“Niyə Hacıbala Abutalıbov indiyə kimi həbs olunub, cəzalandırılmır?! Niyə onun ətrafındakı xırda balıqları tuturlar, amma əjdaha, köpək balığı başda dayanıb və ona dəymirlər?!”
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov haqqında danışarkən deyib. Rejissor onun məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib:
“Hacıbala Abutalıbov mənə illərlə zülm edib, onun ucbatından bu gün mən damda yaşayıram. Gah rüşvət isdədi, sonra gördü ki, məhkəmə mənim xeyrimə qərar çıxardı, geri çəkildi. İllərlə mənim əsəblərimin korlanmağına səbəb olub. İllərlə Azərbaycan Konstitusiyasında olan qanunu icra etmədi. Bir nəfər də cəsarət edib ona bir söz demədi. Çox qəribədir, məhz Hacıbala Abutalıbovun günahı ucbatından bu gün ölkədə yüzlərlə iş adamı bədbəxt olub. Mən əlaqədar dövlət sturukturlarına müraciət edirəm, bu cinayətkarların hamısını həbs edin! Onlar mühakimə olunmalıdır, xalq kim olduqlarını bilməlidir”.
Sənətçi Bakının sabiq meri haqqında sərt ittihamlar səsləndirib:
“Bu adam Heydər Əliyevin adı ilə nə qədər alver etdi. Bu gün də həmin alveri davam edən məmurlar var. Hansı ki, saxta prezidentsevərlər, Mehriban xanım sevərlərdirlər...
90 faizi şəxsi maraqları üçün yalan deyirlər. Yanvar ayından öncə Şəhidlər Xiyabanını, daha sonra Fəxri Xiyabanı – H.Əliyevin məzarını ziyarət etməyə getdik. Oradakı mühafizəçidən Hacıbala Abutalıbovun buraya gəlib-gəlmədiyini soruşdum. Mühafizəçi dedi ki, o artıq bura gəlib-getmir. Hacıbala müəllim hər müsahibəsində deyirdi ki, guya səhərlər işə getmək üçün evdən yarım saat tez çıxır, Ulu Öndərin məzarını ziyarət edib, silib-təmizləyib sonra işə yollanır. Bəs xeyir ola, indi niyə getmir?!
Belələri bir –iki nəfər deyil, bu gün parlamentdə oturan nə qədər bu tip insan var. Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev saxlanıldı. O, H.Abutalıbovun sağ əli idi, buyruq qulu idi. Hacıbala Abutalıbovlar, dövlətin məsul şəxsləri işləsələr bu qələti etməzlər. Dövlət büdcəsini yeyib, talayan təşkilatı nəyə görə saxlayırlar? Onların işi-gücü ancaq ona-buna aftafa gəzdirməkdir. Qanunla işləmirlər, kimsə vəzifə adamıdırsa, ona qanun işləmir. Artıq Azərbaycan xalqının cibindən işlədilən pullar dövlətin büdcəsinə qaytarılmalıdır”.
Əsmətxanım