Hazırda Ukrayna Silahlı Qüvvələri tam olaraq hərbi taktikalarını dəyişiblər. Onlar müdafiə taktikasından Rusiya ordusunun arxa cəbhəsində yerləşən taktiki-strateji nöqtələrə zərbələr endirmək üsuluna keçiblər.
Bu fikirləri Rusiya Silahlı Qüvvələrinin generalı, Dövlət Dumasının deputatı Andrey Qurulyov “Rossiya 1” telekanalının canlı efiri zamanı deyib.
“Dünən belə raket zərbəsi zamanı bizi şoka salan bir məqam ortaya çıxdı. HİMARS sistemlərinin Ukraynaya verilən raketlərinin texniki göstəricilərində bu raketlərin maksimum 95 km məsafədə hədəfləri məhv etmək gücünə malik olduğu qeyd olunur. Lakin dünənki Ukrayna ordusunun raket zərbələri zamanı qeyri-adi hal baş verdi. HİMARS raketləri 145 km məsafədə olan bazanı vurdu. Bunun necə baş verdiyini öyrənməyə çalışırıq”, - deyə general qeyd edib.
Qeyd edək ki, yalnız 80-100 km məsafəni vurmaq imkanı olan HİMARS raketlərinin Ukraynaya verildiyi açıqlanmışdı. Bu sistemin isə 300 km məsafədəki hədəfləri vurmağa qadir raketləri də var.