Laçın dəhlizi çox əhəmiyyətli strateji mövqedir. Bu mövqenin işğalçılardan təmizlənməsi, Azərbaycan ordusunun qalibiyyəti deməkdir. Bu dəhliz Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında, qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən hətta adi gözlə Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür. Laçın ərazisindəki yüksəkliklərdən birindən digərinə asan keçilən dağ keçidləri var. Bu keçidlər vasitəsilə hərbi manevr və ya hərbi yerdəyişmələri uğurla və asanlıqla həyata keçirmək olar. Təbii resurslarla zənginliyi də Laçın dəhlizinin əhəmiyyətini artırır. Təəssüf ki, 1992-ci ildən bu əhəmiyyətli dəhlizə nəzarət Erməni separatçıların əlindədir. Laçın dəhlizini Ermənistan üçün önəmli edən faktlardan biri İrəvan Xankəndi şose yoludur. İrəvan – Gorus – Laçın – Xankəndi şose yolu, Ermənistanı Qarabağa birləşdirən yeganə ən qısa yoldur ki, ilin bütün fəsillərində fasiləsiz olaraq fəaliyyət göstərə bilir.
Politoloq Sədrəddin Soltan Moderator.Az-a açıqlama verərək bu yolun ermənilər üçün olduqca əlverişli olduğunu bildirib:
“Bu yol vasitəsilə ermənilər təkcə Dağlıq Qarabağdakı erməni icmasının seperatist fəaliyyəti üçün hərbi, ərazq, yanacaq yardımları etmirdi. Həm də bu bağ Yerevanla Xankəndi arasındakı seperatçılar arasında bir bağdır. Bu Qarabağın perspektivdə hansısa formada tanınması üçün yardım eliyə bilər. Çünki başqa xarici ölkələrlə sərhədi olmayan ərazi müstəqil ola bilmir. Laçın koridoru olmayacağı halda Qarabağdakı istənilən separatçı rejim müstəqil dövlət ola bilməz. Çünki o bütün əhatəsində Azərbaycandır. Azərbaycan isə heç vaxt bu quruluşu nə qəbul edəcək, nə tanıyacaq” deyə bildirib.
Sədrəddin Soltan bildirib ki, Ermənistan keçən əsrin əvvəllərindən 1918-1920-ci illərdən də Laçın dəhlizinə sahib olmaq üçün mübarizə aparırdı. Lakin o zamanlarda bu ərazilərdə çoxlu sayda qırğınlar baş versə də, qanlar tökülsə də bu ərazilər ermənilərə təslim edilmədi:
“Laçın dəhlizi adi məsələ deyil. Laçın, Şuşa, Kəlbəcər, yəni bütün ərazilər Azərbaycan üçün doğmadır. Məsələn, Zəngilan, Füzuli, Cəbrayıl bu cənub ərazilərdəki sərhədboyu rayonların işğaldan azad edilməsi Azərbaycanın təhlükəsizliyi üçün Qarabağa o ərazilərdən müxtəlif yardımların gəlməsinin qarşısını almaq üçün nə qədər önəmlidirsə, Laçın dəhlizindən də Qarabağa erməni separatizmi üçün, terroçusu üçün gələn yardımın, hərbi yardımın və s. bütün yardımlar üçün mənəvi yardımın belə keçməsinin qarşısının alması üçün o dərəcədə mühüm və əhəmiyyətlidir”.
Hərbi ekspert, keçmiş birlik komandiri, general-leytenant Yaşar Aydəmirovun sözlərinə görə, müzəffər ordumuzun Laçın dəhlizinə tam nəzarəti Ermənistan tərəfinin məğlubiyyəti hesab oluna bilər:
“O koridor tam bağlanandan sonra, Azərbaycan əsgərinin ayağı ora dəyəndən sonra, onların yeganə çıxış yolları var ki, əllərini qaldırsınlar və təslim olsunlar. Hal-hazırda orda quş da uça bilmir. Azərbaycan oranı sözsüz ki, humanitar dəhliz edəcək. Yüngül silahlarını, ağır silahlarını qoyub, formalarını da çıxarıb gedəcəklər” - deyə hərbi ekspert bildirib.
İnanırıq ki, böyük strateji əhəmiyyətə malik Laçın dəhlizi tezliklə tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçəcək və digər işğaldan azad edilən rayon və kəndlərimiz kimi yeni zəfər tarixi ilə yaddaşlara həkk olacaq.