Sərdar Cəlaloğlu: “Rusiyanın artıq əvvəlki gücü yoxdur... Xankəndi istiqamətində suverenliyimizi addım-addım genişləndirməliyik”
“Rusiya Azərbaycanda olan agentlərindən, “beşinci kolon”undan istifadə edərək aranı qatır...Elələri var ki, 30 ildir hakimiyyətdədirlər və Rusiyanın maraqlarını müdafiə edirlər”
Son günlər Qarabağ mövzusunda həm yüksək səviyyəli diplomatik təmaslar, hərtərəfli sülhün əldə edilməsi üçün müzakirələr, həm də Qarabağ ərazisində müəyyən hərbi hərəkətlənmələr baş verir. Məlum olduğu kimi, Azərbaycan Ordusu Fərrux istiqamətində irəliləməsindən sonra Ağdərə istiqamətində də bəzi yüksəkliklərə nəzarəti təmin edib. Buna cavab olaraq Qarabağdakı rus sülhməramlıları sözügedən ərazidə daha altı yeni post yaradıblar.
Ümumiyyətlə, görünüən odur ki, Rusiya tərəfinin Azərbaycanın öz suveren ərazilərindəki fəaliyyətlərinə münasibəti neqativdir. Baxmayaraq ki, məhz Moskva erməni qoşunlarının Qarabağdan tam çıxarılmasına dair 10 noyabr üçtərəfli sazişinin məlum bəndini aşkar şəkildə pozur. Həmçinin, belə görünür ki, Brüsseldə baş tutan son üçtərəfli görüş də Moskvanın bölgə ilə bağlı planlarına qətiyyən uyğun deyil.
“AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib:
- Sərdar bəy, Brüssel görüşü daxil olmaqla, son günlər Qarabağ mövzusunda həm diplomatik, həm də hərbi baxımdan fəallıq müşahidə olunur. Hazırda müşahidə olunan hərbi-diplomatik addımları necə qiymətləndirirsiniz?
- Qarabağ probleminin ATƏT-in Minsk Qrupu və Rusiyanın hegemonluğundan çıxarıb başqa müstəvidə müzakirə olunmasına, həll edilməsinə nail olmaq diplomatik uğur kimi qiymətləndirilməlidir. Çünki Minsk Qrupundan və ya Rusiyadan bu prosesə rəhbərlik etdiyi müddətdə ədalətli həll gözləmək olmaz. Avropa Birliyi bu məsələdə daha bitərəf mövqe tutur. Çünki Avropa Birliyinin əsas məqsədi Azərbaycan və Ermənistan arasında münaqişənin birdəfəlik həlli, hər iki dövlətlə əməkdaşlıq etməkdir. Ancaq Rusiya və Minsk Qrupunda təmsil olunan digər dövlətlər münaqişənin həllindən daha çox öz dövlət maraqlarını əsas tuturlar. Ona görə də bu problemin məhz Avropa Birliyi çərçivəsində həllinə nail olmaq dövlətimizin maraqlarına uyğundur.
İkincisi, Ermənistanın da Rusiyadan kənarda problemin həllinə razılıq verməsi və bu məsələdə iştirakı olduqca əhəmiyyətlidir. Artıq ermənilər də görürlər ki, Rusiya öz beynəlxalq imicini itirir, güc olaraq zəifləyir. Bu səbəbdən getdikcə Cənubi Qafqazda Rusiyanın əlaltısı kimi rol oynamaq istəmirlər. Bu da irəliyə doğru addımdır.
Üçüncüsü, danışıqlara gəldikdə, sözsüz ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, tərəflərin BMT çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıması vacibdir.
Ancaq məncə, Brüsseldə razılıq əldə edilsə də, Rusiya bu danışıqların həyata keçirilməsinə imkan verməyəcək. Düşünürəm ki, Brüssel danışıqlarından dərhal sonra Putinin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla telefonla danışması təsadüfi deyil. İndi biz hadisələrin gedişini izləməliyik. Lakin istənilən halda Azərbaycanın və Ermənistanın sülh müqaviləsi imzalamaq niyyətində olduqlarını dünyaya elan etmələri çox müsbət haldır.
- Brüssel görüşündən sonra Ermənistan Xarici İşlər naziri Rusiyaya səfər etdi. Həmin vaxt Lavrov bəyan etdi ki, artıq Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya ilə işləmirlər. Başqa sözlə, Minsk Qrupu artıq yoxdur. Sizcə, Ukrayna, Gürcüstan və Moldovada olan oxşar ərazi problemlərinə bir cür, Azərbaycanda isə başqa cür yanaşan Fransa və ABŞ Ukrayna müharibəsindən sonra yenidən Minsk Qrupunu fəallaşdıra bilərmi?
- İndi Ukrayna müharibəsinə görə ABŞ və Fransa Rusiya ilə düşmən vəziyyətindədir. Çox güman ki, ən azı yaxın bir il müddətində Rusiya ilə əməkdaşlıq olmayacaq. Belə olan təqdirdə, Minsk Qrupu necə fəaliyyət göstərə bilər? Sən işğalçı dövlətsən, kim səninlə əməkdaşlıq edər? Artıq Minsk Qrupu mövcud deyil, onun bir ildən sonra yenidən bərpa edilməsi də qətiyyən mümkün görünmür və görünən odur ki, Rusiya ilə ABŞ və Avropa uzun müddət qarşıdurma mərhələsində olacaq.
- Brüssel görüşündən sonra Qarabağdakı sülhməramlılar altı əlavə post qurublar. Sizcə, bu, hansı niyyətdən xəbər verir?
- Əslində, Rusiyanın və onun sülhməramlısının harada post qurmasından asılı olmayaraq, Xankəndi iqtisadi zonası istiqamətində Azərbaycan dövlətinin suverenliyini yaymalıyıq. Yəni biz Rusiya ilə müharibə aparmırıq. Ərazi bizimdir, rus əsgəri sadəcə, orada durub. Azərbayan bir-bir Xankəndi istiqamətində kəndləri öz yurizdiksiyasına qaytarmalı, orada strukturu bərqərar etməli, qaz, elektrik enerjisi, su təminatını həll etməli, oradakı insanların qeydiyyatını və posportlaşdırılmasını aparmalıdır. Qeyri-qanuni silahlı qüvvələri də oradan çıxarmalıdır. Bunun rusa nə aidiyyatı var?
Üçtərəfli razılaşmada Rusiyanın Azərbaycanın suverenliyini bərpa etmək niyyətlərinə mane olması ilə bağlı müddəa yoxdur. Əksinə, bu razılaşmaya görə, Rusiya qısa müddətdə Azərbaycanın suveren hüquqlarının Xankəndi iqtisadi zonasında yayılmasına kömək etməlidir. İndi Rusiya bunu etmirsə, biz özümüz öz işimizi görməliyik.
Altı post məsələsinə qayıdaraq bildirim ki, Rusiya Xankəndi iqtisadi zonasında hərbi baza qurmaq və ərazini nəzarətində saxlamaqla bölgədə təsir dairəsini genişləndirmək istəyir. Amma Ukrayna müharibəsindən sonra Rusiya əvvəlki Rusiya deyil, Azərbaycan da beynəlxalq hüquqa uyğun olaraq öz haqqını Rusiyadan tələb etməli, Rusiyanı Xankəndi iqtisadi zonasından çıxarmalıdır.
-Azərbaycan Ordusunun Ağdərə istiqamətində bəzi yüksəkliklərə nəzarəti ələ alması haqda xəbərlər var. Fərruxdan sonra ordumuzun dislokasiya tədbirlərinin davam etdiyini görürük...
-Mən də deyirəm ki, davam etməliyik. Torpaq bizimdir. Suverenliyimizi hər yerdə bərpa etməliyik. Bunu heç kim bizə qadağa edə, buna maneə yarada bilməz. Addım-addım suverenliyimizi bərpa etməliyik.
- Siz Rusiyanı Xankəndindən çıxarmağı mümkün hesab edirsiniz?
- Əlbəttə. Bu, mümkündür. Əgər, bu gün Ukrayna Rusiyanı az qala diz üstə çökmək halına gətiribsə, biz də Türkiyə və Pakistanla birlikdə ərazimizdə suverenliyimizin bərpası üçün addım ata bilərik.