Şəki rayonun Baş Göynük kəndində yaşayan Həmidov Məmməd Əhməd oğlu tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə və aidiyyatı üzrə direktiv orqanlara, bir nüsxəsi də İfadetv.com -a “Azərişıq” ASC- tərəfindən Şəki rayonun Baş Göynük və Aşağı Göynük kəndlərində aparılan elektrik şəbəkəsinin yenidən qurulması işində yol verilmiş ciddi maliyyə maxenasiyaları barədə müraciəti daxil olmuşdur. Müraciətdə qeyd edilən faktlar ictimai və dövlət əhəmiyyətli olduğu üçün onu dəyərli oxucularımıza təqdim edirik:
Xatırladım ki, 2021-ci ildə “Azərişıq”ASC tərəfindən yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Şəki rayonun Balyanı kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib. O cümlədən 45 abonenti olan Aşağı Göynük kəndin də eyni qayda ilə elektrik xətlərinin, dirəklərinin yenidənqurulması prosesi yekunlaşsa da, nəzərdə tutulan 400 kv-lik gücə malik elektrik transformatoru yenilənməmiş, 50 il əvvəl qoyulmuş köhnəsinin üst hissəsi rənglənərək yenidən istifadəyə verilmişdir. Aşağı Göynük Baş Göynük yolunun 1-ci km-də yerləşən bu transformatorun ətrafı açıq olduğundan yerli sakinlər və onların mal qarası üçün real təhlükə mənbəyi hesab olunur.
Elektrik şəbəkəsi 2021-ci ildə yenidən qurulan digər kənd isə Şəkinin qədim Baş Göynük kəndidir. Təxminən 1500 abonenti olan doğma kəndimizdə yenidənqurma işlərindən sonra 10-12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənsə də 1981-ci ilin dekabr ayında 10000 voltluq elektrik xətlərini birləşdirən taxta-şalban materialdan hazırlanan elektrik dirəklərinin heç birisi beton və yaxud dəmir boru dirəklərlə əvəzlənməmişdir. Standartlara görə hər 25 ildən bir dəyişilməli olan şalban dirəkləri tam yarasız hala düşmüş və yıxılmaq üzrədirlər. Buna baxmayaraq kəndimizdə elektrik şəbəkəsinin yenidən qurulması zamanı sənədləşmələrdə bu dirəklər yenisilə “ƏVƏZLƏNSƏ” də köhnələr indi də yerində qalmışdır. Ən təhlükəlisi isə budur ki, “kabelləşmə” zamanı yeni elektrik xəttlərinin köhnə ağac dirəklərdən quraşdırılması zamanı yüklərin ağırlığından bu yarasız dirəklərdə əyilmələr və deformasiyalar əmələ gəlmişdir. Hər hansı güclü külək zamanı bu dirəklərin aşması nəticəsində 10000 voltluq elektrik cərəyanı olan xəttlərin evlərin və ya sakinlərin üzərinə aşması təhlükəsi hazırda qalmaqdadır.
Xatırladaq ki, yenilənmə zamanı Baş Göynük kəndində abonentlərin sayğacları da dəyişdirilməmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, elektrik şəbəkəsinin yenidən qurulması ilə əlaqədar investisiya layihəsi həyata keçirilən hər iki kənddə kobud qanunpozuntusu hallarına yol verilmişdir. Yerli elektrik şəbəkə işçisi etiraf etmişdir ki, istər Aşağı Göynük kəndindəki transformator, istərsə də Baş Göynük kəndini əhatə edən elektrik dirəklərinin hamısı yenilənməli idi. Göründüyü kimi “Azərişıq” ASC tərəfindən həyata keçirilən işlər zamanı rəhbərliyin yol verdiyi korrupsiya faktlarının nəticəsi olaraq biz kənd sakinlərinin həyatları daima təhlükə altında qalmışdır. Ona görə də cənab Prezidentdən və aidiyyatı qurumların rəhbərlərindən xahiş olunur ki, kəndimizdə elektrik şəbəkəsinin yenidən qurulması zamanı yol verilmiş ciddi qanunpozuntu hallarının hər hansı faciə baş verməmişdən öncə qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verilsin.
Əlavələr: 2 ədəd video material və fotolar.
Hörmətlə, Məmməd Həmidov