SADƏCƏ BİR KASET YETƏRLİDR
Keçmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.
DİA.AZ bildirir ki, Prezidentin köməkçisi Fuad Ələsgərova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Təhlükəsizlik Şurasının katibi Ramil Usubova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubova, baş prokuror Kamran Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanan müraciətin surətini “Yeni Müsavat”a məhkum generalın vəkili Arzu Cavadov təqdim edib.
Mövlam Şıxəliyev müraciətində özünü “Bakı Hərbi Məhkəməsinin hökmü heç bir hüquqi əsaslar, sübutlar olmadan, ehtimallar və fərziyyələrlə məhkum olunmuş” kimi təqdim edir və hüquqları pozulmuş, əsassız məhkum edilmiş çoxsaylı şəxslərin ədalət məhkəməsinin zirvəsi olan məhkəmələrdə, əsasən də, Appelyasiya Məhkəməsində və Ali Məhkəmədə verilmiş hökmlərlə, qərarlarla öz azadlıqlarına qovuşduqlarını bildirir.
Daha sonra o yazır:
“Azərbaycan Respublikası Prezidentinin hakimlər qarşısında qoyduğu əsas tələb ehtimallar və fərziyyələrlə deyil, məhkəmə istintaqı zamanı aşkar edilmiş sübutlar əsasında hökmün çıxarılması tələbidir. Konstitusiyamızın, insan haqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının, eləcə də, CPM-nin 351.2-ci maddəsinin də tələbləri pozulur.
Bütün bunlara baxmayaraq hələ də sərbəst olaraq, qanunlarımızın, Konstitusiyamızın, beynəlxalq konvensiyaların tələblərinə uyğun, vicdanının səsi ilə ədalətli hökm verməyən, eyni zamanda sifarişlə, təzyiqlər əsasında, sosial şəbəkələrdə qaragüruhçu hay-küylərdən qorxaraq hökm verən hakimlər vardır.
Bildirirəm ki, barəmizdə olan cinayət işi 2015-ci ildən 2021-ci il oktyabr ayınadək istintaq edilsə də, mənim əməlimdə cinayət tərkibi, təqsir müəyyən edilməyib və heç bir epizod üzrə də bir dənə də olsa sübut təqdim edilməyib, lakin cinayət işi Baş Prokurorluğun rəhbərliyinə obyektiv məruzə edilməmiş, işdəki sübutsuzluqlar, saxtaladırmalar gizlədilmişdir. Məhkəmə istintaqı zamanı heç bir epizod öz təsdiqini tapmasa da, hakim Elbəy Allahverdiyev sərbəst olaraq hökm çıxara bilməyəcəyini şəxsən mənə, mənim müdafiəçilərimə bildirmişdir.
Göründüyü kimi, hansısa kənar qüvvələr barəmizdə olan cinayət işi üzrə ədalətli hökm çıxarılmasına mane olmaqda davam edir. Odur ki, Sizin hər birinizin ədalətinizə inanaraq və güvənərək bu müraciətimlə xahiş edirəm məhkəməyə təzyiqi edən, ədalətli, sərbəst hökm verilməsinə mane olan insanların qarşısı alınsın.
Xidmət etdiyim illərdə və bu gün də Sizin hər birinizə inanmışam, güvənmişəm, bilirəm ki, müraciətimə həssalıqla münasibətinizi bildirəcəksiniz. Mənim əməlimdə cinayət tərkibi yoxdur”.
M.Şıxəliyev müraciətinin sonunda yuxardıda adlarını çəkdiyi şəxslərin ədalətinə və rəhminə sığındığını qey edib.
Xatırladaq ki, hazırda Bakı Apelyasiya Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 şöbə rəisinin şikayətlərinə baxılır.