“Vaqner” hərbi birləşməsinin rəhbəri Yevqeni Priqojinin son açıqlamaları müharibənin gedişatı barədə bəzi məqamlara aydınlıq gətirdi. Y.Priqojin videoçıxışında Rusiya müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun ünvanına kəskin fikirlər bildirdi. Həmçinin döyüşləri davam etdirmək üçün silah-sursat çatışmazlığının olduğunu da qeyd etdi.
Hazırda Ukrayna cəbhəsində döyüşlər gedir və tərəflərin yeni hücum əməliyyatlarına başlayacaqları haqda məlumatlar yayılır.
Bəs indi Ukraynada vəziyyət necədir? Gözlənilən əməliyyatlar nə zaman başlayacaq? Sursat çatışmazlığı ilə bağlı problem aradan qaldırılıbmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ukraynanın Odessa vilayətində yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu hər kəsin əks-hücum əməliyyatlarına hazırlaşdığını söyləyib:
“Burada ordunun da, xalqın da əhvali-ruhiyyəsi yüksəkdir. Hər kəs işğal altındakı torpaqların azad olunması uğrunda əks-hücum əməliyyatlarının həyata keçirilməsinə hazırlaşır. Hər şey qaydasındadır, daha da yaxşı olacağına inanırıq. Təchizatla bağlı heç bir problem yoxdur. Həm hücum, həm də müdafiə tipli silahlarla bağlı vəziyyət qaydasındadır. Bununla yanaşı Ukrayna silahlı qüvvələrinə məxsus təxminən 50 min nəfərlik elit qoşun müasir silahlardan istifadə üçün xaricdəki təlimlərini başa vuraraq ölkəyə qayıdıb. Genişmiqyaslı əks-hücum üçün hazırlıqların son mərhələsi həyata keçirilir”.
A.Natiqoğlu Rusiyada vəziyyətin tamamilə fərqli olduğunu bildirib:
“Rusiyada isə vəziyyət fərqlidir. Burada hakimiyyət və ordu qüvvələri, mərkəzi ordu qərargahı və “Vaqner”çilər arasında yaranan konfliktlərdən artıq hər kəsin xəbəri var. Ordu komandanları və özəl birlik rəhbərləri arasındakı qarşılıqlı nifrət videolara da paylaşılır. Bu isə Rusiya hakimiyyəti və ordu sistemində hərc-mərclik olduğunun göstəricisidir. Ruslar müharibənin ilk günlərindən elit qüvvə adlandırdıqları desant qüvvələrini, xüsusilə “kadırovçular”ın böyük bir qismini itirdikləri üçün hazırda müharibəni dağılmış, sistemsiz bir ordu ilə davam etdirir. Halbuki Ukrayna ordusu müasir silahlarla təchiz edilib. O cümlədən ordu generalları bir neçə dəfə sübut etdilər ki, taktiki gedişlər baxımından Ukraynanın Rusiyadan üstün olduğunu sübut etdilər”.
“Bir sözlə, yaxın günlərdə əsas gözlənilən hərəkətlilik Ukraynanın genişmiqyaslı əks-hücuma keçməsidir. Rusiyanın heç bir şansı yoxdur, sadəcə ağıllı davransalar, işğalda olan əraziləri vaxtında tərk edərlər”, – o bildirib.
Ayşən Mustafa
Globalinfo.az