DÜŞMƏNİMİN DOSTU BİZİM DOSTUMUZ OLA BİLƏRMİ, AY "5-Cİ KOLON"un tör-töküntüləri?
Şuşaya atılmış “İsgəndər-M” raketi ilə bağlı Azərbaycan Rusiyadan rəsmi izahat gözləsə də, deyəsən, Kremlin əvəzindən onun əsas təbliğat alətlərindən olan telejurnalist Vladimir Solovyov “sinəsini irəli verib”.
“Yeni Müsavat”ın xəbərinə görə, Youtube-dəki canlı efirində Solovyov Ukrayna-Rusiya qarşıdurmasından danışarkən Qarabağ mövzusuna da toxunub. O, çıxışında Ukraynaya təkcə Donbasda və Krımla sərhəddə deyil, ölkənin dərinliklərində də raket zərbələri endirməyi, hətta Kiyevi ələ keçirməyi təklif edib. Və teleaparıcı bu zaman Rusiyanın Suriyada və Qarabağ müharibəsindəki təcrübəsinə istinad edib. Solovyovun Ukraynaya xitab etdiyi çıxışında deyilir: “Yox, bu artıq Suriyanın, Qarabağın ardınca növbəti variant olacaq. Bu, Ukraynanın dərinliklərindəki infrastruktur, toplaşma yerləri və həyati əhəmiyyətli obyektlərə raket-bomba zərbələrinin endirilməsinin mümkünlüyüdür”.
Solovyovun bu açıqlaması “bəli, raketi Rusiya atıb” etirafı sayıla bilərmi? Məlumdur ki, Suriyaya raket zərbələri o zaman Xəzərdən atılmışdı. Solovyov tərəfindən Azərbaycanın adının Suriya ilə yanaşı çəkilməsinin sətiraltı mənası nədir? Bizi Suriyanın gününə salmaqla hədələyirmi, bu hədsiz? Yoxsa “Şuşaya raketi biz atmışıq” demək istəyir? Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda “Rusiyadan cavab gözləyirik” bəyanatı Kremli qoruyan “gözətçi itləri” bərk qəzəbləndirib. Əks halda, Solovyov belə dil-dil ötməzdi.
Azərbaycanın qələbəsini və ermənilərin ləyaqətsiz məğlubiyyətini heç cür həzm edə bilməyən Solovyov növbəti dəfə ölkəmizə qarşı nifrətini gizlətməməklə yanaşı, həm də etiraf edib. Kremlin bu ruporu bilərəkdən, ya bilmədən Suriyada olduğu kimi, Azərbaycanın da dərinliklərinə raket-bomba zərbələrinin endirildiyini və bu prosesin birbaşa Rusiyanın iştirakı ilə həyata keçirildiyini bildirir. Və təklif edir ki, eyni zərbələr Ukraynaya da endirilsin.
Dünyanın gözü qabağında müharibənin bitdiyi günlərdə Şuşaya və eləcə də Bakıya müxtəlif modifikasiyalı raketlər atılmışdı. Gəncədə, Bərdədə, Tərtərdə dinc əhalinin Ermənistandan atılan raketlərlə qətlə yetirilməsi də bəşəriyyətin gözü qarşısında baş verdi. İndi isə Azərbaycan tərəfi Rusiyadan “İsgəndər - M” raketləri ilə bağlı izahat tələb edir, Krmel susur, yerinə Solovyov danışır. Bundan sonra növbə yəqin ki, Jirinovskinin olar... Bəs Solovyovun çıxışı nəyin təzahürüdür? O, dolayısı ilə Moskvanın ağzı ilə danışır və bizə Kremlin mövqeyini çatdırır, yoxsa avantürist mövqedədir, ictimai rəyə təsir etməyə can atır?
Professor, teletənqidçi Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Kremlin adından danışan bir neçə ictimai şəxs var, onlardan biri də Solovyovdur: “O, istər efirdə, istərsə başqa media qurumlarında tez-tez bəyanatlar verir, bu da ictimai rəyi yönəltməyə hesablanır. Solovyovun dedikləri hələ etiraf edilənlərdir. Biz bilmirik ki, Mingəçevirə raketləri kim atıb. Çünki müharibədə Rusiyanın gözləmədiyi nüanslar üzə çıxdı. Azərbaycanın hazırladığı taktika tək ermənilər yox, Rusiya üçün də gözlənilməz idi. Ona görə Gəncəyə atılan raketlərin Mingəçevir elektrik stansiyasını vurmağa yönəldiyini düşünmək olar”.
Media eksperti hesab edir ki, Solovyov bu çıxışı ilə bir yandan da Ukraynanı vahimləndirmək, qorxutmaq istəyir: “Amma Ukrayna ordusu 2014-cü ildəki vəziyyətdə deyil. İndi Qərbin və Amerikanın onlara dəstəyi var. Sadəcə, Solovyovun belə açıqlamalarında psixoloji təzyiq elementləri var, eyni zamanda Azərbaycanla bağlı etiraflardır. Onun bu mövqeyi Azərbaycana atılan taktiki döyüş raketlərində Rusiyanın iştirakını təsdiqləyir”.
Politoloq Qabil Hüseynlinin dediyinə görə, Solovyov məsuliyyətsiz adamdır, bununla belə, Kremlin sözçülərindən sayılır. Ekspert güman etmir ki, telejurnalistin söylədikləri həqiqətə tam yaxındır: “Onun boş başından ortaya atdığı sözlərdir. Rusiya hara raket atıb? Bir raket zərbəsi endirib, o da 40-50 kilometr aralıya düşüb. Solovyov əbəs yerə rus silahı ilə öyünür. Yaxşı olardı ki, aldığı pullara görə rus silahının reklamı ilə mənasız yerə məşğul olmasın. Artıq o dövrlər keçib, onlara lazım olan dərsi verəcəklər”.
Siyasi ekspertin fikrincə, Solovyov hərbi xidmət keçməyib, iki top mərmisi qabağına qoyulsa, onları belə ayırd edə bilməz: “Dünyanın nəhəng dövlətləri var və Rusiya bir azdan görəcək ki, raket atmaq istədiyi dövlətlər öz silahlarını ona tuşlayıb. Çünki planet cəngəllik qanunları ilə idarə olunmur, Rusiyanın götürdüyü beynəlxalq öhdəliklər var. Rusiya öhdəlikləri yerinə yetirməsə, ciddi şəkildə cəzalanacaq. Ona görə Solovyov qızışdırıcı və təxribat xarakterli fəaliyyətinə son qoymalıdır, əks təqdirdə, hərbi tribunalda cavab verəcək, İtaliyadakı villasında gizlənə bilməyəcək