Göyçə şəhidi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov üç gün iki nazirliyin arasında əsir-yesir olduqdan sonra ona bir ay ərzində ikinci dəfə acı xəbər verdilər: Siz şəhid ailəsi sayılmırsınız.
Bu məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə çox müzakirə olunub, yəqin təfərrüatlardan xəbəriniz var. Dünyadan xəbəri olmayanlar üçün yazıram: Müdafiə Nazirliyi Sənana əl boyda arayış verib. İndi kağız parçasından fərqlənməyən həmin arayışda Səbuhinin şəhid olduğu öz əksini tapıb. Di gəl ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hörmətli Zakir Həsənovun rəhbərlik etdiyi qurumun arayışına gözünün ucu ilə də baxmır. Deyir ki, qanun var, qanuna görə də Sənan Əhmədov şəhid ailəsinin üzvü sayılmır.
Yazıb-oxumaq bildiyimiz üçün nazirliyin istinad etdiyi həmin qanunu biz də vərəqlədik. Bəli, qüvvədə olan mövcud qanunvericiliyə görə Sənan şəhid ailəsinin üzvü sayılmır. Əgər ata-anası bu dünyadan erkən köçməsəydi, Sənan onlarla birlikdə şəhid ailəsinin üzvü olardı. Nahaq deməyiblər ki, dərd gələndə batmanla gəlir...
Qəribə situasiya yaranıb: Şəhid var, qardaşı, qardaşının uşaqları var, amma statusları yoxdur.
Niyə? Çünki qanun buna imkan vermir.
Açığı, Azərbaycanda qanunların bu qədər mükəmməl işlədiyini bilmirdim. Əgər söhbət şəhid ailəsindən getməsəydi, bu dəqiqliyə görə əməlli-başlı sevinərdim. Amma indi əməlli-başlı kədərlənirəm. Çünki bu dəfə qanun sərt üzünü kimsəsizlər evində böyüyən zavallı şəhid qardaşına göstərdi.
Kağız üzərində olsa belə, qanunlarımız mükəmməldir. Məsələn, qanuna görə nazirə aid imtiyazlar yalnız bir nəfərə şamil olunur. Yəni onun ailə üzvləri, qohum-qardaşı, sinif yoldaşı bu imtiyazlardan yararlana bilməz. Amma Azərbaycanda nazirlərin hətta iyirminci dərəcəli qohumları da özlərini gen-bol imtiyaz sahibi hesab edir, yağ-bal içində üzürlər. Zavallı Sənanı görəndə əjdahaya dönən qanun bizim nazirlərin, onların qohum-əqrəbasının qarşısında quzuya çevrilir.
Qanun gücdür. Dövlət öz qanunları ilə güclü olur. Amma bu gücü uşaq evində böyüyən və hal-hazırda kirayələrdə çürüyən şəhid qardaşına göstərmək doğru deyil. Gücünüzü bu ölkənin sıravi vətəndaşlarını öz “Galendevagen”lərinin iri təkərləri altında xurd-xəşil edən harınlamış məmur balalarına göstərin...
Seymur VERDİZADƏ //yenisabah.az//