“Ermənistan dövlətinin bir layihə olduğu hamıya bəllidir”.
İfadetv.com bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib.
O bildirib ki, Ermənistan bu ərazidə yerləşdirilməklə Türkiyə və Azərbaycanın inkişafına hansısa formada əngəl törətmək missiyasını üzərinə götürüb:
“Rəsmi İrəvan öz havadarlarının təsiri altında bu missiyanı həyata keçirməyə çalışır. Yəni, dövlət formasında yaradılan bu sistem həmişə böyük dövlətlərin tapşırıqlarını yerinə yetirib. Üstəlik Ermənistan həmişə müstəqil dövlət formasından da kənar olub.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi Ermənistanın həm iqtisadi inkişafdan, həm də qlobal layihələrdən kənarda qalmasına gətirib çıxardı. Bu isə böyük ölkələrin forpostu olan Ermənistanda hakimiyyətdə olanların korrupsiyaya bulaşması, dövləti və xalqı talaması fonunda böyük problemlər yaşamasına səbəb oldu.
Son zamanlarda Ermənistanın xarici siyasətindəki anlaşılmazlıq, qeyri-stabillik və “ağa”larını dəyişdirmək cəhdləri bu ölkəni daha da çətin duruma salıb.
Belə ki, Nikol Paşinyan hakimiyyəti gah Rusiya, gah Avropa, gah da ABŞ-a tərəf əyilir. Bu dövlətlərlə sövdələşmələrə gedirlər, sonra isə hər birinə xəyanət edirlər. Artıq dünya Ermənistanın bu iç üzünü tanıyır. Ona görə də yalnız istifadə olunub atılmaqdan başqa bir model olmadıqları artıq Ermənistan hakimiyyətinə və xalqına da gün kimi aydındır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın son vaxtlarda Avropa İttifaqı ilə sövdələşmələrə getməsi və anti-Rusiya siyasəti həyata keçirməsi açıq şəkildə Moskvaya meydan oxumaqdır:
“Bu, artıq Ermənistanın Rusiyaya boyun əyməyəcəyi deməkdir. Təbii ki, bu, Kremlin də xoşuna gəlməyəcək. Rəsmi İrəvan unutmamalıdır ki, onların bütün ipləri Rusiyanın əlindədir.
Ermənistanın sərhədlərinin ruslar tərəfindən qorunması, ölkədəki bütün böyük şirkətlər Rusiyaya məxsus olması və bir çox məsələdə Rusiyadan asılı olduqlarını unutmaq olmaz. Artıq Rusiyanın dövlət nazirləri və ekspertləri də bunu onların nəzərinə çatdırırlar.
Rusiyanın xarici işlər naziri və deputatları tərəfindən də Ermənistana açıq-aydın bir mesaj verilir. Bu, o deməkdir ki, Rusiya ilə çilingağac oynama. Əks təqdirdə, Ermənistan üçün böyük problemlər yaşana bilər. Düşünürəm ki, Ermənistan qeyri-stabil xarici siyasəti ilə hazırda düşdüyü çətin vəziyyəti bir az da ağırlaşdırmaqla məşğuldur”.