Məlum olduğu kimi, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev son açıqlamasında maraqlı etiraflar edib.
O, “Bank BTB”-nin onun ailəsinə məxsus olduğunu deyib. Qeyd edib ki, bank gəlininin adına olsa da, onu general rütbəli oğlu Teymur Mehdiyev idarə edir. Hansı ki, məmur, general maaşı ilə bank açmaq, bank sahibi olmaq absurddur. Bununla da Mehdiyev dolayısı ilə “Bank BTB”-nin onun özünün və oğlunun korrupsiya gəlirlərindən formalaşdığını etitraf etmiş olub.
İqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı özünün “feysbuk” səhifəsində paylaşım edib. Həmin yazını təqdim edirik: “Azərbaycanda ən şəffaf sahə korrupsiyadır – hamı hər şeyi bilir” silsiləsindən: Bank BTB-nin Ramiz Mehdiyevə aid olduğu çoxdan bilinirdi, Ramiz müəllim isə dünən deyib ki, mənim deyil, oğlumundur – oğlu isə general, nazir müavini və məmurdur. Sonra da düzəliş edib ki, bankı oğlu idarə edir, amma həyat yoldaşının adına rəsmiləşdirilib.Məntiqlə, məmurların bizneslə məşğul olmaq qadağasına görə Ramiz müəllimin oğlu ya işdən çıxarılmalıdır, ya da biznesdən getməlidir – amma olmayacaq, bu ölkədə məntiq yoxdur, Ramiz müəllim də sanki açıq danışıb meydan oxuyur ki, hamınızın obyektləri, biznesi var da, elə gözünüz məni görüb?! Çox maraqlıdır ki, uzun zamandır susqun qalan Ramiz müəllim Rusiyadan yüksək rütbəli məmur ölkəmizə səfər edən, rus gəmisi Bakı limanına gələn gün danışıb – yəni, mən hələ də buralardayam ha...”
C.Məmmədov