Mövlam Şıxəliyev və başının dəstəsi məhkəmə öncəsi məsləhətləşmək üçün “sançast”a köçürülüblər?
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov saxlanıldıqları Bakı İstintaq Təcridxanasında qəfil "xəstələniblər".
İfadetv.com bildirir ki, “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumata görə, sabiq MTN-çilər İstintaq Təcridxanasında tibb məntəqəsinə yerləşdiriliblər. Onların tibb məntəqəsində hərəkət sərbəstliklərinin olduğu, günlərini birgə keçirdikləri də bildirilir. Qeyd olunur ki, Mövlam Şıxəliyev və onunla birgə həbsə alınan işçiləri hər gün tibb məntəqəsində səhər, günorta və axşam birgə yemək yeyir, Bakı Apelyasiya Məhkəməsində başlanan prosesə hazırlaşırlar.
Maraqlıdır ki, noyabrın 22-də Bakı Apelyasiya Məhkəməsində Mövlam Şıxəliyev və digərlərinin apelyasiya şikayətinə baxılarkən onlardan hər hansı birinin xəstəhal olduğu sezilməyib. Üstəlik, zərərçəkənlərlə “mahmudovçu”lar arasında kəskin söz atışmaları da bir-birini əvəzləyib.
Digər bir məlumata görə, “mahmudovçu”ların eyni zamanda hər dördünün “sançast”a köçürülməsi heç də onların xəstəliyi ilə əlaqədar deyil. Mövlam Şıxəliyev və başının dəstəsi məhkəmə öncəsi və məhkəmə prosesləri boyunca məsləhətləşmək üçün “sançast”a köçürülüblər.