Cənubi Qafqazda proseslər gərginləşdiyi bir zamanda həm Ermənistan, həm də Azərbaycan müttəfiqləri ilə təmasları sıxlaşdırır. Ermənistanın Fransa, İran, Hindistan konfiqurasiyasına qarşı Azərbaycan, İsrail və Türkiyə ilə yeni siyasi-geopolitik ittifaq hazırlığındadır.
Maraqlıdır, hərbi toqquşmalar başlasa, Azərbaycanın Vətən müharibəsindəki müttəfiqləri yenə onun yanında olacaqmı? Rusiya bu birlikdə hansı formada təmsil olunacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, yeni konfiqurasiyadakı əməkdaşlıq forması bilavasitə strateji əməkdaşlığa əsaslanır:
Əziz Əlibəyli
“Yəni bu, regionda İsrail-Türkiyə-Azərbaycan hərbi ittifaqı mənasına gəlir. Məsələ ondadır ki, hər üç ölkənin Cənubi Qafqazda üst-üstə düşən maraqları var.
Düzdür, Fələstin, Qüds kimi məsələlərdə Türkiyə və İsrail fərqli mövqelərə sahib olsa da bu, Cənubi Qafqazda belə deyil.
Ölkələrin uzunmüddətli və qısamüddətli strateji maraqları olur. Qısamüddətli strateji maraqları bir müddətlik kənara qoymaq olar. Hesab edirəm, hazırda Türkiyə və İsrailin etdiyi də məhz budur.
2020-ci ildəki müharibə bir president, təcrübə yaratdı. 2023-cü il hadisələri isə, diqqət etsəniz, dərhal regionda formalaşan yeni ittifaqlar ilə müşahidə edilir. Yəni 2020-ci ildə Ermənistan-Azərbaycan üz-üzə idisə, hazırda bu iki dövlətin timsalında həm də onların müttəfiqləri üz-üzədir. Bu həm də yeni bir müharibənin regional müstəvidə ölkələrin maraqları uğrunda aparılacaq savaş olacağını göstərir.
Bu gün Azərbaycanın yanında Macarıstan, İtaliya, Britaniya, Pakistan var. Və bu ölkələr də böyük ehtimalla toqquşmalar olacağı təqdirdə Bakıya dəstək ifadə edəcək”.
Ə.Əlibəyli hesab edir ki, Azərbaycan ərazisində qondarma qurumun varlığına, dövlət kimi formalaşma cəhdinə səssiz qalmayacaq:
“Hesab edirəm, bu gün regionda yeni hərbi toqquşmanın olma ehtimalı yüksəkdir. Azərbaycan öz ərazisində qondarma rejimin seçki keçirməsinə göz yummamalıdır. Separatçıların bu cəhdləri toqquşmaları qaçılmaz edir. Bundan başqa, Ermənistan-Rusiya münasibətləri də regionda gərginliyi artıran bir faktordur. Bu həm də Ermənistandakı hərbi bazaların çıxarılması Rusiya ilə imzalanan hərbi sazişlərin pozulması deməkdir. Kremlin isə buna cavabı sərt olacaq”.
Turan Rzayev
Globalinfo.az