Sağlam olmaq üçün gündə 10 min addım atmaq lazım gəldiyini çoxumuz eşitmişik. Bəs, bu rəqəmi ortaya çıxaran hər hansı araşdırma varmı?
Ağıllı telefonlar, pedometrlər və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən xeyli adam var.
Bu sayğacların səhv "saydığını" iddia edənlər də az deyil.
Amma hər iki tərəf razılaşır ki, göstərilən nəticələr insanın nə qədər aktiv olduğu haqqında ümumi təsəvvür yarada bilir.
Siz də gündə neçə addım atdığınızı bilmək istəyirsinizsə, bəzi proqramların maksimum həddinin 10 min olduğunu unutmayın.
- Həyatınızı yaxşılaşdırmaq istəyirsiz? Həyat hekayənizi redaktə edin
- Uzun və sağlam həyatın sirri bol karbohidrat və az zülaldırmı?
10 min rəqəmi hardan əmələ gəlib?
Düşünə bilərsiz ki, 10 min rəqəmi uzun sürən araşdırmaların nəticəsi olaraq ortaya çıxıb. Əslində isə bununla bağlı geniş miqyaslı hər hansı araşdırma yoxdur.10 min addım fikri 1964-cü ildəki Tokio Olimpiadasından əvvəl satışa pedometr (addım ölçən) çıxaran bir şirkətin kampaniyasından start götürüb.
İdeyanın bu günə qədər gəlib çatması kampaniyanın uğurlu olduğunu göstərir.
O dövrdən sonra aparılan araşdırmalarda 5 min, yoxsa 10 min addımın sağlamlığa daha faydalı olduğu müqayisə edilib və təbii olaraq daha çox addımın daha effektli olduğu aydınlaşıb.
Amma son dövrlərə qədər bu iki rəqəm arasındakı göstəricilər öyrənilməyib.
Harvard tibb fakültəsinin professoru I-Min Lee və onun komandası 70 yaşlarında olan 16 min qadın üzərində araşdırma apararaq gündəlik addım saylarıyla hər hansı səbəbdən ölüm ehtimalı arasındakı əlaqəni öyrənməyə çalışıb.
Qrupdakı qadınların hər biri bir həftə boyunca gündə neçə addım atdığını qeyd edən cihazla hərəkət edib.
Eksperimentdən təxminən 4 il 3 ay sonra qadınların 504-ü vəfat edib.
70 yaşdan sonrası üçün ideal rəqəm - 7500 addım
Sağ qalanların gündəlik orta addım sayı 5500 olub.Aşkar edilib ki, gündə 4000 min addım atmış qadınların həyatda qalma ehtimalı 2700 addım atanlarla müqayisədə xeyli çoxdur.
Bu nəticə "Nə qədər çox addım atılarsa, o qədər faydalı olar" fikrinin doğru olması qənaətini yarada bilər. Amma araşdırma göstərib ki, addım sayı ancaq bəlli bir həddə qədər sağlamlığa müsbət təsir edir. 7500-dən sonrakı addımlar ömrün uzanmasına səbəb olmur.
Amma araşdırmanın zəif tərəfi də var - 504 nəfərin ölüm səbəbinin xəstəlikdən əvvəlki addım sayıyla bağlı olub-olmadığı məlum deyil.
Araşdırmaya evdən çöldə də yeriyə bilənlər cəlb edilmişdi. Eksperiment iştirakçıları sağlamlıq səviyyələrini özləri dəyərləndirmişdilər. Bəziləri yeriyə biləcək qədər sağlam olduqlarını qeyd etsələr də, səhhətləri çox yeriməyə imkan vermirdi. Yəni mümkündür ki, onlar kifayət qədər sağlam olmadıqlarının fərqində deyildilər və normadan daha az addım atmışdılar.
Buna baxmayaraq araşdırma bu yaş qrupu üçün 7500 addımın kifayət etdiyini üzə çıxardı. Hərçənd daha çox yeriməyin bəzi xəstəliklərə qarşı profilaktika xarakteri daşıması ehtimalı da olmamış deyil.
Ola bilsin ki, daha çox addım atmış iştirakçılar həmişə aktiv həyat tərzi keçirmiş şəxslər olub və daha çox yaşamaları da bundan irəli gəlib. Ona görə də əlavə addımları hesablamaqla onların sağlamlığa tam olaraq hansı şəkildə fayda verdiyini hesablamaq asan deyil.
Psixoloji faktor
Optimal addım sayı həm də psixoloji baxımdan problem yaradır. Gündəlik 10 min addım norması çox yüksək hədəf olaraq bəzi insanları həvəsdən sala bilir.Üst-üstə bir neçə gün bu hədəfə çata bilməmək onların qanını qaraldır.
Ona görə də hədəfi azaltmaq psixoloji baxımdan daha həvəsləndirici vəziyyət yaradır.
Lakin hətta bu zaman da fasiləsiz olaraq addım sayına fokuslanmaq yeriməkdən zövq alamağa mane ola bilir.
ABŞ-ın Duke Universitetinin əməkdaşı, psixoloq Jordan Etkin aşkar edib ki, addımlarını sayan adamlar daha çox yeriyirlər, amma başqalarına nisbətən yeriməkdən daha az zövq alırlar, çünki bunu bir iş olaraq görürlər. Addımlarını saymayanlarla müqayisədə addımlarını sayanlar yeriməyi bitirəndən sonra özlərini daha az xoşbəxt hiss edirlər.
Addım saymaq ən sağlam insanlara da mənfi təsir göstərə bilir. Çünki daha çox yeriyə bildikləri halda, bəziləri 10 min addım hədəfinə çatmaqla kifayətlənirlər.
Bütün bunlardan hansı nəticəni çıxarmalıyıq?
Əgər addım saymaq sizə həvəsləndirirsə, addımlarınızı sayın, amma bunu da unutmayın ki, 10 min addım hədəfi hər hansı bir fayda vəd etmir.Sizə uyğun hədəfi özünüz müəyyənləşdirin.