Lətifə kimi danışırlar, amma olmuş əhvalatdır. Bir rus iş adamı Pekində çinli həmkarı ilə söhbət edirmiş. Çinli biznesmen deyib ki, o, Rusiyada çox olub, böyük şəhərlər arasında avtomobillə çox yol ölçüb, ümumilikdə Rusiya haqqında yaxşı təəssüratları var, ancaq bir şey pisdir ki, ölkənin yolları bərbaddır.
Rus biznesmen bu fikirlə razılaşıb, deyib, bəli, bizdə yol tikintisinə ayrılan vəsaitin yarıdan çoxunu oğurlayırlar, ona görə də yollarımız tez dağılır, hər il gərək təmir edək.
Çinli iş adamı deyib ki, elədirsə, Almaniyadan yoltikən şirkətlər dəvət edin, onlar 30 il təmir tələb etməyən yol çəksinlər.
Rus deyib, yox, bizdə elə qayda yoxdur, biz yolumuzu özümüz baha qiymətə çəkirik və özümüzünkülər də külli miqdarda mənimsəməyə yol verirlər.
Söhbət bu yerə çatanda çinli gözünü döyə-döyə, həm də tam ciddiyyətlə soruşub: “Elədirsə, siz niyə o oğruları güllələmirsiniz?”
Bax, Çinin son 40 ildə qazandığı iqtisadi uğurların sirri bu sualı doğuran məntiqdədir.
Çində xırdabaş oğruları güllələmirlər, amma dövlətdən, xalqdan külli miqdarda vəsait oğurlayanları, korrupsiya maxinasiyaları hesabına gizli (sonradan isə aşkar) milyonçu olanları güllələyirlər.
Son illərdə bu sayaq edamlar azalsa da, Çin iqtisadi tərəqqiyə büdcə oğrularını ağır şəkildə cəzalandırmaqla başlayıb. Tamahkar adamlar tezliklə anlayıblar ki, onlara güzəşt olmayacaq, dövlətdən qamarladıqları milyonlar onların həyatını qurtarmayacaq, ona görə də can qorxusundan tamahlarını cilovlamalı olublar.
Az-az şeytana könül qapdıranlar olur, onlar da ifşa olunan kimi divara söykədilirlər. Heç kəs onların gözünün yaşına baxmır, öhdəsində azyaşlı uşaqların olmasına və digər yüngülləşdirici halların mövcudluğuna fikir vermir.
Dövlətin büdcəsindən pul oğurlamaq xalqa xəyanətdir və cəzası ölümdür – budur Çində korrupsiyaya qarşı mübarizənin əsas devizi.
Yoxsa bu ölkəni idarə edənlər yüz minlərlə tamahkar məmurun öhdəsindən gələ, milyard yarımlıq əhalini doyura, yaşada, dövləti kasıblıq girdabından çıxarıb, dünyanın ən varlı, işli-güclü ölkələrindən biri edə bilməzdilər.
İndi elə çıxmasın ki, müəllif Çinin amansız kommunist rejiminin digər qəddarlıqlarından, bərbad milli siyasətindən, insan haqlarına zidd davranışlarından xəbərsizdir və onu mədh edir. Xeyr. Burada söhbət, sadəcə, Çinin korrupsiyaya qarşı amansız mübarizəsinin effektivliyindən gedir.
Heç Çini örnək götürmək, korrupsionerləri mütləq güllələmək fikri də tələb şəklində deyil. Ona görə ki, ölkəmizdə edam cəzası ləğv olunub, ən ağır cəza ömürlük həbsdir və büdcə oğrularına ömürlük həbs cəzası verilməsi çox ağır cəza olar.
Ancaq onların ciddi şəkildə cəzalandırılması şərtdir. Biz başqa yolla heç cür sürətlə artmaqda olan, 30 ildən bəri bəzən aktiv, bəzən də passiv müharibə şəraitində yaşayan xalqımızı maddi nemətlərlə təmin edə bilməyəcəyik. Böyük oğrular xalqın sərvətini talayıb-dağıdıb, satıb-sovub xarici banklara daşıyacaqlar və millət həmişə kasıb yaşayacaq.
Budur, korrupsiyada ittiham edilərək həbsə alınmış yüksək vəzifəli məmurların sayı artdıqca artır. Onlara hansı cəzanın kəsiləcəyi hələ bəlli deyil. İfşa olunmuş korrupsionerlərin özlərinin, vəkillərinin, yaxınlarının ümidi böyükdür ki, tutulanlar yüngül cəzalarla canlarını qurtaracaqlar və yığdıqlarının bir hissəsini xımır-xımır, rahat şəkildə yeyəcəklər.
Onların bu cür ümidlənməsinin əsas səbəbi odur ki, indiyə qədər belə olub. Ortada presedent var. Büdcə oğruları 2-3, bəzən 7-8 il yatıb-çıxır, sonra özləri və övladları varlı biznesmen olur.
Məhz bu amil – cəzanın yumşaqlığı digər tamahkarları dayandırmır. Ard-arda ifşa olunan, həbs edilən sabiq nazirlərin, İH başçılarının, onların müavinlərinin, idarə rəsilərinin millətə görk olan aqibətləri ifşa olunmamışlara dərs olmur. Onlar nəyə görəsə özlərini cəzasızlıq mühitində hiss edir, neqativ əməllərinə davam edirlər.
Deməli, cəza daha sərt olmalıdır. Adamlar bilməlidir ki, kartın altındakı uduş milyonlardırsa, qumara qoyduqları şey də candır, rahat gələcəkdir, birincini əldə edərkən, ikincini itirmək təhlükəsi var.
İndi kimsə deyəcək, yox, bu çıxış yolu deyil, nə bilim, nələr, nələr olmalıdır. Xeyr. İnsanın tamahı sonsuzdur. Ona ayda 1 milyon dollar maaş da versən, öz vicdanına qalsa, qulluq mövqeyindən sui-istifadə edib, ikinci milyonu qapazlamaqdan çəkinməyəcək.
İndiyə qədər kimi yeyib-doyan məmur görüb? Heç kim. Amma gözütox məmurlar həmişə olub, yenə də var. Onlar içlərində məsuliyyət hissi daşıyan, aza qane olan, 5 manat artıq pula-mala görə həyatları ilə oynamaq istəməyən adamlardır.
![](/uploads/posts/2021-04/1619804499_gullrlrnme.jpg)