Rusiyada yaşayan erməni biznesmenin qəfildən Qarabağa köçmək qərarı verməsi müzakirə olunmaqdadır.
Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, 1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndiyə yerləşməsinə sıradan hadisə kimi baxmaq olmaz: "Bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır. Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. O, həmin paylaşımda digər imkanlı ermənilərə də Qarabağa köçməyə çağırış edib. Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə, imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda, Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sərkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər".
Politoloqun sözlərinə görə, Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır: "Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Arutyunyanı Ruben Vardanyanla əvəz etmək planının varlığını istisna etmək olmaz. Araik Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Vardanyanın "Qarabağa gəlin" çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orada da əlisilahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Vardanyanın siyasi gedişinə harada yaşamasından asılı olmayaraq hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?"
P.S. Bir sözlə, Elxan Şahioğlunun da müsahibəsinin açması o deməkdir ki, Rusiya həmişə olduğu kimi bu dəfə də özünə sadiq biznesen, siyasəçi fiqurlardan bu dəfə Ermənistana qarşı kadr kimi, konkret desək, milli hökuməti təmsil edən baş nazir Nikol Paşinyanı əvəzləmk üçün Vardanyanı ilkin mərhələ olaraq Qarabağa göndərir. Sonrası isə 1 il ərzində hamıa aydn olacaq. Əgər Rusiya Ukrayna müharibəsini uduzmasa.
İFADETV.COM