Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası komandasının keçmiş əməkdaşı Emin Nəcəfzadə sosial şəbəkələrdə sensasion iddia ilə çıxış edib.
Gununsesi.info xəbər verir ki, o, “Facebook” və “TikTok” hesabında yaydığı videolarda işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi əməliyyatlarında külli miqdarda pullar silindiyini iddia edib.
Emin Nəcəfzadə yaydığı görüntülərdə qeyd edir ki, azad olunmuş ərazilərin bir qismi minalanmış ərazilər kimi göstərilir. “Biz bu ərazilərdə dəfələrlə olmuşuq, bu ərazilərdə heç bir mina basdırılmayıb. Ərazi mina sahəsi kimi işarələnib. Lakin bunlar reallığı əks etdirmir, burada heç bir mina basdırılmayıb. Suqovuşanda və Talış ərazilərində də eyni mənzərə ilə qarşılaşmışıq”, – deyə o bildirib.
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildiriblər ki, Emin Nəcəfzadənin sosial şəbəkələrdə yaydığı videolar yalan-böhtan xarakterlidir, təşkilatın ictimai nüfuzuna, fondun əməkdaşlarının şərəf və ləyaqətinə xələl gətirmək məqsədi ilə yayılıb.
“Emin Nəcəfzadə bu ilin noyabrın 4-də öz qeyri-etik davranışı ilə Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyət göstərdiyi sahədə olarkən komanda yoldaşı ilə mübahisəyə başlayaraq ona bıçaqla zərər yetirməyə çalışıb və komanda daxili intizamı kobud şəkildə pozub. Dərhal məsələ ilə bağlı təşkilat daxili komissiya yaradılaraq izahatlar, şahidlərin ərizələri və digər faktlar toplanaraq akt tərtib olunub. Baş verən hadisə ilə bağlı Emin Nəcəfzadə ilə olan əmək müqaviləsinə birtərəfli xitam verilib”, – deyə açıqlamada bildirilib.