"Mənimlə əlaqə saxlayan bir çox naxçıvanlıdan eyni şikayətləri eşidirəm: “Nə dəyişdi ki? Vasif Talıbovun vaxtında hakimiyyət orqanlarına şərurlular gətirilirdi. O getdi, Fuad müəllim gəldi, indi də hakimiyyətdəki şərurluları şahbuzlular əvəz edir”. Doğrusu, əl boyda Naxçıvanda bu cür xırda yerlipərəstlik söhbətlərini dinləmək və yaymaq mənim xoşuma getmir. Amma insanların şikayətlərinə qulaqlarımızı tıxamaqla da uzağa gedə bilmərik". DİA.AZ bildirir ki, bunu əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz açıqlamasında qeyd edib.
Daha sonra H.Oğuz yazır: "Normal cəmiyyət qurmaq istəyiriksə, arzuladığımız ədalətli sistemi ilk öncə bölgələrdə yaratmağa başlamalı və mərkəzə doğru irəlilətməliyik. Bu gün Naxçıvandakı idarəetmə strukturlarına təyinatlarda camaatın diqqətini bu cür neqativ hallar cəlb edirsə, deməli, hardasa yanlışlıqlara yol veririk.
Mənim fikrimcə, idarəetmə orqanlarına təyinatlarda hər kəsi qane edən qızıl ortanı tapmaq üçün seçim imkanlarını maksimum səviyyədə cəmiyyətin öz ixtiyarına buraxmaq lazımdır. İnanıram ki, Naxçıvanın rəhbərini naxçıvanlılar seçki yolu ilə müəyyənləşdirsəydi, bu cür neqativ təsəvvürlər və narazılıqlar da yaranmazdı. Yerli rəhbər ona səs verən hər kəsə eyni gözlə baxmağa çalışar, cəmiyyət isə seçki zamanı gələndə neqativ qiymətləndirdiyi halların hesabatını yerli rəhbərdən sora bilər və onu öz səsi ilə cəzalandırardı. Beləcə, hər şey nizama düşərdi.
Üstəlik, təkcə Naxçıvan MR-ın (açığı, mən Muxtar Respublika statusuna da qarşıyam, amma əgər bu statusu saxlanılıbsa, heç olmasa onu doğru-düzgün idarə etmək lazımıdır) rəhbəri deyil, rayonların, kəndlərin idarəçiliyi də yerli bələdiyyələrin ixtiyarına verilməlidir. Əgər bu sistemi bərqərar edə bilsəydik və idarəetmə strukturlarına təyinat da bu bələdiyyələr vasitəsilə müəyyənləşsəydi, məmurların regional mənsubiyyətindəki tarazlıq da qorunardı. Düşünürəm ki, Azərbaycan rəhbərliyi istimai sifarişə çevrilən bu tələbləri nəzərə almalı və maksimum səviyyədə seçkili orqanların fəaliyyətini gücləndirməlidir. Əks halda cəmiyyətimizi regionlara, rayonlara, kəndlərə bölə-bölə özümüz millətləşmə prosesinin qarşısını ala bilərik. Vaxtilə böyük imperiyalar qurmuş Azərbaycan xalqı məhz bu cür bölünmələrlə indiki hala gəlib çıxmışdır. Millətləşmə prosesinin düzgün keçirə bilmədiyimizdən əl boyda ölkəmiz neçə xanlıqlara bölünmüş, daha sonra rahatlıqla rus imperiyasının loxmasına çevrilmişdik.
İndisə loxmalaşma hətta rayonlar, kəndlər səviyyəsində kiçilir. Azərbaycan sanki hansısa güc mərkəzlərinin rahat hulqumuna çevrilmək üçün hazırlanır".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...