Prezidentin hörmətlə yanaşdığı bir neçə deputat varsa, bəlkə də onun birincisi, Vahid Əhmədovdur.
Bunu ölkə başçısının bölgələrdə keçirdiyi görüşlərdə müşahidə etmişəm.
Elə deputatlar var ki, bu cür tədbirlərdə mühafizəçilər, polislər onu ora-bura itələyir.
Vahid Əhmədovun isə həmişə Prezidentin yanında xüsusi yeri olub.
Çünki, kiminsə xahişi ilə mandat almayıb.
Azsaylı deputatlardandır ki, legitimliyinə şübhə yoxdur.
Prezidenti dəstəklədiyini gizlətməyib. Hökumətin fəaliyyətinə tənqidləri də əsaslandırılıb.
Bu gün onun əleyhinə danışan deputatların hamısından xalq arasında hörmətlidir.
Bəziləri kimi təmsil etdiyi rayona gedəndə xalqdan yayınmayıb.
Hər zaman seçicilərinin yanında olub.
Onu da unutmayaq ki, Qubada qiyam başlayanda onun yatırılmasında Vahid Əhmədovun xüsusi rolu olub.
Artıq ölkədə müstəqil deputat ifadə azadlığına görə hücuma məruz qalırsa, o zaman vətəndaşın ifadə azadlığından necə danışa bilərik?
Onun Mehman Hüseynova müsahibəsinə baxdım. “İntizamsızlıq edib” deyirlər.
Hansı intizamsızlıqdan söhbət gedir? Bəlkə, parlamentin iclas salonunda nalayiq sözlər deyib, yaxud, icazəsiz çıxış edib?
O, korrupsiyadan danışıb. Hökuməti tənqid edib.
Bu gün onu tənqid edənlər, hansı uğurlu fəaliyyəti ilə yadda qalıb.
Bu o Vahid Əhmədovdur ki, illərlə dirəndi ki, əhalinin banklarda batan əmanətlərini qaytarın.
Həmin Vahid Əhmədovdur ki, ünvanlı yarımlardan tutmuş, əhalinin müxtəli sosial problemlərini dilə gətirib, bir sıra hallarda ona nail olub.
Bu həmin Vahid Əhmədovdur ki, illərdir, məclisdə Rəqabət Məcəlləsinin qəbulu üçün çalışır.
Yüksək iqtisadi biliklərə malik olan bir şəxsi cəmiyyətin lağ obyektinə çevirdiyi, barəsində lətifələr yaratdığı deputatlara söydürmək olmaz.
Həm də bu gün başlanan kampaniya Avropa Şurası sessiyasının keçirildiyi günə təsadüf elədi.
Əgər bu gün müstəqil deputat ifadə azadlığına görə hücuma məruz qalırsa, hansı ifadə azadlığından danışmaq olar?