Zaman keçdikcə məlum olur ki, Rusiya Müdafiə Nazirliyindən və ümumilikdə hərbi-siyasi rəhbərlikdən narazılıq edən və ona qarşı çıxan təkcə “Vaqner” başçısı Yevgeni Priqojin deyil. Artıq rus ordusunun öz daxilində Müdafiə naziri və Baş Qərargah rəisinə qarşı üsyan sədaları eşidilməkdədir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Dumasının üzvü, general Andrey Qurulyov Rusiyanın Ukraynadakı işğalçı 58-ci ordusunun komandanı, general-mayor İvan Popovun audio müraciətini yayımlayıb.
Rus generalı öz müraciətində ordu rəhbərliyini olduqca sərt sözlərlə tənqid və ittiham edib. Popov deyib ki, rəhbərliyin “satqınlığını və alçaqlığını” onların üzünə söylədiyi üçün ordu komandanlığından kənarlaşdırılıb və onun gələcək hərbi taleyi qeyri-müəyyəndir.
General qeyd edib ki, Rusiya ordusu artilleriyanın işinin və artilleriya əleyhinə mübarizənin düzgün təşkil edilməməsi, artilleriya kəşfiyyat stansiyalarının olmaması və s. ucbatından olduqca böyük canlı qüvvə itkisi verir: “Bunları ən yüksək rəhbərlik səviyyəsində sərt və qəti şəkildə söylədim. Buna görə görünür, rəhbərlikdə məndən təhlükə hiss etdilər və bir günün içərisində Müdafiə nazirinin əmrini hazırlayıb, məni kənarlaşdırdılar, başlarından etdilər”.
Popov ad çəkmədən deyib ki, rəhbərlər onu komandanlıqdan uzaqlaşdırmaqla orduya arxadan xain zərbə vurur: “Ordunu ən ağır vaxtda satqın və alçaq şəkildə başsız qoyan rəhbər bizi arxadan vurdu”.
Qeyd edək ki, bu həftə ABŞ Müharibə Araşdırmaları İnstitutu general Popovun 58-ci ordunun komandanı vəzifəsindən Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən azad edildiyini yazıb. Məlumatda bildirilirdi ki, general Zaporojye istiqamətində döyüşən 58-ci ordunun və ümumilikdə bu istiqamətdəki qoşunların rotasiyasını tələb edib. Ordu rəhbərliyi isə bunu qətiyyətlə rədd edib və Popovu vəzifəsindən azad edib.
Əksər şərhçilər qeyd edirlər ki, getdikcə Rusiya ordusu daxilində narazılıqlar və üsyanlar artır. Bu isə Kreml üçün Ukrayna ordusundan da təhlükəlidir.
C.Məmmədov
“AzPolitika.info”