"Azərbaycanda istənilən dövlət qurumunda istintaq tədbirləri keçirilirsə, həbslər olursa, deməli, orda daxili çəkişmələr var və bunun nəticəsi olaraq sözügedən tədbirlər həyata keçirilir. Həmçinin, bu proses həmin qurumun rəhbərliyinin hansısa işçisinin və ya tabeliyində olan adamların "vurulması" kimi qiymətləndirilir".
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı Nazim Bəydəmirli son günlər gömrük orqanlarında aparılan əməliyyatları dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, ötən gün Bakı Baş Gömrük İdarəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib və saxlanılanlar var:
"Bu həbslərin həyata keçirilməsi ilə bağlı mətbuata sızdırılan informasiyaya gəlincə, buna ümidlənən və gömrük orqanlarında "təmizlik" işlərinin aparılmasına sevinən insanlar oldu. Lakin birgə əməliyyatların keçirilməsi ilə bağlı açıqlama ilə onların "sevinci" uzun çəkmədi. O insanların illər boyu gömrük keçid məntəqələrində üzləşdikləri çətinlik və kobudluq nəzərə alındıqda, bu, gözlənilən idi. Ölkə başçısı da bir neçə il əvvəl gömrük orqanlarında baş verən hadisələrin ölkənin imicinə mənfi təsir göstərməsini dilə gətirərək, buna öz iradını bildirmişdi.
Bu gün gömrük orqanları barədə cəmiyyətdə müəyyən fikirlər formalaşıb, Dövlət Gömrük Komitəsi qohumbazlıqdan, regionçuluqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib. Gömrük orqanlarının əsas fəaliyyəti iqtisadi təhlükəsizliyi təmin etmək, daxili istehsalı stimullaşdırılmaq, həmçinin fiskal siyasəti həyata keçirməkdən ibarətdir.
Onu da qeyd edim ki, bu fəaliyyətlərin hər ikisi gömrük orqanları tərəfindən normal idarə olunmur, çünki daxili istehsal qorunmuş olsaydı, ölkəyə daxil olan məhsullardan əldə edilən əlavə dəyər vergisi son 5 ildə artan templə getməzdi. Bu rəqəm 2,5 dəfə artıb, amma əksinə, ölkədə istehsal olunan mallardan əldə edilən ƏDV 10 faiz azalıb. Bu, o deməkdir ki, gömrük orqanının əsas vəzifəsi olan daxili istehsalı stimullaşdırılmaq, iqtisadi təhlükəsizliyi təmin etmək istiqamətində atdığı addımlar nəticə verməyib. Ölkə getdikcə xarici istehsalçılardan daha çox asılı vəziyyətə düşür".
Nazim Bəydəmirli bildirib ki, gömrük orqanları həyata keçirdiyi siyasətlə vergi orqanlarının da səlahiyyətlərini mənimsəyib:
"Digər bir məsələ fiskal siyasət olaraq, gömrük orqanlarının qarşısında duran vəzifələrdən biri rüsumları və vergiləri toplamaqdır. Yeri gəlmişkən qeyd edim ki, gömrük orqanlarının topladığı vəsaitlərin təxminən 78 faizi idxaldan əlavə dəyər vergisi, akzis vergisi və yol vergisidir. Qalan 22 faizi isə gömrük rüsumlarıdır. Məlum olduğu kimi, həmin vergiləri vergilər xidməti toplamalıdır. Gömrük Komitəsi hər zaman guya daha artıq proqnoz göstəriciləri əldə etdiklərini göstərməyə çalışıblar və bunu sözügedən orqanın rəhbərliyi bəh-bəhlə cəmiyyətə təqdim edirlər. Lakin araşdırarkən məlum olur ki, həmin toplanmış vergilər, rüsumlar hesabına, bəyannamə qiymətini şişirdərək ölkədə süni qiymət artımı yaradaraq və sahibkarlardan həmin vəsaiti məcbur toplamaqla əldə edirlər. İdxal olunan məhsulların bəyannamə qiymətini gömrük orqanları süni şəkildə şişirdirlər, sahibkarlara bu hüququ tanımırlar və beləliklə, aylarla, illərlə davam edən fiskal siyasət həm də ölkədə qiymət artımını stimullaşdırır. Dövlətin vəzifəsi ondan ibarətdir ki, vətəndaşların rifah halı yaxşılaşdırılsın, ancaq gömrük orqanlarının apardıqları fiskal siyasət insanları daha da kasıblaşdırır və onlar daha çox ödəməyə məcbur edilirlər. Həmin vəsaitlər isə təbii ki, xarici istehsalçılara gedir. Vergi ödəyicisi hər zaman vətəndaşlardır və sahibkarın bəyannamə qiyməti şişirdilir, həmin artırılmış vəsait maya dəyərini müəyyənləşdirir və beləliklə, vətəndaşlar kasıblayır".
Eksper həmçinin vurğulayıb ki, ölkədə rifah halının pisləşməsinin əsas səbəbi məhz gömrük orqanlarının apardığı bu siyasətdir:
"Bir məsələyə də toxunum ki, bu günlərdə MDB ölkələrinin statistika idarələrinin açıqladığı rəqəmlərə görə, Azərbaycan keçən ilə nisbətən qiymət artımına görə MDB ölkələri arasında birinci yerdədir. Demək həm istehsaldan, həm də istehlakdan olan inflyasiya Azərbaycan vətəndaşlarını daha pis vəziyyətə salıb. Pandemiya dövründə - vətəndaşın gəlirinin azaldığı, iqtisadiyyatın daraldığı bir zamanda gömrük orqanları süni şəkildə qiymət artıraraq, vətəndaşı daha pis vəziyyətə salıb. Bununla da vətəndaş dövlətin apardığı siyasətdən narazı qalır və bu, həm də sosial problemləri gücləndirir. Bu vəziyyətdə vətəndaş daha çox müavinət almaq üçün dövlətə üz tutur. Beləliklə, gömrük orqanları həm də fiskal siyasəti doğru-düzgün həyata keçirə bilməyiblər və hədlərini aşıblar. Gömrük Komitəsi rəhbərlərinin verdiyi açıqlamada sanki onların vergi orqanlarının səlahiyyətlərini də öhdələrinə götürdükləri anlaşılır. Onlar bunu gəlir olaraq hesablayırlar. Əksər müəssisələrin fəaliyyəti mənfəət əldə etməyə və mənfəət vergisi ödəməyə əsaslanır, lakin sahibkarlar elə vəziyyətə salınıblar ki, onlar malı ölkəyə idxal edərkən o vəsaiti onlardan məcburi alırlar. Bu səbəblə, onlar mənfəət əldə edə bilmirlər və beləliklə, iflas edib sıradan çıxırlar. Bununla da, gömrük orqanları monopoliyanı ayaqda saxlayırlar və məmur sahibkarlığına dəstək verirlər.
Bu sadaladığımız bütün faktorlar göstərir ki, gömrük orqanları öz üzərinə düşən səlahiyyətləri yerinə yetirə bilmirlər və orta əsrlərdə fəaliyyət göstərən gömrük orqanlarını xatırladırlar. Onda da sərhədi keçən hər kəs pul ödəməli idi. Bu siyasəti həyata keçirənlərin iqtisadiyyatı stimullaşdırmaqla bağlı heç bir biliyi, bacarığı yoxdur. Bu mənada düşünürəm ki, fiskal siyasəti həyata keçirənlər bir orqandan idarə olunmalıdır. Dünyada heç bir ölkədə gömrük komitəsi deyilən mərkəz yoxdur, gömrük xidməti orqanı var ki, bu da adından göründüyü kimi vətəndaşlara xidmət edən qurumdur. Bu orqan da hansısa qurumun tərkibində department kimi fəaliyyət göstərir. Düşünürəm ki, uzun müddətdir gündəmdə olan gömrük orqanlarının bu siyasətə cəlb edilməsi prosesinin vaxtı çoxdan keçib və bu orqanın vergilər xidməti ilə birləşdirilməsi zamanın tələbidir".