BMT-nin Haaqa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin cinayət məsuliyyətinə cəlb olunması barədə çıxardığı qərar Kreml sahibinin fəaliyyətini məhdudlaşdırıb. Bu qərardan sonra Putin səfər edəcəyi ölkələrin sayını kəskin şəkildə məhdudlaşdırıb, o hətta Roma statuna (Haaqa Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürən ölkələr – red.) qoşulmayan dövlətlərə getməkdən belə çəkinib. Müşahidəçilər Rusiya liderinin avqustda Türkiyəyə rəsmi səfərdən imtina etməsini də onun həbs qorxusu ilə izah edirlər.
Bu tendensiya Kreml rəhbərinə nə vəd edir, Rusiya dövlətinin beynəlxalq aləmdə yüksək səviyyədə təmsilçilikdən məhrum olması hansı problemlərə gətirib çıxara bilər?
Rusiyalı sosioloq, politoloq İqor Eydman deyir ki, Putin dəhşətli dərəcədə qorxaqdır: “Bu baxımdan Haaqa Məhkəməsinin qərarının onun üçün nə demək olduğu aydındır. Türkiyənin onu ekstradisiya etməyəcəyi aydın idi, buna baxmayaraq, Putin Ankaraya gəlməkdən qorxur. Üstəlik, bu, təkcə siyasi problem deyil, həm Putin, həm də Putin Rusiyası üçün fundamental problemdir. Rusiya Prezidenti konstitusion vəzifələrini tam yerinə yetirə bilmir. O, Rusiyanı xarici aləmdə təmsil etməlidir, danışıqlar aparmalıdır. Rusiyada dövləti beynəlxalq arenada təmsil edə biləcək başqa yüksək səviyyəli şəxs yoxdur, bu funksiyanı prezident yerinə yetirməlidir, lakin indi o, bunu həyata keçirə bilmir”.
Eydman vurğulayır ki, bu, Rusiyada gələn ilin martında keçiriləcək “seçkilər” ərəfəsində maraqlı vəziyyət yaradır: “Əlbəttə, martda keçirilməli olan seçkilər sadəcə Putinin Rusiyada diktatura idarəçiliyi üçün aldığı mandatın yenidən qeydiyyatıdır. Əminəm ki, Rusiya siyasi elitası bu vəziyyəti görür və başa düşür ki, onun prezidenti öz funksiyalarını yerinə yetirə bilmir. Beləliklə, o, nəinki ölkənin, hətta hakim elitanın özünün də maraqlarını əks etdirə bilmir. Məncə, bu vəziyyət Putin üçün başlıca problemdir. Bu, elitanın nə vaxtsa belə bir prezidentin əlindən canını qurtarmağa çalışmasına təkan verən amillərdən biri ola bilər. Çünki Putin əslində beynəlxalq arenada öz ölkəsinin və hakimiyyətinin maraqlarını müdafiə edə bilməyən, sadəcə olaraq, fiziki olaraq bunu etməyə qorxan, aktiv xarici siyasət imkanlarını itirmiş şəxsdir...”
Rasim Əliyev
“AzPolitika.info”