Mərhum hazırda Almaniyada yaşayan qızları 13 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatlarını açıqlayır: “2006-cı ildə Aqil Əliyev rəhmətə getdikdən sonra, İlham Məmmədov və İmran Eyvazzadə 1500 tonluq “Drafa” gəmisini atamın əlindən almışlar”
“Bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi?...”
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, 02.12.1992-ci və 09.12.1988-ci illərdə Bakı şəhərində anadan olmuşuq. 07.11.2008-ci ildə atam Səlimov Dianət İsmayıl oğlu qətlə yetirilmişdir. Onda mən - Səlimova Nərgiz 16 və bacım - Seyidova Nərminə 20 yaşında olmuşuq. Atamın öldürüldüyünü dərindən başa düşə bilmirdik. Nəhayət, böyüdükdən sonra anamın dediklərindən elə başa düşdük ki, atamız mərhum Aqil Əliyevin yanında işləyirmiş, ailəmiz yaxşı yaşayırmış, maddi vəziyyətimiz də yaxşıymış.
Lakin Aqil Əliyev 03.08.2006-cı il tarixdə rəhmətə getdikdən sonra, atamı A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və atamın ortağı (şəriki) Eyvazzadə İmran adında kəslər gözümçıxdıya salmışlar. Aqil Əliyev rəhmətə gedən kimi atamın işlədiyi 1500 tonluq “Drafa” gəmisini əlindən almışlar və Maxaçkala şəhərində gizlindən kimlərəsə satmışlar. Həmin gəminin satışından əldə edilən, atamın payına düşən pulun üstündə də atamı sifariş verib öldürtmüşlər.
Anamdan soruşardıq kı, atamın qətlini sifariş verənləri cəzalandırdılarmı? Anam deyərdi ki, yox, şikayət etsək də, nə İlham Məmmədovu, nə də İmran Eyvazzadəni cəzalandırmadılar, gəminin pulundan verib, atanızın qanını batırdılar. Hətta anam deyirdi ki, atanızı öldürtdürən İlham Məmmədovdan və İmran Eyvazzadədən bu gün də qorxuram, onlar çox pulludurlar, sizi də, məni də nə vaxtsa öldürtdürə bilərlər.
Beləcə, uşaqlıqdan qorxu içərisində yaşadıq. Böyüyüb şəxsiyyət vəsiqəsi alan kimi, onların qorxusundan anam bizi Bakı şəhərindən çıxarmışdır. Hal-hazırda bacımla Almaniyada çox-çətin şəraitdə, çox çətin durumda yaşayırıq. Lakin nə vaxtsa bu cinayətin üstünün açılacağına, atamın qətlinin sifarişçiləri - İlham Məmmədovun və İmran Eyvazzadənin dövlətimiz tərəfindən cəzalandırılacağına inanırdıq. O günü səbrsizliklə gözləyirdik. Hər gün Allaha yalvarırdıq, dualar edirdik ki, atamızın qanı yerdə qalmasın.
Nəhayət, bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi? Görəsən, atamın qətlə yetirilməsi ilə bağlı cinayətin üstü açılacaqmı?
Neçə illərdir anamızın üzünə həsrət qalmışıq. Qorxumuzdan, Bakıya gəlib-gedə bilmirik. Bizə elə gəlir ki, elə Bakıya gedən kimi atamın qətlinin sifarişçiləri - İlham Məmmədov və İmran Eyvazzadə - bizi də öldürdəcəklər.
Ancaq nədənsə, bu günə kimi İlham Məmmədovla birgə atamın qətlini sifariş verən İmran Eyvazzadə hələ də həbs edilməmişdir, azadlıqda gəzir.
Bir daha bildirirəm ki, mənim atam Aqil Əliyevə məxsus “Drafa” gəmisində işləmişdir. 1500 tonluq gəmi İlham Məmmədov və İmran Eyvazzadə tərəfindən oğurlanaraq Maxaçkala şəhərində satılmışdır. Gəminin pulunun üstündə atamı öldürtmüşlər.
Bu gün biz elə başa düşürük ki, oğurlanaraq gizlindən Maxaçkala şəhərində satılmış gəminin yeri Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müəyyənləşdirilərsə, atamın qətlinin də üstü açılacaqdır. Çünki o gəmidə atamın da payı olmuşdur. Atam gəminin satışından payına düşən pulu istəmişdir və bu səbəbdən də aradan götürülmüşdür -öldürtdürülmüşdür.
Hörmətli redaksiya!
Sizə ünvanladığımız bu müraciətimizi olduğu kimi cənab Prezident İlham Əliyevə, Birinci-vitse-prezident Mehriban xanım Əliyevaya, DTX rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə də ünvanlamışıq. Atamızın qətlinin sifarişçilərindən biri olan İlham Məmmədovla bərabər, İmran Eyvazzadənin də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib məsuliyyətə cəlb edilməsinə göstəriş verməsini və bu işi sona kimi nəzarətdə saxlamalarını cənab Prezidentdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş etmişik.
Hörmətli redaksiya!
Sizin qəzeti, ədalətli, obyektiv və qərəzsiz mətbuat orqanı kimi tanıyırıq. Ona görə də sizə Almanıyadan müraciət edir və xahiş edirik ki, bizim müraciətimizi olduğu kimi dərc edəsiniz və bizim səsimizi qəzetiniz vasitəsilə cənab Prezidentə və Mehriban xanıma çatdırmaqda yardımçı olasınız. Bu cinayətin üstü açılana kimi bizə yardımçı olmağınızı bir daha sizdən xahiş edirik. Sizin bizə edəcəyiniz köməkliyi heç vaxt unutmayacağıq”.
Hazırladı: KƏNAN
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Fotoda soldan: Dəyanət Səlimov, İmran Eyvazzadə, Aqil Əliyev, “Gəmitəmiri” zavodunun rəhbər işçiləri.