Ukrayna müharibəsində müəyyən durğunluq yaranıb. Tərəflər cəbhə bölgəsində irəliləyə bilmir. Hərçənd, Ukraynanın ümumi üstünlüyü hiss olunur.
Ifadetv.com xəbər verir ki, ABŞ generalı Ben Hoces də Kiyevin müharibədə uğuruna çox inanır. Amerika ordusunun keçmiş komandanı Ukraynanın Krımı və başqa itirilmiş torpaqları uzağı 2023-cü ilin yayına qədər geri qaytaracağını əminliklə deyir.“Qış ukraynalı müdafiəçilərin xeyrinə işləyəcək. Onlar öz ərazilərində torpaqlarını qoruyurlar. Qərbdən böyük dəstək görürlər. Rusiyanın belə dəstəyi və motivasiyası yoxdur. Dünyanın 50-dən çox ölkəsi Ukrayna silahlı qüvvələrinə kömək etməyə hazırdır. Ukraynalılara qış geyimləri çatdırılır. Rusiyada belə təchizat müşahidə edilmir. Üstəlik, sentyabrın 21-dən səfərbərliyə cəlb olunanları heç bir təlimsiz, pis silahlanmış, bərbad geyim dəsti ilə döyüşə göndərirlər. Bununla uğur qazanmaq mümkün deyil”.
Hoces deyir ki, Ukraynanın itirilmiş torpaqları tez geri qaytarması üçün tanklara ehtiyacı var. Amerikalı general Qərbi Kiyevin belə hərbi texnika ilə təchiz olunması üçün əlindən gələni etməyə çağırıb.
2021-ci ildə “The Military Balance” Ukraynanın 858 tankı olduğunu açıqlamışdı. “Global Firepower” müharibə dövründə sayın 2809-a çatdığını bildirir. Ukrayna Müdafiə Nazirliyi düşmənin 690 tankının ələ keçirildiyini iddia edir. İtirlmiş hərbi texnika statistikasındakı rəqəmləri nəzərə alanda indi 2000-2500 tankının olmasına inanmaq mümkündür.
“The Military Balance” müharibəyə qədər Rusiyanın 13 mindən çox tankının olduğunu bildirirdi. Ukrayna Müdafiə Nazirliyi bunun 2698-nin məhv edildiyini açıqlayıb. Belə görünür ki, qüvvələr arasında fərq böyükdür. Amma Rusiya tanklarının 10 mindən çoxunun indiyə qədər ehtiyatda saxlanmasını və əksərinin yararsız sayıldığını nəzərə almaq lazımdır. Ukraynanın ələ keçirdiyi qənimətləri görəndə də belə fikir yaranır. Kreml döyüşə əlində olan yararsız texnikanı atıb, əslində, müharibəyə iddia etdiyi qədər hazır deyil.