Keçmiş baş prokuror Zakir Qaralov Fazil Məmmədovun, Əbülfəz Qarayevin və digər ziyanəvərlərin əməllərindən bixəbər idi?
Milyarddan az oğurlayan olmayıb, görəsən xudavəndi aləm kimlərin dualarını qəbul edib ki, biz hələ müstəqil yaşayırıq…
Ravilər belə nəql edirlər ki, miladdan çox-çox əvvəl şimal qonşular vaxt-bivaxt həmişə qədim Çinə hücum edib əllərindən gələni beş qaba çəkmişlər. Çin kəndlisi, şəhər sənətkarı kürreyi-ərzdə bəlkə yeganə bəndə idi ki, qoşqu heyvanı kimi başını aşağı salıb qımıldanmırdı. Ordu da çox nadir hallarda ölkəni qoruya bilirdi.
Nəhayət ağıllı imperatorların biri (onun adını çox yəqin ki, elm dəryası saydığım Fazil Mustafa cənabları bilir) məmləkətin müdriklərini bir yerə cəm edib, ümumi dərdə əlacın tapılmasını əmr edir. Xülasə, o müşkül qalmır ki, onu müzakirə etməsinlər. Hərə bir məsləhət verir, çıxış yolunu göstərir. Nəhayət neçə-neçə qərardan sonra bir məsələdə bütün məclis ümumi məxrəcə gəlir, bütün ölkə boyu hər yerdə minor musiqinin ifası qəti qadağan edilir. Dalbadal hərbi uğursuzluqla üzləşmiş xalqın evini yıxan, onu başaşağı yaşmağa sövq edən, inamını qıran iniltili, sızıltılı, “ah-ufla” dolu mahnılardır. Minor musiqi ilə xalq heç vaxt qəddini dikəltməyəcək.
…Beləliklə ölkə boyu düşük əyləncələr, insanların başını qatan, namus-qan qisasını unutdura bilən bazar tamaşaları da ləğv edildi.
Ölüm qorxusu altında ölkənin bütün sənətkarları, müğənnilərdən tutmuş rəssamlara qədər, hamı qatı millətçilik ruhunda əsərlər yaratmağa başladılar, məktəblərə də əl gəzdirildi, əsgərlər gündəlik hərbi təlimlərdən əlavə xüsusi təyin olunmuş natiqlərə də qulaq asmalı idilər. Üç ilin içində Çində elə bir ordu yarandı, cəmiyyətdə elə ab-hava dəyişildi ki, artıq heç bir təcavüzkar ölkə üçün təhlükəli deyildi. Mən başqa amilləri daha demirəm.
…Əsrlər, qərinələr ötdü, sülalələr bir-birilərini əvəz etdilər, min fəlakət, sarsıntı baş verdi, amma mənəvi təməl xalqı sınmağa qoymadı. …Çin indi dünya siyasətində hegemonluq edir. Vaxtilə mütamadiyən onun başında turp əkən etnosların, dövlətlərin izi-tozu da qalmayıb.
Ötənləri yada salaq
Keşiş-mason dünyası Moskva irticası ilə bir yerdə ideoloji təxribatın elə bir forması qalmadı ki, onu bu cəfakeş torpaqda tətbiq etməsinlər. Qarabağda heç kimin yuxusuna girməmiş rüsvayçı məğlubiyyətlərdən (şəhərlərin bir-bir itirilməsini deyirəm), rəsmiləşdirilmiş genosid günündə, 1918-ci ildə baş verənlərdən danışanda iniltidən, şikayətdən başqa qulağa heç nə gəlmirdi.
Filan kəndin, qəsəbənin sakinlərini qırdılar, qız-gəlinlərin başlarını kəsdilər, camaatı məscidlərə doldurub diri-diri yandırdılar və i.a. – eşitdiyimiz, illər boyu oxuduğumuz ancaq bunlar idi. İki-üç azərbaycanlı da bir yerə cəm olub erməni-müsəlman davasından söhbət açan kimi yenə də eyni sözləri eşidirdin, əşşi ermənilər onda da bizi qırdılar, indi də. Hələ indiyə qədər bir müsəlmanın dəhrə, yaba, balta götürərək erməni cəlladının üzərinə atılması barədə nə oxuduq, nə eşitdik.
Hərdən Laçın, Qubadlı mallarında Sultan bəyin, Bakıda on-on beş qeyrətli qoçunun erməni cəlladlarının qarşısına çıxmasından az-maz danışırlar. Biz isə bilirik ki, fədakar din xadimlərinin zəhməti sayəsində birləşib ayağa durmuş əhali erməni-rus silahlılarının qarşısını Sabunçuda ala bilmişdi. Şamaxı kimi qədim şəhəri, ətrafındakı kəndləri yerli-yeksan edib əhalisini ucdantutma qıran erməni-rus alayı Lahıca da girə bilmədi. Ümumrusiya mərkəzi icrayyə komitəsində oturmuş bolşevik cəlladlar heç nəyi unutmadılar, hakimiyyətdə möhkəmlənəndən sonra onlar ÇEKA-nın bütün qüvvələrini, əyalətlərdəki lümpenləşmiş yerli kommunist fəalları, hətta qələm sahiblərini mütərəqqi din xadimlərinin üzərinə qaldırdılar. Din, iman, elin şərəfi, istiqlaliyyət uğrunda qeyrətli bəyzadə və ziyalılarla birgə mübarizə aparmış bütün din xadimlərini təhqir edib alçaltmaq, lağa qoymaq, ləkələmək bir vəzifə kimi bütün komsomolçu, kommunist qələm sahiblərinin boyunlarına qoyulmuşdu. Vəcdə gələn Səməd Vurğun yazırdı, xəbər göndərilsin Ərəbistana tonqalda yandırdı anam Quranı!
Təbliğat işi böyük hiyləgərliklə, böyük məkrlə qurulmuşdu. Belə təsəvvür yaradılırdı ki, bir ovuc erməni (!!) əhalisinin sayı beş yüzdən tutmuş, on, yüz minə çatan müsəlman şəhərlərinə, qəsəbələrinə girib, qorxudan iflic vəziyyətinə düşmüş, müqavimət barədə düşünmək belə istəməyən insanları istədiyi kimi qırıb. Belə çıxır ki, bir kişi öz doğma külfətini də qoruya bilməyib…
…Aprel döyüşlərinə qədər televizorda gedən reportajları unutmamısınız ki? Diktor yenə də ermənilərin bizim kəndləri gülləbaran etmələrindən danışır. Kəndlilər də fağır-fağır müsahibə verirlər. “Mal-qaranı qırırlar!” , “Uşaqlar dərsə gedə bilmirlər”, “Salamat qapı-pəncərə qalmayıb, evin içində otura bilmirik!” və i.a. Soyqırım məsələsi də gündəmə gələndə yenə də eyni mərsiyəxanlıq başlayır: “qırdılar”, “yandırdılar”, “doğradılar”, “bədnam qonşular”, “qan su yerinə axdı”, xülasə, vaveyla, vamüsibəta, həmişəki həngamə… Təxribat, özü də ən mənhus, ən iblisanə təxribat bu idi!
İllər boyu millətə fağırlıq, zəlillik, gözüqırpçılıq, naqislik sindromu təlqin edildi. Sənin işin ancaq oturub ağlamaq, xaçpərəstə xaçpərəstdən şikayət etmək, şeir demək, YAP-ın pula pul deməyən sərvətli ideoloqlarının cəfəngiyyatına müticəsinə qulaq asmaqdır. Neçə ildir ki, axmaq bir şakər tapmışıq, yeri gəldi-gəlmədi tolerantlıq sözünü ortaya atırıq. Özü də bunu qürur hissi ilə də dilə gətiririk, bütün xaçpərəst dünyası bizim toleloreantlığımızı təqdir edir, bəyənir.
Əlbəttə, bəyənəcək, niyə də bəyənməsin? Bütün xaçpərəst aləmi bir dəfə də olsun bizim dinimizin, imanımızın həqarətə məruz qalmasından, müqəddəs məkanlarımızın qəsdən yerlə-yeksan edilməsindən bir kəlmə də demir. Keşiş-mason qüvvələrinin sərdarları yaxşı görürlər ki, Azərbaycanın bir məscidinin minbərindən qisasa, intiqama çağıran çıxış səslənmir.
Ramiz Mehdiyev və onun nökər-naibləri QMİ-nin din xadimlərinin gözlərinin odunu elə alıblar ki, onlar mahı-məhərrəmdə belə əməlli başlı nə mərsiyəxanlıq edə bilirlər, nə rövzəxanlıq. Amma həyasızlıqlarına salıb evlərə soxulan, minlərlə uşağı, qız-gəlini yoldan çıxara bilmiş “Yəhova şahidlərinə” söz deyən yoxdur. Mən çoxdan deyirdim, bir yerdə ki, qohum-əqrəbası, həyat yoldaşı erməni olan Ramiz Mehdiyev külli-ixtiyar sahibidirsə orada müsəlmana yer yoxdur və heç vaxt da olmayacaq. 44 gün döyüşlər getdi, nə qədər cavan həlak oldu, QMİ-nin bir nüfuzlu xadiminin odlu-alovlu, bütün camaatı yerindən tərpədən çıxışını eşidən olmadı. Elə bil müharibənin heç bir idarəyə dəxli yox idi. Bu idarədə çox gözəl bilirlər ki, Vətən müharibəsi gedəndə din xadiminin işi hüzur yerində bir neçə ayini təlmə-tələsik başa vurmaq deyil.
Dövlət üçün kim təhlükə mənbəyidir, mühacirətdə yaşayıb hərdən deyinən, əlindən də bir şey gəlməyən müxalifətçi, ya da göz qabağında milləti çapıb-talayan, milyardlar oğurlayıb xalqın inamını qıran vəzifəli şərəfsiz?
İqtidarın çoxdan ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin bu ilki 28-ci sayında sabiq spiker Oktay Əsədovun özünün və əzizlərinin misilsiz “şücaətləri” haqqında oxuyanda nə təəccübləndim, nə sarsıldım. Bunu gözləyirdim, bir ölkədə ki, cəzasızlıq mühiti hökm-fərma idi, orada hər zinakarlıq desən baş verəcəkdi. İqtidar göz qabağında ideoloji cəhətdən də tərksilah olunmuşdu. YAP-ın neynim demədən yaşayan funksionerlərinə nə onda hörmət vardı, nə də indi Aydın Mirzəzadə də, Əli Əhmədov da, xülasə bütün YAP “verxuşkası” Oktay Əsədovun və digər milyarderlərin də bəd əməlləri barədə tam məlumatlı idilər və indi də bütün baş verən vaqiələrin düz mərkəzində durublar.
Xalq avam deyil, hamı gördü ki, məhz hakimiyyətin yuxarı eşalonunda oturmuş Ramiz Mehdiyevlər güncə sıxışdırandan sonra Qarabağda qələbə əldə olundu. Fikirləşəndə adamı dəhşət hissi bürüyür, bəs 20 il ərzində bu dağılmışın prokurorluğu hansı cəhənnəmə baxıb? Zakir Qaralov Fazil Məmmədovun, Əbülfəz Qarayevin və digər ziyanəvərlərin əməllərindən bixəbər idi? Milyarddan az oğurlayan olmayıb, görəsən xudavəndi aləm kimlərin dualarını qəbul edib ki, biz hələ müstəqil yaşayırıq.
“Olaylar” qəzetinin bu ilki 86-cı sayında bizim “vətənpərvərlərin” siyahısı verilib. Bunların hər birinin əli altında, arxasında kifayət qədər bədəfkar haramzada var. “5-ci kolonna” budur! Ramiz Mehdiyevin illər boyu yaratdığı şəbəkə tamam ifşa olunmayıb. Milyonlarını itirməmək üçün bu imansız güruh nəyə desəniz gedəcək. Özünüz düşünün, gül kimi şəhərlər, kəndlər tar-mar ediləndə, yüzlərlə oğul qana bələşəndə bu binamusları bir məsələ maraqlandırıb, imkan daxilində vətəni talamaq, xalqı quru yerdə qoymaq. Hələlik niyyətlərinin yarısını həyata keçiriblər, Allah təklənmiş Prezidentimizi, Vətənimizi qorusun.
Firuz HAŞIMOV