“Ramiz Mehdiyevin adamıdır”. Gündəlik həyatımızda ən çox işlətdiyimiz ironik, lakonik, “tektonik” cümlələrdən biridir. Həmin ifadəni heç fərqinə varmadan işlədənlər də az deyil. İnsafən, elə vaxt olur ki, kadrları ləkələyərkən belə düsturlardan məqsədli şəkildə istifadə də edilir. Amma bütövlükdə “Ramiz Mehdiyevin adamı” möhürü neqativdir, cəmiyyətdə birmənalı qarşılanmır, bu ibarə ilə xarakteri müəyyən edilən kadrların nüfuz problem var, onlara qarşı yanaşmada aqressiya da mövcuddur. Çünki Mehdiyevin adamı onun ideologiyasını mənimsəyib, duyğularının, dünyagörüşünün formalaşmasında bu təsir ən maksimum həddə olub.
Bəs Ramiz Mehdiyev kimdir? Onun haqqında uzun-uzadı danışmağın heç bir mənası yoxdur. Uşaqdan böyüyə qədər hər kəs onu tanıyır. Uzun illər Prezident Administrasiyasının rəhbəri, sonradan isə AMEA-nın prezidenti işləmiş Mehdiyev çox güclü nüfuza malik şəxs olub. O, bu nüfuzundan istifadə edərək, böyük varidat toplayıb, yeni ideoloji xətt yaradıb, idarəetmədə fərqlənməyən korrupsiyalaşmış, qohumbazlıq, yerlibazlıq təliminin yeni standartını tətbiq edib. Məmur kimi, göstərilən prinsiplərin məcmusunda Ramiz Mehdiyev ruhu yaranıb.
Bax indi əsl mətləbə gəlirik. Ramiz Mehdiyevin idarəetmə prinsiplərini mənimsəmiş bir çox iri məmurlar var ki, hələ də vəzifə başındadırlar. Onun adamları Milli Məclisdən tutmuş əksər dövlət strukturlarında təmsil olunur. Türkiyədə FÖTE necə təhlükəlidirsə, Azərbaycanda da Mehdiyevin ruhunun təcəlla etdiyi bu məmurlar da bir o qədər qorxuludur. Məsələn, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BDU rektoru Elçin Babayev, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev (oğlu), Milli Məclisin sədri Sahibə Qafarova, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digər irili-xırdalı məmurların onun adamı və ya vaxtilə irəli çəkdiyi şəxslər olduğu iddia edilir.
Siyasi intriqaların unikal ustası kimi tanınan, öz ustadlarından geri qalmayan adını çəkdiyimiz və qeyd etmədiyimiz dövlət qulluqçuları az əhəmiyyətli işlərdən yapışır və yaxud sərvətlərini artırmaq, böyük biznes qurmaq üçün təsir dairələrini genişləndirmək və idarəetmə sisteminin bir parçası olaraq yerini möhkəmləndirmək üçün rəqiblərinin zəif cəhətlərini müəyyən edir, lazım gələrsə, məqsədə çatmaq üçün müxtəlif vasitələrlə xəyanət, həddindən artıq azğınlıqları ilə seçilirlər.
Ramiz Mehdiyev fenomeninin təsiri ilə özlərinin şəxsi maraqları dövlət maraqlarından üstün olan belə kadrlar rüşvət və korrupsiya sisteminin mahir biliciləridirlər. Onların dövlət və hakimiyyətin gücündən istifadə etmək, siyasi meydanda sadiqlik adı altında müxtəlif oyunları qurmaq, medianı və digər təbliğat üsullarını ələ keçirmək və bununla da toxunulmazlıq maskasını yaratmaq kimi istedadları var. Elə ona görədir ki, bu adamlara ictimai qınaq belə təsir etmir, barələrində mövcud olar haqlı narazılıqlara baxmayaraq heç bir ölçü götürülmür. Qaranlıqda ulduz kimi parıldayan, bəzən 5-ci kolonun üzvləri kimi ittiham edilən həmin kadrlar isə yaranmış fasilədən istifadə edərək “diplomatiya”, intriqa və rüşvət ustası kimi möhkəmlənməyi bacarırlar.
Məsələn, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Mehdiyevin ideoloji silahdaşı kimi hələ də müvəffəqiyyətlə dirəniş göstərir, lazım gəldikdə hakimiyyətə qarşı barışmaz olan radikal müxalifətin ruporundan istifadə etməklə şantajla tarana gedir. Özünü hakimiyyətin müxtəlif pillələrində qürurlu, təkəbbürlü, istehzalı bir aristokrat kimi tanıtmağa malik olan Sadıqov çox ustalıqla, sümük iliyinə qədər yalan danışa, üstünlüyünü və lazımlı olduğunu göstərmək üçün xeyirxah şəxs cildinə girə bilir. Hiylə və dikbaşlığını aldadıcı səmimiyyət və sadəliklə əvəz edən baş redaktor hesab edir ki, mübarizə üsulları hələ ki, təsirini itirməyib, odur ki, özünü əziyyətə çox vermir, qəzetçilikdə isə əlverişli işlər görməkdə maraqlı deyil.
Mübariz Qurbanlı isə Mehdiyevin başqa sifətidir. Deyilənə görə, Rusiya prezidenti Vladimir Putinin dostu, azərbaycanlı milyarder İlham Rəhimovla yaxından dostluq etmiş bu şəxs Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri kimi illərdir kğlgəyə çəkilib xımır-xımır “yeyir”, dövlət üçün əhəmiyyətli zamanlarda ortaya çıxmır, öz trolları ilə Mehdiyevə tabe olmayan media qurumlarını vurur, sıradan çıxarmağa çalışır, eləcə də öz sahəsi üzrə təsirli tədbirlər atmaq əvəzində Bakının mərkəzindəki evini ən bahalı formada təmir etdirir. O dini məsələlərdə passiv olmaqla, özünü gözə soxmadan primitiv dona girir, rus xalq məsəlində deyildiyi kimi “Allahdan sonra puldur” ideyalarını yaşadır. Onun vaxtilə himayə etdiyi Binəqədi qəsəbə bələdiyyəsinini sədrinə qədər yüksəltdiyi Aytac Əliyevanın taleyi gözləyə bilər. Əlbəttə, əgər dövlət istəsə.
Amma hələ ki, dövlətin din siyasətini icra edən cənab Qurbanlı öz maraqlarını dinə də, imana da qurban verməkdə davam edir. Əgər belə olmasa idi, dini siyasətin mövcud sahələrinin toplusu sosial texnologiyaların inkişaf səviyyəsi ilə eyni olardı.
Doğrudur, ölkəmizdə tolerantlıq dünya ölkələrinə nümunə çəkilir. Ancaq bu, Qurbanlının xidmətləri deyil. Azərbaycan xalqı özü-özlüyündə tolerant təbiətə malikdir, qanında ayrı-seçkilik, ifrat millətçilik kimi neqativ cəhətlər, ümumiyyətlə, mövcud deyil. Azərbaycan dövlətçiliyinin yeni əsaslarını yaradan Heydər Əliyevin əvəzedilməz xidmətləri nəticəsində bu gün də həmin siyasi kurs uğurla davam etdirilir. Amma ölkədə İslam dinində qara yara olan İranın ayrı-seçkilik cərəyanının geniş yayılması kimi hallar geniş vüsət alıb ki, bu da Mübariz Qurbanlının yarıtmaz, Mehdiyev prinsiplərindən doğan ikrah münasibətindən irəli gəlib. Bununla bağlı mövzunu uzatmaq olar, amma məqsəd yazıda Mübariz Qurbanlının mahiyyətini açmaq deyil, Mehdiyev ruhunun daşıyıcılarının ümumi mənzərəsini yaratmaqdır.
Görünən odur ki, dövlət mehdiyevçiliyi tam ləğv edə bilməsə də, Ramiz Mehdiyevi bağışlamayıb. Elə bu yaxınlarda oxuduğum pritçalardan birində deyildiyi kimi: “Öz sarayında qəfəsdə saxladığı düşmənlərdən birinin “Sezar, yalvarıram, öldür məni” yalvarışlarına cavab olaraq Roma imperatoru Tiberi elə belə də demişdi: “Mən səni hələ bağışlamamışam”.
KONKRET.az