Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfər etməsini faktiki olaraq əldə edilən Zəfərin bir daha elanı kimi anlamaq olar.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya baş tutacaq tarixi səfərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Türkiyə ilə münasibətlərə xüsusi önəm verilib:
“Rəsmi Ankara hər zaman Bakının maraqlarını öz maraqları bilib. Azərbaycanın torpaqlarının işğal faktı ilə bizim kimi barışmayıb. Təsadüfi deyil ki, Ermənistan-Azərbaycan müharibəsi, Qarabağın işğal məsələsi uzun illər Türkiyənin həm daxili, həm də xarici siyasətinin əsas mövzusu olub. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsinin ardından Türkiyənin Qarabağ məsələsində rəsmi Bakı ilə koordinasiyalı hərəkət etməsi, yeri gəldikdə dünyanın aparıcı gücləri qarşısında mövqeyini açıqca deməsi onların Qarabağ münaqişəsinə baxışının dəyişməsinə gətirib çıxarıb”.
Politoloq bildirib ki, Ərdoğan Şuşaya səfəri siyasi ağırlığı ilə seçilir:
“Çünki Ərdoğan kimi önəmli bir şəxsin Şuşaya gəlməsi dünya mediasının gündəmində olacaq və bir daha Qarabağ həqiqətləri Ərdoğanın dilindən dünyaya çatdırılacaq”.