Azərbaycanda az qala qəpik-quruş müqabilində şirkət sahibi olanlar var. Onlar bəzən özləri də bilmədən yüz minlərlə, milyonlarla dövriyyəsi olan şirkətin başında dursalar da ehtiyac içində çabalayır və ya ortabab həyat yaşayırlar. Çünki bu sahiblik sadəcə kağız üstündədir, onlar şirkət yaradar-yaratmaz notariusda etibarnamə verərək səlahiyyətlərini başqasına ötürürlər. Amma gerçəklikdə həmin şirkətin sahiblərinin, ondan faydalananların kimliyini çox az adam bilmiş olur. Son bir neçə ildə dünyanın inkişaf etmiş ölkələri bununla, yəni benifisar sahibliklə mübarizə aparır, bu sahədə şəffaflığın təmin olunmasına çalışırlar.
"Turan” xəbər agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalının sözlərinə görə, benefisiar sahibliyi aşkar etmək çox qəlizdir. O, 2012-ci ilin iyulundan Azərbaycanda ümumiyyətlə şirkət sahibləri ilə bağlı məlumatların məxfi olduğunu yada salır: "Şirkətlər yaradıldıqda kimlərəsə idarə etməklə bağlı etibarnamə verilir. Çox vaxt idarə edən şəxslər özləri də yekun sahib olmurlar”.
H.Babalı bunu da vurğulayır ki, son zamanlar elektron qeydiyyat xeyli sadləşdirildiyindən saxta şirkətlərin yaradılması problemi daha da dərinləşib.
Azərbaycanda jurnalist araşdırmaları, mütəxəssis rəyləri bəzən belə şirkətlərin arxasında məmur və oliqarxların dayandığını deyir. Bu ayrı məsələ. Bəs Azərbaycanda "7 dəyirmanda bir ovuc dəni olmayanları” şirkət sahibi olmağa, məsuliyyəti boynuna götürməyə nə vadar edir? Onlar sonrakı aqibətlərini düşünürlərmi?
İmran Səfərov (ad şərtidir) Bakıdakı Dərnəgül bazarında fəaliyyət göstərən topdansatış şirkətlərindən birində çalışır. O həm mühasib, həm də şirkət sahibinin yaratdığı başqa bir şirkətin direktorudur. Buna görə ayda müəyyən məbləğ də alır.
"Bu dostlarımın işidir. Onların işinin yaxşı getməsi dolayı yolla mənim də işimə də təsir edir. Onlar ikinci, üçüncü şirkəti yaratmağa məcburdurlar. Daha çox mal gətirdikcə dövriyyə artır, bunu da gömrükdə, vergidə görürlər. Ona görə də başlayırlar araşdırmağa, nəsə tələb etməyə. Ancaq şirkətin dövriyyəsi az olanda dəyib-dolaşan da az olur”, - İmran Səfərov danışır.
O, bu məsələdə dostlarına "yox” deyə bilməyəcəyini də vurğulayır: "Mənə iş veriblər, əl tutublar. Necə "yox” deyim? Bilirəm ki, bu məsələdə mən ilişsəm məni vəziyyətdən çıxaracqlar”.
"İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı Arqument.az-a bu cür halların geniş yayıldığını deyir: "Məsələn, Zülfüqarlı qardaşlarının zavodlarının payçıların biri çoban idi, daha doğrusu, onun adına keçirmişdilər. Çoban özü jurnalistlərə demişdi ki, onun bu işlərdən xəbəri yoxdur. Sadəcə, şəxsiyyət vəsiqəsini alıb hansısa sənədlərə imza atdırıblar. Yəni orta satistik azərbaycanlılardan, yəni "qara” insanlardan istifadə edirlər”.
İqtisadçı sonradan həmin payçılara heç nə çatmadığını da deyir.
O, sadəcə "bəzi yazılmamış qayda-qanunlara görə” azərbaycanlıların səssizcə belə şirkətlərdə "direktorluq etdiyini” deyir: "Bu məsələdə Azərbaycanda tayfa başçılarının, imkan sahiblərinin ətrafındakı insanlardan istifadə olunur. AMAY şirkətinin rəhbəri həbs olunduqdan sonra şirkətdə çalışan 70-80 faizlik işçi heyətinin adına çox sayda kommersya banklarından uzun müddətli, 1-2 milyon dollarlıq kreditlər götürüldüyü məlum oldu. Bu proses eyni mərkəzdən idarə edilirdi. AMAY rəhbərliyi bu vəsaitləri idarə edirdi. Həmin işçilərdə şirkət rəhbrliyinin onları himayə edəcəyi ilə bağlı əminlik vardı. Onlar bilsə ki, məhkəmə qərarları ilə üz-üzə qalacaqlar, həbs olunacaqlar, inzibati məsuliyyətə cəlb olunacaqlar o halda bu addımı atmazlar. Onları himayə edənlərin həbs edilmək, qanunla üz-üzə qalmaq imkanları olmadığını bildikləri üçün buna razılaşırlar, oliqarx qohumlara arxayın olurlar, cinayətə sövq edilirlər”.
İmran Səfərovun da bəxti onda gətirib ki, tanıdığı adamlarla, özünün söylədiyinə görə dosrtlarıyla iş görür. Araşdrımaçı jurnalist Hafiz Babalı "bəzən belə şirkətlərdə "direktorluq” baha başa gəlir” deyir.
Onun sözlərinə görə, bəzən vergidən yayınmaq məqsədilə tələsik yaradılan bu cür şirkətlər az sonra bağlanır və kağız üzərində direktor olanlar məhkəmələrdə qalırlar: "Vergi orqanları məhkəməyə cəlb edirlər ki, borcunuz var, müəssisənin faktiki direktoru olaraq məsuliyyət daşıyırsız. Özü də o şəxslərdən istifadə edirlər ki, onların savadı aşağıdır, daha tez aldanırlar, üstəlik də ehtiyac içində yaşayırlar. Mən bu şirkətlərdən birinin sahibinin arxasınca Şirvan şəhərinə qədər getmişdim. O adam deyirdi ki, şirkətdən xəbəri yoxdur, sadəcə olaraq nəyəsə qol çəkib.
Elşad İbrəhimovun "direktoru olduğu” şirkət Bakı şəhər İcra Hakimiyyətinin yüz minlərlə dəyəri olan sifarişlərini yerinə yetirirmiş. Həmin şəxs isə Bakıda ofisiant işləyirmiş, yaxınlaşıb deyiblər ki, al bu 100 manatı, gedək notariusa. Adına şirkətlər açmışdılar, sonradan onu vergi orqanları məhkəməyə verdilər”.
Hafiz Babalının bir il öncə çap olunan həmin yazısında (yazı belə adlanır: "Eldar Əzizivun səssiz bayramları”) 27 yaşlı Elşad İbrəhimovun Şirvan şəhərindəki ucuq-sökük fəhlə yataqxanasında ikiotaqlı mənzildə valideynləri ilə yaşadığı, 2013-cü ildə narkotik istifadəsinə görə 1 il məhbus həyatı yaşadığı, ofisiant işləməklə birtəhər dolandığı deyilir.
Hafiz Babalı adına yüz minləri idarə edən şirkətlər olan gəncin 100 manat müqabilində məhkəməyə düşdüyünü, çarəsiz vəziyyətdə olduğunu, ancaq ona yardım edə bilmədiyini qeyd edir: "Mən jurnalistəm. Neyləyə bilərdim ki?..”
Araşdırmaçı jurnalist E.İbrəhimovun adına şirkət açan şəxsləri tapmağın mümkün olmadığını isə belə izah edir: "Səhrada yağış quma hopduğu kimi iz qoymadan itirlər. Onları tapmaq olmur, adları yoxdur, zəng etdikləri nömrələr aktiv deyil. Bu cür adamlar kifayət qədərdir və bəzi adamlar bundan milyonlar qazanırlar. Dövlət və ya özəl qurumların vasitəsilə bu cür yüzlərlə şirkət yaradılır”.
Hafiz Babalı bu şirkətlərin yaradılmasını "sistemin problemi” adlandırır: "Həmin şirkətlər idxal-ixrac əməliyyatlarında, dövlət satınalmalarında təchizatçı, mal göndərən, xidmət göstərən şirkət kimi iştirak edir və külli miqdarda vergidən yayınırlar. Məqsəd mal olmadan aparılan əməliyyatlar müqabilində vergidən yayınmaqdır. Həmin şirkətlərə cüzi məbləğ ödənir, vəsait nağdlaşdırılır. Bir müddət sonra isə fəaliyyətlərini dayandırırlar və dövlət büdcəsində borclar yığılıb qalır. Həmin şirkətlərin sahibi də guya Qubanın Alpan kəndində, Sabirabadın Suqovuşan kəndində yaradılan hansısa şəxsdir. Bəzən həmin şəxs o kənddə yaşamır, sadəcə qeydiyyat ünvanı lazım olur”.
O sual edir ki, necə olur qeydiyyat orqanı həmin ərazidə yerləşməyən subyekti qeydə alır və ya bir şəxsin adına eyni gündə bir neçə şirkət yaradılır və onlar bir ay sonra dövlət tenderlərində qalib gəlirlər?
Araşdırmaçı jurnalist bu məsələdə tender komissiyalarını da suçlayır. Onun sözlərinə görə, qanunvericiliyiə görə qalib şirkətin ixtisas uyğunluğu, kadr, maliyyə potensialının, maliyyə imkanlarının olub-olmadığı araşdırılmalıdır.
Hafiz Babalı bu məsələdə qanunun tələblərinə əməl edilmədiyini söyləyir.
Yeri gəlmişkən, bu günlərdə "World Bank HQ Washington, DC” şirkətinin keçmiş əməkdaşı Rəşad Əliyev "Facebook”da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin may ayında 5 tender keçirməsindən və 896.000 manatı 5 şirkətə "paylamasından” yazmışdı: "Tenderlərin hamısı may ayında keçirilir, hətta dördü eyni gündə baş tutur. Və sürpriz! Bu şirkətlərin hamısının hüquqi ünvanı eyni ərazidir. Hətta dörd şirkət tamamilə eyni ünvanda (Alatavada) yerləşir və hamısı da 2020-ci ilin fevral ayında yaradılıb.
Hətta təsadüfə baxın ki, şirkətlərdən ikisi EYNİ ünvanda, EYNİ gündə və EYNİ nizamnamə kapitalı ilə təsis edilib, biri 179.000, digəri 179.140 AZN-lik tender qalibi olub!
Təsəvvür edirsiz bu nə deməkdir? Düşünün, eyni gündə, eyni ünvanda yaradılmış iki müxtəlif şirkətin, eyni gündə eyni dövlət qurumundan eyni məbləğdə tenderlər udmaq ehtimalı neçə trilyonda birdir? Təsadüf ola bilər bu?”
Rəşad Əliyev qalib şirkətlərin qeydiyyatda olduğu Alatavadakı ünvanda çoxlu tender qalibi olan bir neçə başqa şirkətin də qeydiyyatda olduğunu ayrıca qeyd edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deyilənlərin həqiqəti əks etdirmədiyini, tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilmədiyini bəyan edib. Bildirilib ki, ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur.
"Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır”,- Komitədən deyilib.
Qurum bütün proseslerin onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirildiyini, qalib təşkilatlarla müqavilə bağlanıldığını, ancaq pandemiya ilə əlaqədar ölkədə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlərin keçirilmədiyinivə ödəniş həyata keçirmədiyini vurğulayıb.
Rəşad Əliyevsə birbaşa qoyulan suallara aydınlıq gətirilmədiyini iddia edir.
"Bəyəm görmürlərmi? Hansısa rayonda dünən yaradılmış şirkətdir, ona yüz milyonlar etibar edirlər, guya tədbir keçirəcəklər. O pullar sadəcə yemək, mənimsəmək üçündür. Bilmirəm o puldan Mübariz Qurbanlıya çatırmı ya Maliyyə Nazirliyinin otaqlarında bölüşdürülür? Amma Mübariz Qurbanlı da gözəl bilir ki, o pul niyə verilib, nə qədər "otkat”dır”, - H.Babalı sual edir.
O, bu günlərdə Nazirlər Kabinetinin qəbul etdiyi qərarı xatırladır: "Qərara görə bir şəxsin 5-dən çox şirkətdə direktor olması müəyyən edilibsə o şəxs və rəhbərlik etdiyi şirkətlər artıq riskli vergi ödəyicisi kateqoriyasına aid ediləcək. Mən jurnalist olaraq müşahidələrimə əsaslanıb deyə blərəm ki, son zamanlar bir qayda olaraq məhz bir şəxsin adına 5 şirkət açılır, ondan artığı yox. Qaydalarda isə 5-dən artığı qeyd olunur. Sanki yeni qayda pərdə arxasında olan şəxslərin diktəsi ilə hazırlanıb”.
Araşdırmaçı jurnalist hesab edir ki, bunun qarşısını almaqdan ötrü bəzi addımlar atılmalıdır. Məsələn, şirkətlərin ünvanları mənzillərə bağlı olmamalıdır, eləcə də onlar biznes mərkəzlərində qeydiyyatdan keçməlidir və orda onların icarə müqaviləsini təsdiqləyən sənəd tələb etməlidirlər.
"Bir icarə sahəsinə ikidən artıq şirkət buraxılmamamlıdır. Qanunvericilik tələb edir ki, dövlət satın almasında iştirak edən subyekt 50 faizdən artıq işi subpodratçıya verəcəksə o müqavilənin nüxsəsini tender komissiyasına təqdim etyməlidir. Bəzən işin nəinki 50, hətta 100 faizi subpodratçıya verilir. Buna heç kim nəzarət etmir. Buna İqtisadiyyat Nazirliyi, Hesablama Palatası nəzarət etməlidir”.
Yazı müəllifi bu iddialarla bağlı nə Dövlət Vergi Xidmətindən, nə İqtisadiyyat, nə Maliyyə Nazirliyindən, nə də Hesablama Palatasından açıqlama ala bilib. O adı çəkilən qurumların rəsmiləri ilə danışmağa, bəzilərinə yazılı məktub göndərərək cavab almağa çalışsa da, bu, mümkün olmayıb.