Son günlər Türkiyədə milli valyuta olan lirənin dollar nisbətən ucuzlaşma istiqamətində proseslər davam edir. Hökumətin müdaxiləsi də hələlik lirənin sürətlə ucuzlaşmasının qarşısını ala bilmir. Bu arada iqtidar komandası böhrandan çıxmağın yollarını axtarır. Elə bu səbəbdən də bu gün Tayyib Ərdoğan Ankarada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Mohammed bin Zayed bin Sultan Al Nahyanı qəbul etmişdir.
Britaniya mətbuatı yazır ki, BƏƏ-nin Türkiyəyə 100 milyard dollar sərmayə qoyması ilə bağlı anlaşmaya imza atılacağı gözlənilir. Digər mənbələr isə söhbətin 10-15 milyard dollardan getdiyini bildirir.
Xatırladım ki, 2018-cı ildə Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoydu. Düşünürəm ki, BƏƏ bu faktı nəzərə almaq zorundadır. Çünki Qətər ilə BƏƏ düşmən ölkələrdır. Ona görə də BƏƏ-nin Türkiyəyə Qətərdən daha az sərmayə qoyması onun nüfuzuna xələl gətirər. Bu isə BƏƏ üçün məqbul deyil. Lakin istənilən halda BƏƏ-nin Türkiyəyə qoyduğu sərmayə Qərbin rəsmi Ankaraya qarşı apardığı “iqtisadi müharibə”dən Tayyib Ərdoğanın daha asanlıqla qalib çıxmasını təmin edə bilər... Bu iqtisadi problemin əsas həll yollarından biri hesab olunsa da, tam yetərli deyildir.
Bəs Azərbaycan ağır günlərimizdə yanımızda olan qardaş Türkiyəyə indiki maliyyə böhranından çıxması üçün necə köməklik göstərə bilər? Suala asanlıqla cavab vermək üçün gərək hər bir vətəndaşımız, hər bir özəl və ya dövlət qurumunun iqtisadi planlarına ilk növbədə müxtəlif növ məhsulların idxalı zamanı Türkiyə mallarına üstünlük verməyimiz ən böyük köməklik hesab oluna bilər. Belə ki, istər dövlət qurumlarının satınalmalar zamanı əsaən ağır sənaye məhsulları hesab edilən maşın və mexanizmlərin birbaşa Ermənistana hər sahədə dəstək və təmənnasız yardımlar edən Rusiya və Çin istehsalı olan avtomobil, dəzgah və mexanizmlərin alınmasını dayandırmalı, daha keyfiyyətli, ucuz və davamlı olan Türkiyə istehsalı olan bütün məhsulları idxal etməliyik ki, həm öz ölkəmizə, həm də qardaş ölkəyə xeyir verə bilək. Hesab edirik ki, Nazirlər Kabineti də bu istiqamətdə təxirəsalınmaz tədbrlər planı hazırlamalıvə həyata keçirməlidir. Keyfiyyətsiz və baha qiymətə alınan istənilən məhsullara görə düşmən ölkənin “dostları”nın büdcəsinə axıtdığımız valyutanın qarşısı nəhayət ki, alınmalıdır. Belə bir düzgün iqtisadi yanaşma ilə qardaş Türkiyə iqtisadiyyatına kiçik də olsa öz töhfəmizi verə bilərik.
İFADETV.COM –un iqtisadiyyat şöbəsi