Dünyada COVID-19 pandemiyasının iqtisadi fəsadlarının artdığı bir vaxtda Fransa İslam dünyasının boykotu ilə qarşılaşıb. Müsəlman ölkələrinin böyük əksəriyyətində insanlar fransız məhsullarından imtina edirlər.
Fransa məhsullarının boykotu bu ölkənin Prezidenti Emmanuel Makronun oktyabrın 21-də İslama və onun Peyğəmbərinə qarşı təhqirlərlə bağlı bəyanatından sonra başlayıb. Fransa Prezidenti bədnam karikaturaların bundan sonra da dərc ediləcəyini bildirib.
E.Makronun bəyanatına cavab olaraq, İslam dünyasında Fransa məhsullarının boykotu kampaniyası başlayıb. Dünyada məşhur olan fransız brendləri –“President” və “La Vache Qui Rit” pendirləri, “Danone”, “Activia” və “Evian” süd və su məhsulları, “Peugeot” və “Citroen” avtomobilləri, “Tefal” və “Moulinex” elektronika-məişət əşyaları, habelə “L’Oréal”, “Garnier”, “Chloe”, “Chanel”, “Nina Ricci”, “Cartier”, “Lancôme”, “Lacoste”, “Louis Vuitton” şirkətlərinin geyim və ətriyyatı Yaxın Şərq və digər regionlarda mağazalardan yığışdırılır. “Carrefour” supermarketlər şəbəkəsi də 16 ölkədə bağlanıb. Misir, Qətər və Küveytdə fransız məhsullarının mağazaların rəflərindən yığışdırılması videoları sosial şəbəkələrdə yayılıb.
İqtisadiyyat üzrə ekspertlər bildirirlər ki, boykot kampaniyası fransız şirkətləri ilə yanaşı, geniş supermarketlər şəbəkəsi, enerji, müdafiə sənayesi, moda və ətriyyat sektorlarında onlarla şərik olan Yaxın Şərq firmalarını da böyük zərərə uğradacaq. Hələ 2005-ci ildə İslam dinini təhqir edən Niderland şirkətləri analoji kampaniya nəticəsində 20 faizdən çox zərərlə üzləşmişdi. (Azərtac)
Qeyd olunur ki, Fransa Yaxın Şərq ölkələrinə ən böyük taxıl ixracatçısıdır. Rəsmi rəqəmlərə görə, Əlcəzair fransız məhsullarını ən çox idxal edən 10, Mərakeş isə 17 ölkə sırasında yer alır. Ötən il bu müsəlman ölkələri Fransadan 2,1 milyard avro dəyərində məhsul idxal edib. Digər İslam ölkələri də fransız məhsullarının geniş istehlakçılarıdır.