“Mən tənqidə tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var”.
Bu sözləri Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva iki il əvvəl “Rossiya 24” kanalına müsahibəsində deyib.
M.Əliyeva bildirib ki, bu illər ərzində, təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yəqin bizdə artıq özünəməxsus immunitet yaranıb:
“Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə açığam və həssasam. Mən öz işimdə və fəaliyyətimdə təkmilləşməyə hazıram”.
Birinci vitse-prezidentin sözlərinə görə, hansısa şəxsi xırda ambisiyalara görə öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmaq dəhşətlidir: “Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur”.
“Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum”- deyə Mehriban Əliyeva müsahibəsində vurğulayıb.
Jurnalistin “Siz bir çox məmurlardan fərqli olaraq, quru insan deyilsiniz. Məmur peşəsinin tələbi isə sərtlikdir və bəzən “yox” demək bacarığıdır. Dövlət qulluğuna keçməklə indi Siz dəyişəcəksinizmi?” sualına M. Əliyevanın cavabı maraqlı olub: “Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil.
Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin hamısı gec-tez aydın olur. Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər – real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin iradə lazımdır. Ən əsası və ən dəhşətlisi biganəlik və laqeydlikdir. Bax, belə olmamalıdır! Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən – insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur”.
Mehriban Əliyeva vurğulayıb ki, Birinci vitse-prezident postu yeni təsisatdır:
“Mən bu vəzifənin, yaxud, bu vəzifəni tutan şəxsin əsas rolunu Prezidentin komandasının üzvü və sadiq həmməsləki kimi görürəm”.
Demokrat.az