2022-ci il fevralın 24-də başlayan Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin 1000-ci günüdür. Ukraynada bu “yubiley” olduqca böyük kədər və üzüntü ilə qeyd edilir. Bu ədalətsiz, amansız, işğalçı müharibə səbəbindən ölkə əhalisinin az qala yarısı Ukraynanı tərk edib, Avropaya və dünyanın başqa ərazilərinə qaçqın kimi səpələnib. Yüz minlərlə insan həlak olub, yaralanıb, itkin düşüb. Şəhərlər, kəndlər viran qoyulub, hətta Mariupol, Buça, İrpen kimi şəhərlərdə soyqırım cinayəti kimi qəbul edilə biləcək qətliamlar törədilib.
Bütün bunlara baxmayaraq, Rusiyanın işğalçı, imperiyaçı, şovinist, qəddar siyasəti bir tərəfdən, Qərbinsə ikiüzlü, qorxaq, riyakar, satqın siyasəti də digər tərəfdən 3 ilə yaxındır davam edən bu müharibədə hələ də ukraynalıların iradəsini tam sındıra bilməyib. Onlar hələ də döyüşür, müqüavimət göstərir, yaralanır, həlak olurlar. Müharibəninsə sonu görünmür. Nə Bayden, nə Tramp, nə Makron, nə Şolts, nə də digərləri bu savaşı, qanı durduracaq iradə, qətiyyət və nəhayət, vicdan sahiblərinə bənzəmirlər...
Sosial şəbəkələrdə müharibənin 1000-ci günü ilə bağlı maraqlı çarx paylaşılıb. Həmin çarxda Marqarita Simonyan başda olmaqla, Kremlin çirkin, abırsız təbliğatçılarının müharibədən əvvəl və onun ilk günlərindəki özündən razı, aşağılayıcı, rişxənd və hədə-qorxu dolu açıqlamaları yer alıb. Onların bəziləri Kiyevin1.5 günə, bəziləri 3 günə işğal olunacağını, müharibəninsə bir neçə günə bitəcəyini, hətta Qazmanovun Kiyevdə konsert verəcəyini deyirdilər.
Bununla bağlı Şoyqunun xüsusi əmrini də dərc etmişdilər. Lakin savaşın artıq 1000-ci günüdür, Kiyev işğal olunmayıb, Ukrayna dövlət kimi qalır, çətinliklə də olsa vuruşur, müdafiə olunur. Hətta Ukrayna qoşunları bu gün Rusiyanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində - Kurskdadır. “Kiyevi 3 günə alacaq” Rusiya təbliğatçıları həmin vaxt bu mənzərəni ağıllarına belə gətirməzdilər.
Bütün bunlarla yanaşı, “dünyanın ikinci ordusu”na öz ərazisinə, əhali sayına və hərbi potensialına görə Rusiya ilə müqayisə edilməyəcək qədər kiçik olan Ukraynanın bu dirənişi müasir dünya tarixi üçün möcüzədir. Eyni amansız, vəhşi hərbi təcavüzlə məsələn, Fransa və Almaniya qarşılaşsaydı, bu ölkələrin əhalisinin özünü necə aparacağı, nə qədər dözüm, dəyanət göstərə biləcəyi böyük sual doğurur...
Ukrayna hələ ki, dayanır, amma eyni zamanda da tükənir, yorulur, üzülür. Ukraynalı yazıçı Andrey Kurkovun “The New York Times” üçün məqaləsində deyildiyi kimi, rus işğalının başlanğıcında ukraynalılar müttəfiqlərin dəstəyi ilə qələbənin qaçılmaz olduğuna inanırdılar. İndi bu inam getdikcə azalır. Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra isə ukraynalılar arasında müharibənin bitməsi ssenariləri ilə bağlı bədbinlik daha da artıb: “2022-ci ilin yazında, ordumuz Kiyevətrafı ərazilərdə rus qoşunlarını məğlub edən, sonra isə demək olar ki, bütün Xarkov vilayətini azad edən zamanlar oldu. O vaxt inam var idi ki, Ukrayna öz müttəfiqlərindən dəstək haqqını qazanıb və biz birlikdə Rusiyanın təcavüzünü dəf edəcəyik. Lakin biz artıq yorulmuşuq. Ordumuz şərqdə bəzən gündə bir mil geri çəkilir. Artıq soyuq mövsüm başlayır. Bu qədər elektrik stansiyasının dağıdıldığını nəzərə alsaq, qışla bağlı perspektivlər acınacaqlıdır...”.
Bəli, Ukrayna üçün bu qışla bağlı perspektivlər təəssüf ki, acınacaqlı görünür. Ancaq Ukrayna yenə də təslim olmayacaq və müharibə bir gün bu və ya digər şərtlər daxilində mütləq bitəcək. Yəqin ki, Ukraynanın layiq olduğu işıqlı günlər ondan sonra başlayacaq, Rusiya isə hələ uzun müddət imperiya və cəmiyyət olaraq özünün yaşadığı və ətraf xalqları, ölkələri də sürükləməyə çalışdığı işğalçılıq, şovinizm, saxtakarlıq, korrupsiya, yalan, ədalətsizlik qaranlığından, bataqlığından çıxa bilməyəcək...
Video linkdə: https://www.facebook.com/AlexanderKovalenkoUkraine...
C.Məmmədov