kasıblar isə sadəcə ölümlə üz-üzə buraxılıblar. İllərdir səhiyyədə olan vəzifəlilər, işbazlar milyardlar talayıblar. DTX-nın (Dövlət Təhlükəsizlik Xidməti-red.) əsl getməli yerləri də məhz oradır. Hakimiyyətdəkilərdən bir daha xahiş edirəm ki, əgər bu işlərə bu gün də şərik deyillərsə, bu biabırçılığı təcili aradan qaldırsınlar. Testlərdə, dərmanlarda nəfsini saxlaya bilməyib qazanc güdən acgözləri bu sahədən uzaqlaşdırsınlar. Bu hal uzun davam edə bilməz. Elə etməyin ki, sonra “daldan atılan daş topuğa dəyər” ifadəsini dönə-dönə təkrarlamayasınız”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org