O, sadəcə piramidanın görünən tərəfidir, pərdə arxasında daha güclü və səlahiyyətli şəxslərin olduğu istisna edilmir
KİVDF-nin keçmiş icraçı direktorunun “krışa(lar)”nın kimliyi Baş Prokurorluğun məlumatındakı “qeyriləri” ifadəsində gizlənir
Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
11 il ərzində KİVDF-yə rəhbərlik edən Vüqar Səfərlinin törətdiyi cinayətlər…
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2009-2020-ci illər ərzində KİVDF-yə rəhbərlik edən Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq, mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmaqda ittiham edilir. O da bildirilir ki, KİVDF-nin keçmiş icraçı direktoru digər şəxslərlə qabaqcadan əlbir olaraq, nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib. Həmçinin, Vüqar Səfərlinin 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilən cəmi 105 min manat məbləğində pul vəsaitini israf etdiyi də qeyd olunur.
Aparılmış istintaqla o da müəyyən edilib ki, Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məhərrəm oğlu Məmmədov və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb. Bununla da mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi üzrə ayrılmış külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Hələ bu, harasıdır. Baş Prokurorluq Vüqar Səfərlinin yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamaqla, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu da üzə çıxarıb.
Vüqar Səfərlinin bu cür ağır cinayət əməllərini “yuxarılar”ın, daha doğrusu himayədar(lar)ının “xeyir duası” olmadan törətməsi ağlabatan deyil
Gördüyünüz kimi, ortada kifayət qədər ciddi cinayət faktı mövcuddur və bütün bunlara görə Vüqar Səfərlini nə az, nə çox, düz 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, KİVDF-nin keçmiş icraçı direktorunun bu cür ağır cinayət əməllərini “yuxarılar”ın, daha doğrusu himayədar(lar)ının “xeyir duası” olmadan törətməsi ağlabatan deyil. Yox, əgər bunun əksini iddia edən varsa, deməli, həmin şəxs yüngül desək, sadəlövhdür. Çünki Azərbaycan reallığını nəzərə alsaq, rüşvət və korrupsiyaya qurşanmış məmur, vəzifə sahibi mütləq şəkildə onun bu cür əməllərinə göz yuman, yaxud da münbit şərait yaradan şəxs və ya şəxslərin də “pay“ını vaxtı-vaxtında çatdırmalıdır. Əks halda, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət vəsaitlərini talaması mümkün deyil. Deməli, buradan da belə qənaətə gəlmək olar ki, KİVDF-nin icraçı direktoru postunda əyləşdiyi illər ərzində Vüqar Səfərlinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, onun cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmasına, satınalma prosedurları zamanı “maxinasiya”ya yol verməsinə “yaşıl işıq” yandıranlar olub. Təbii ki, bu, ilk baxışdan sizə sadəcə, jurnalist fərziyyəsi kimi görünə bilər. Lakin Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatı incələdikdə Vüqar Səfərlinin həqiqətən də kimlərəsə arxalandığı üzə çıxır. Məsələn, həmin məlumatda “Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məhərrəm oğlu Məmmədov və qeyriləri” deyə bir ifadə yer alıb. Maraqlıdır, görəsən həmin “qeyriləri” kimdir? “Hürriyyət” olaraq, hesab edirik ki, onların da tez bir zamanda tapılıb istintaqa cəlb edilməsi və törətdikləri cinayət əməllərinə görə cəzalandırılmaları olduqca vacibdir. Çünki Vüqar Səfərli uzun illər ərzində, az qala hamının gözü qarşısında bu boyda cinayəti yetərincə güclü “krışa“sı olmadan törədə bilməzdi. Məhz həmin “krışa(lar)”nın kimliyi isə Baş Prokurorluğun məlumatındakı “qeyriləri” ifadəsində gizlənir.
“Hürriyyət” qəzetinin baş readaktoru Vüqar Məmmədovun 2018-ci ildə ölkə başçısına ünvanladığı müraciət kimlərin müdaxiləsi nəticəsində prezidentə təqdim olunmayıb?
Düzdür, KİVDF-nin sabiq icraçı direktorunun həbsindən sonra bütün diqqətlər prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənova yönəlib. Çünki Vüqar Səfərli məhz onun adamı, komandasında təmsil olunan şəxs kimi xarakterizə olunur. Bundan başqa, KİVDF-nin kurasiyası da Əli Həsənovun səlahiyyətləri çərçivəsində olub. Həmçinin, jurnalistlər üçün binalar inşa edən “Portos” MMC-nin 51 faizinin də onun yaxın qohumlarından birinə, KİVDF-nin inzibati istifadəsində olan ərazinin yerləşdiyi binanın isə Prezident Administrasiyasının sabiq şöbə rəhbərinə məxsus olduğu deyilir. Lakin bu, heç də o demək deyil ki, Vüqar Səfərlinin “krışa”sı ancaq Əli Həsənov olub. Onlar sadəcə, piramidanın görünən tərəfidir. Pərdə arxasında isə daha güclü və səlahiyyətli şəxslərin olduğu istisna edilmir. Nədən bu qənaətə gəldik deyə, sual versəniz cavabı o qədər də çətin deyil. Bunun üçün “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş readaktoru Vüqar Məmmədovun 2018-ci ilin yanvar ayının 5-də ölkə başçısına ünvanladığı müraciətə diqqət yetirmək kafidir. Nəzərinizə çatdıraq ki, “”Hürriyyət” KİVDF-nin ayırdığı 9 min manatdan imtina etdi” başlığı ilə qəzetimizdə və digər mətbu orqanlarda yayımlanan həmin müraciətdə baş redaktor “Hürriyyət”in qarşılaşdığı və süni şəkildə yaradılan problemlərdən, üzləşdiyi ikili standartlardan söz açmaqla yanaşı, KİVDF-də yaşanan maxinasiyalara, qəzetimizin ona aidiyyatı olmayan materiala görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməsinə, məhz bu səbəbdən də jurnalistlərə ev verilən ərəfədə əməkdaşlarımızın prosesdən kənarda saxlanılmasına da toxunub. Lakin nədənsə, o zaman buna gözlənilən reaksiya verilmədi. Səbəbi isə aydındır. Ölkə başçısının da son dövrlər dəfələrlə qeyd etdiyi kimi, ayrı-ayrı məsələlərə dair xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilir və bəzi hallarda prezidentə düzgün məlumat çatdırılmırdı. Söz yox ki, Vüqar Məmmədovun qeyd olunan müraciəti də Əli Həsənov və Prezident Administrasiyasındakı digər maraqlı qüvvələrin müdaxiləsi nəticəsində ünvanına – ölkə başçısına çatmayıb. Əks halda, bu gün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmaqda, satınalma prosedurları zamanı “maxinasiya”ya yol verməkdə ittiham olunan Vüqar Səfərli, müvafiq obyektiv araşdırmalardan sonra elə həmin vaxt məsuliyyətə cəlb olunardı. Bu isə KİVDF-nin sabiq icraçı direktorunun himayədarlarına sərf etmədiyi, daha dəqiq desək, onların ortaq cinayət əməllərini ifşa edəcəyi üçün Vüqar Məmmədovun sözügedən müraciəti prezidentə təqdim olunmayıb.
KİVDF-nin o zamankı rəhbərliyi bu və digər mətbuat orqanını cəzalandırmaq üçün Əli Həsənov və Prezident Administrasiyasındakı digər yetkili şəxslərlə yanaşı, Rüstəm Usubovun da xidmətlərinə baş vurub
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq lazımdır ki, KİVDF-nin o zamankı rəhbərliyi bu və digər mətbuat orqanını cəzalandırmaq üçün Əli Həsənov və Prezident Administrasiyasındakı digər yetkili şəxslərlə yanaşı, baş prokurorun birinci müvavini Rüstəm Usubovun da xidmətlərinə baş vurub. Təxminən, 4 il öncə “Hürriyyət” qəzetinin ona aidiyyatı olmayan materiala görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməsi və nəticədə əməkdaşlarımızın mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, evlə təmin olunması prosesindən kənarda saxlanılması bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Qeyd edək ki, o zaman, daha dəqiq desək, 2017-ci ilin iyun ayında Vüqar Məmmədov məsələ ilə bağlı baş prokuror Zakir Qaralova da müraciət edərək, ona Rüstəm Usubovun kabinetində görüşü barədə məlumat vermiş, “Hürriyyət”ə əsassız yerə xəbərdarlıq olunduğunu və bu səbəbdən də əməkdaşlarımızın ölkə başçısı tərəfindən jurnalistlərə veriləcək mənzillərdən birinə sahib olmaq şansından məhrum edildiyini bildirmişdi. Əfsus ki, bunun da heç bir faydası olmayıb. Bu isə özlüyündə baş prokurorun birinci müvavini Rüstəm Usubovun da Vüqar Səfərli və Əli Həsənovla əlbir olan “qeyriləri” sırasında qərarlaşdığına dair şübhələr yaradır. Bu, hələlik sadəcə mülahizədir. Məsələni obyektiv şəkildə araşdırıb “qeyriləri“ni müəyyənləşdirmək, bu barədə ictimaiyyəti məlumatlandırmaq və yaranmış şübhələrə son qoymaq müvafiq qurumların işidir. Ümid etmək istərdik ki, tezliklə müəmmalı qalan “qeyriləri”nin üzərindəki sirr pərdəsi götürüləcək.
“Hürriyyət”in Araşdırma Qrupu