Paşinyanın bu dəfə Dağlıq Qarabağa səfər etməsi bizə də sərf edir: yəni onun real mənzərə ilə yerindəcə tanış olması daha yaxşıdır. Qoy, reallığı görsün və qorxsun!
Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, Paşinyan Ermənistan baş naziri olaraq Dağlıq Qarabağa vəziyyəti yerində öyrənmək üçün gəlib:
“Məsələyə konseptual yanaşsaq, görə bilərik ki, Azərbaycan əks-hücum əməliyyatı aparır və artıq mühüm nailiyyətlər əldə edib. Ermənistanın itkiləri isə gözləniləndən də çoxdur.
Rəsmi İrəvan hər zaman Azərbaycandan əks-hücum gözləyirdi, lakin bunu daha çox lokal bir müharibə kimi qiymətləndirirdi. Bu gün isə Azərbaycan cəbhənin bütün istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatı aparır. Rəsmi İrəvan itkiləri hər nə qədər gizlətsə də, real mənzərə onu göstərir ki, Ermənistan müharibəyə uzun müddət tab gətirməyəcək.
Əks-hücum əməliyyatları zamanı işğaldan azad edilən ərazilər, eyni zamanda məhv edilən düşməndən qalan texnikalar onu göstərir ki, Ermənistan ordusu heç də müharibə aparmaq gücündə deyil”.
