"Antiterror əməliyyatının ardınca onu canı və qanı bahasına həyata keçirən hərbçilərimizin mükafatlandırılmasına artıq start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Hərbi Xidmət Haqqında Qanuna" bir sıra dəyişikliklər təklif edib.
Təklif olunan dəyişikliklər arasında hərbi xidmətdən pensiyaya çıxmaq yaşının 48-dən 53-ə, xidmət müddətinin isə 20 ildən 25 ilə artırılması nəzərdə tutulur. Üzr istəyirəm, "artırılması" yox, "dəyişdirilməsi". Maliyyə Nazirliyi də təklifləri dəstəkləyib."
Məlum olur ki, bu təkliflə bağlı ölkənin 3 nazirliyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi arasında razılaşma əldə olunub. Hətta müvafiq sənədlər də imzalanıb. İndi isə məsələ ictimailəşməyə başlayanda hamısı özünü kənara çəkir, amma biri də durub açıqlama vermir ki, belə bir niyyət olmayıb, yoxdur və olmayacaq.
Bu da o deməkdir ki, gözləyirlər ara sakitləşsin və davam etsinlər. Edəcəklər də, necə ki, bundan əvvəl Maliyyə Nazirliyi Türkiyə generallarının Azərbaycan Ordusunun hərbçilərinə əməkhaqqı barədə verdiyi təklifləri rədd etmişdi. Halbuki bu, Türkiyə modelinə keçid üçün ilk və zəruri addım idi.
Bundan başqa Türkiyə generalları o təkliflər paketini öz təşəbbüsü ilə deyil, Azərbaycan hakimiyyətinin, yəni İlham Əliyevin orduda islahatlar aparmaq istəyi əsasında tərtib etmişdi. Odur ki, məntiqlə Samir Şərifov rədd olunmalı idi, amma nəinki olunmadı, hətta pozucu fəaliyyətini davam etdirir də.
Paradoksal vəziyyət alınır: ölkənin siyasi hakimiyyəti, daha doğrusu İlham Əliyev, orduda islahatlar aparmaq istədiyini deyir və bu məqsədlə Türkiyə ordusunun generallarını dəvət edir. İlham Əliyevin nazirləri isə Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi istiqamətində irəli sürülən istənilən təşəbbüsü beşiyindəcə boğur.
Amma paradoks bunda da deyil, ölkənin siyasi hakimiyyətinin, yəni İlham Əliyevin təşəbbüslərinin onun öz nazirləri tərəfindən sabotaj edilməsindədir. Əgər bu sabotajdırsa, o zaman onlar niyə cəzalandırılmır? Yox, əgər sabotaj deyilsə, o zaman nədir?
Mövzuya qayıdacağıq.
Ərəstun Oruclu
Teref.az