İCRA MƏMURU 4 İLDİR MƏHKƏMƏ QƏTNAMƏSİNİ İCRA ETMƏYƏ NİYƏ QORXUR?
Rusiya Federasiyası, Moskva şəhərində yaşayan Rusiya vətəndaşı Əliyev Müşfiq Sərhad oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Bakı şəhərində üzləşdiyi problemlərlə əlaqədar olaraq müraciət ünvanlayıb. Müşfiq Əliyev 2008-ci ildə Bakı şəhərində mənzil almaq məqsədi ilə tikinti şirkətinə ödədiyi nə pulu,nə də mənzili ala bilmir. Artıq 11 il keçməsinə baxmayaraq Müşfiq Əliyev məhkəmələrdə süründürməçilik halları ilə üzləşdiyini bildirir. Onun "Təzadlar" qəzetinə höndərdiyi şikayəti olduqca düşündürücüdür...
"Təzadlar" Müşfiq Əliyevin müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:
Mən məcburam ki, öz hüquqlarımın müdafiə olunması üçün Sizlərə, hər iki dost ölkənin Prezidentlərinə və mətbuat vasitəsi ilə geniş ictimaiyyətə müraciət edim.
Sovetlər dövründən Azərbaycandan gəlmiş və hazırda Rusiyada yaşayan bir azərbaycanlı kimi, mən Rusya Federasiyasının tanınmış və nüfuzlu bir vətəndaşı olaraq bir neçə il əvvəl Sizə və Rusiyanın Azərbaycandakı səfiri cənab Vladimir Doroxinə müraciət edərək mənim qanuni əmlak maraqlarımın Azərbaycanda müdafiə olunmasını xahiş etmişdim. Çox təəssüf hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının bəzi kommersiya təşkilatı və vəzifəli şəxsləri tərəfindən məhz mənim işimlə bağlı bütün beynəlxalq müqavilələr, o cümlədən MDB dövlətləri arasında bağlanmış Minsk və Kişinyov konvensiyası pozulmuşdur.
Bir daha xatırlatmaq istədim ki, mən bir Rusiya vətəndaşı olaraq 2008-ci ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində 98 580 manat ödəməklə 2 mənzil əldə etmişdim. Sonuncu dəfə, 2013-cü ilin fevralında Azərbaycana gələndə öyrəndim ki, mənə mənzilləri satmış şəxslər barəsində ümumilikdə 201 epizod üzrə aldatmaya görə cinayət işi başlanmış və məhkəməyə göndərilmişdir.
Dələduzluq faktı üzrə mən də bir zəzərçəkən olaraq Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə rəsmi müqavilə bağladığım “Kamran B.Ə.” MMC barəsində müraciətlər etdim. Nəticədə AR Baş Prokurorluğundan bir neçə rəsmi cavab aldım ki, “İstintaq dövründə mənim ərizəm daxil olmadığına görə məni zərəçəkən şəxs kimi tanımaq mümkün olmamışdır.” Uzun müddət müraciətlərimə baxmayaraq mənim hüquqlarımın müdafiəsi üçün heç bir ölçü götürülmədi.
Azərbaycan Respublikasının Baş Prokurorluğu,Respublika qanunvericiliyini və beynəlxalq müqvilələrdən irəli gələn bütün normaları açıq formada pozur və beləliklə də dost ölkənin vətəndaşına hüquqi köməklikdən imtina edirdi. Mən Rusiya Federasiyasının vətəndaşı olaraq bu ölkədə işlədiyim və yaşadığım üçün Bakıda baş verən belə qanunpozuntularından xəbərsiz idim. Daxili İşlər Nazirliyinə təqdim etdiyim ərizə baxılması üçün Yasamal Rayon Polis idarəsinə göndərilsə də, hansı tədbirin görülməsi barədə bizə heç bir məlumat verilmirdi.
Bütün bu nəticəsiz qalan şikayətlərdən sonra 2013-cü ilin fevralında mən Yasamal rayon Məhkəməsinə aldığım mənzillərin mənə verilməsi ilə əlaqədar ərizəilə müraciət etmişdim. Lakin çox təəssüflər olsun ki, bütün məhkəmə instansiyaları mənim haqlı tələbimi rədd edərək bildirdilər ki, yalnız pul təzminatının ödənilməsi tələbini irəli sürə bilərəm. Yerli məhkəmələrin belə əsassız qətnamələr qəbul etməsi heç bir məntiqə və qanunvericiliyə uyğun gəlməsə də, lakin bu özbaşnalıq “Şaiq MTK” şirkətində yüksək dövlət vəzifələri tutan şəxslərin sifarişi altında həyata keçirilirdi. Beləliklə də AR-da yüksək dövlət postları tutan nümayəndələr öz əməllərilə dövlətin nüfuzunə ciddi xələl gətirirdilər.
Xatırlatmaq istərdim ki, 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin qət etdi hissəsində qeyd edilir: “İddia qismən təmin edilsin. Cavabdeh “Kamran B.Ə.” MMC-dən 98580 manat pul iddiaçı Əliyev Müşfiqin xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə və cavabdeh “Şaiq MTK”-ya münasibətdə təmin olunmasın.”
Azərbaycan Respublikasının rəsmi İnformasiya Agentliyi olan AZƏRTAC tərəfindən isə məhz bu məsləilə bağlı 15 oktyabr 2012-ci il tarixi məlumatında bildirilir: Bakı, 15 oktyabr (AZƏRTAC). “Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxslərinin MMC-nin payçılarının vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə 291 şəxsə təkrarən satmaqla külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunmuşdur. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilmiş, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur.”
Yəni, yerli məhkəmənin əsassız qətnamələrindən fərqli olaraq AZƏRTAC ın rəsmi məlumatından da görünür ki, “Kamran B.Ə.” MMC ilə mənim kimi mənzil müqaviləsi bağlamış 291 nəfər aldadılmış şəxsə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla tək məndən başqa onların pozulmuş hüquqları bərpa olunmuşdur. Mənimlə bağlı epizodda isə Məhkəmə yalnız “Kamran B.Ə” MMC-dən ( “Şaiq” MTK –nı “xilas etmək naminə”) 98 580 manatın mənim xeyrimə tutulmasını təmin edir.Bu qətnamə qanuni qüvvəyə minsə də çox təəssüfləndici haldır ki, 4 ildir ki, icra olunmur.Çünki, Ədliyyə Nazirliyinin yerli icra şöbəsi qətnamənin icrasını “Kamran B.Ə” MMC-nin varisi olan “Şaiq” MTK-ya yönəltməyə cürəti çatmır.
Özüm haqqında bildirmək istəyirəm ki, mən Rusiya Federasiyasında tibb Akademiyasını bitirmişəm və hal-hazırda Moskvada həkim-cərrah işləyirəm. Burada yaşadığım müddət ərzində Rusiya Elmlər Mərkəzində tibb elmləri namizədi adını almışam və dünya miqyasında tanınmış alimlərlə birgə çalışıram. Bir ziyalı olaraq istəyirdim ki, vətənim Azərbaycana qayıdıb ömrümün qalan hissəsini doğma xalqımın sağlamlığı keşiyində durum.
İndi mənim ümidim yalnız Sizlərədir, Cənab İlham Əliyevə və Vladimir Vladimiroviç Putinə!
Yuxarıda qeyd edilənləri nəzəzrə alaraq, Sizlərdən xahiş edirəm ki, Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və mənə dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz.
Sözügedən mənzillərin mübahisəsi 2013-cü ildən başlayıb və adıçəkilən “Kamran B.Ə” MMC-nin sədri həbs olunduqdan sonra binanın tikintisini “Şaiq” MTK davam etdirib. Hamıya məlum olduğu kimi “Şaiq”MTK “şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun 2017-ci ildə keçirilən məhkəməsində İsfəndiyar Axundov da məhkəmədə izahat vermişdir. İsfəndiyar Axundov zahat zamanı bildirmişdir ki, 2008-ci ilin əvvəllərində “Orxan” MMC təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub. Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və o, tikintidən uzaqlaşdırılıb. “Şaiq” MTK həmin binalarda tikinti işlərini davam etdirərək başa çatdırıb və hüquqları pozulmuş şəxslər mənzillərlə təmin edilib. Azər Quliyevin isə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilməsini İsfəndiyar Axundov sözügedən məhkəmədə xüsusilə vurğulayıb. Sual olunur. Bəs Müşfiq Əliyevə dəymiş zərər nə üçün ödənilməyib? Yasamal rayon Məhkəməsinin şübhəli qərarı nələrdən xəbər verir? Yasamal rayon İcra və Probasiya şöbəsi məhkəmə qərarını neçə illərdir niyə icra etmir?
AZAD