Yay aylarında insanların ən çox üz tutduğu ərazilərdən biri də meşələrdir. Bu gün Azərbaycanda heç kəsə sirr deyil ki, insanların rahat dincəlmək üçün üz tutduqları meşə əraziləri bir qrup "sahibkar” tərəfindən restoran və iaşə obyektlərinə çevirilib və hardasa tam inhisara alınıb. Xüsusən son illər bu cür obyektlərin sayı demək olar ki, günbəgün artmaqdadır. Meşələrdə axan çayların əksəriyyətinin üzərinə və yaxud ətrafında kafe və restoranlar salınıb. Bununla belə, meşəətrafı ərazilərdə yerləşən göllərin də yan-yörəsi kafe və restoranlarla əhatələnib. Misal üçün Qəbələyə ailəsi ilə gedən həmkarımızdan biri Nohurgölün daha asan gəzməli və görməli yerinə də baş çəkib. Orada isə göl sahilində bütün ərazilərin zəbt olunduğunu görüb. Cibində pulun olmasa, göl qırağında dayanmaq belə mümkün deyil. Çünki gölün bütün əsas hissələri kafe vər restoranlarla zəbt olunub. Gölün hər hansı bir hissəsində süfrə salıb, oturmaq da mükün deyil. Gölün özündə isə xüsusi qayıqlarla gəzməlisən. Şəxsi qayıqla sözügedən göldə gəzmək mümkün deyil. Eyni cür hallar İsmayıllı, Lənkəran, Astara və Lerik rayonlarında da müşahidə edilir. Sözügedən rayonlarda da əksər meşə hissələri ya zəbt edilib, ya da sahibkarlar tərəfindən icarəyə götürülüb. Mövzunun aktuallığını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icraçısı Cabbar Qəribovla söhbətləşmək üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki qərargahına üz tutduq. Cabbar Qəribov suallarımızı cavablandırmaq üçün öz yanına xidmətin sektor müdiri Sadiq Salmanovu da dəvət etdi.
- Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Meşələrin İnkişafı Xidməti hazırda hansı işlərlə məşğul olur?
- Xidmətimizin əsas vəzifələrindən biri meşənin mühafizəsi, meşənin bərpası və meşə fondundan istifadəyə nəzarət etməkdir. Bu üç əsas istiqaməti var. Bizim əsas müzakirə mövzumuz meşə fondu ərazilərindən istifadə qaydalarıdır.
- Nə qədər meşə fonu əraziləri icarəyə verilib?
- Bizdə meşə fondundan istifadə məqsədiylə iki cür müqavilə əsasında icarə qaydası var. Turizm-rekreasiya resursları, digəri isə meşə-bağların salınması məqsədi ilə verilən icarə meşə torpaqlarıdır.
Torpaqların hansı məbləğə icarəyə verilməsini isə Sadiq Salmanov daha yaxşı bildiyi üçün o deyəcək.
Sadiq Salmanov:
- Ümumiyətlə, meşə torpaqların kafe-restoranlar üçün illlik icarə haqqı 1 hektara qədər 400 manatdır, artıqdırsa, ikiyə vurulur. Bu qiymətlər rayonlara və torpağın təyinatına görə dəyişir. Sözügedən icarə haqları isə illik 1 milyon manata yaxındır. Vəsaitlər də dövlət büdcəsinə köçürülür. Əlavə meşələrdə yerləşən kafe və restoranlardan ekologiya işçiləri heç bir qazanc götürmür...
- İstənilən şəxs meşə torpaqlarından kafe və restoran işlətmək üçün icarəyə götürə bilər?
Cabbar Qəribov:
- Bu, tender yolu ilə verilmir. Nazirlər Kabinetinin müvafiq qaydaları ilə tənzimlənir. Birinci Meşələrin İnkişafı Xidmətinə bu məsələ ilə bağlı müraciət edilir. Müraciət əsasən qanunvericilik aktının tələb etdiyi şərtlərə uyğundursa, biz buna müvafiq qurumlarla birgə razılıq veririk. Meşə bağlarının salınması üçün meşə torpaqları Nazirlər Kabinetinin 214 saylı qərarları əsasında, istirahət rekreasiya, turizm, tədqiqat məsələləri və digər məsələlərlə bağlı torpaqlar isə 319 saylı qərarla icarəyə verilir. Hər gələn "mənə dağda yer ver” deyənə icarəyə torpaq vermirik.
Sadiq Salmanov:
- Vətəndaş bizim xidmətə müraciət edir. Biz regional idarələrə bunu göndərib, yerində araşdırmasını tələb edirik. Onlar bizə öz rəy və təkliflərini bildirdikdən sonra qərar veririk. Məqsədəuyğundursa, razılıq veririk. Əgər onlar buna mənfi rəy yazırlarsa, müsbət cavab vermirik. Bu icazələrin verilməsində də hər hansı rüşvət təkliflərindən söhbət gedə bilməz. Əks halda onlar buna görə cavab verməli olurlar. İcarə müqaviləsi rekreasiya turizmi məqsədi üçün 10 ilə qədər, meşə bağ salınması məqsədi üçün 49 ilə qədər verilir. Bu gün 5 hektara qədər meşə zonalarında müasir tipli meyvə bağları salınıb. Suvarma suyu ilə intensiv təmin edilib.
- Bu günə kimi nə qədər meşə sahəsi icarəyə verilib?
Cabbar Qəribov: - 5690 hektar meşə torpaq sahəsi bağçılıq üçün, turizm rekreasiyası üçün 1200 hektar torpaq sahəsi icarəyə verilib. Təkcə Lənkəran Regional Meşə Təsərrüfatına daxil olan 3 rayon - Astara, Lerik, Lənkəranı əhatə edir. Bu rayonlarda 64 hektar meşə torpaq sahələri turizm rekreasiyası salınması məqsədi ilə icarəyə verilib.
- İcarəyə müqavilələri hansı hallarda pozulur?
- Müqavilədə nəzərdə tutulan bir bənd pozularsa, icarə müqaviləsinə sahibkarla xitam verilir. Aqrobağ salınması məqsədi ilə bu günə qədər icarəyə verilən 4 min hektardan çox müqaviləyə xitam verilib. Bəzi sahibkarların bizdən torpağı meyvə bağı salınması məqsədi ilə icarəyə alıb, başqa məqsədlər üçün istifadə etməsi də müəyyən edilib. Belə hallarda icarə müqaviləsinə xitam veririk. İaşə obyektlərində də bu cür sui-istifadə halları olur. Amma bizim onların tikdirdikləri obyektləri sökmək ixtiyarımız yoxdur. Bu, ancaq məhkəmə yolu ilə baş tuta bilir. Son iki il ərzində 18 restoran və kafe işlədən obyekt sahibləri ilə müqaviləyə xitam vermişik.
Ətraflı
- Meşə fonu ərazilərində salınan iaşə obyektlərində bəzən vətəndaşlar rahat daxil olub, istirahət edə bilmir. Demək olar ki, hər bir şey ödəniş əsasında aparılır. Nohurgöldə də belə hallar yaşanır.
- Hər kəsin meşədə gəzmək və istirahət hüququ var. İcarədarın belə ixtiyarı yoxdur ki, sən burda deyil, orda otur. Çay, göl kənarları da bura daxildir. Dediyimiz kimi, hazırda monitorinq aparılır. Bu dəqiqləşmələr aparılacaq. Bu dəqiqləşmələrdən sonra meşələrdə hər yer icarəyə verilməyəcək. Bəzi yerlərdə boşluqlar saxlanılacaq. İnsanlar gedib orada rahat dincələ bilsinlər. Yol kənarı meşə zolaqlarında isə hələ ki əhalinin dinclməsi üçün kifayət qədər yerlər var. Şamaxıda, Zaqatalada da belə ərazilər var. Bu proses hələ ki gedəcək. Meşə qurluşu zonaların kadastırı hazırlanır. Nohurgöl də bizim ərazidir. Burda da icarə müqaviləmiz mövcuddur. Amma baxmaq lazımdır ki, hansı ərazi üzrə bura icarəyə verilib. Əgər vətəndaşların gedib orada rahat dincəlməsinə icazə verilmirsə, bu barədə Reginal Ekologiya İdarələrinə şikayət olunmalıdır.
- Hazırda meşə zolaqlarını iaşə obyektləri üçün icarəyə vermək məsələsi dayandırılıb?
- Bəli, dayandırılıb. Çünki bununla əlaqədar məlumat sistemi yaradılır. Komissiya yerlərdə yoxlama aparır. Obyektlərdə hazırda araşdırma gedir. Nə qədər ərazi icarəyə verilib və nə qədər ərazi zəbt edilib... Bunun reyesteri çıxarılacaq. Bununla yanaşı, icarə verilən torpaqlarda bütün tikililər uçota alınır. Müqavilədən kənar zəbt olunmuş torpaqlara görə əlavə icarə haqqı alınır. Yaxud müvafiq hesab olunmursa, ərazi boşaldılır.
- Meşələrdə salınan iaşə obyetlərində samovar və yaxud manqal qalamağa da icazə varmı?
- Bəli, müəyyən şərtlərlə buna icazə var. Amma buna yanğın əleyhinə tədbirlər görülmək şərti ilə icazə var... Şərtlərə əməl etməyənlərlə müqavilə müddəti uzadılmayacaq. Buna görə vaxtaşırı monitorinqlər aparılır.
- Xahişlər olurmu?
- (Gülür) Hamıya necə, bizə də elə... Çox yox, təsadüfən icra başçıları tərəfindən də xahişlər olunur. Olanda-olur. Bəzən icra başçıları şəhid ailələri ilə bağlı da müraciət edirlər. Bəzən şəhid ailəsinə yol kənarında qutab, kabab, çörək bişirməsi üçün yer verilməsinə görə də olur.
- Meşələrin İnkişafı Xidməti olaraq sizi ən çox nə narahat edir?
Cabbar Qəribov: - Sadiq müəllim, buna siz cavab verin:
Sadiq Salmanov: - Bizi ən çox Ədliyyə Nazirliyinin məhkəmə və icra probasiya şöbələrinin əməkdaşları işimizə maneəçilik törədirlər. Məhkəmələrdə elə qərarlar qəbul edirlər ki, bu bizim işimizə ciddi maneəçilik törədir. Misal üçün ağac kəsən şəxslə bağlı protokol tərtib edib, məhkəməyə göndərmişik. Məhkəmələr çox vaxt bizim yazdığımız cəriməni azaldır və yaxud üzərindən xətt çəkir. Neçə obyekt barəsində tədbir görülməsi üçün məhkəməyə müraciət etmişik. Obyekt sökülməli və yaxud ləğv edilməlidir. Məhkəmə qərar çıxarıb, amma iş gedib icra probasiya şöbələrində iki ildən çox "ilişib” qalır.
Cabbar Qəribov da Sadiq Salmanovun fikirlərinə dəstək verir: - Bəli, 2007-ci ildən bəri ödənilməmiş cərimələr var. Brakonyerlər var ki, üç dəfə cərimələnib, cəriməsini hələ də ödənməyib.
- Hazırda meşə torpaqlarında yerləşən fərdi evlərlə bağlı nə kimi tədbirlər görülür?
- Belə yerlərimiz var. Bələdiyyələrlə də mübahisələrimiz olur. Meşə torpaqlarının elektron kadastırı hazırlanır.
Eyni meşə fondunun zəbt edilməsi ilə əlaqədar əvəzləşdirilməsi nəzərdə tutulur. Yerli İcra Hakimiyyəti, Dövlət Əmlak Xidməti və Ekologiya Nazirliyinin ekologiya anzirliyi işçi qrupu yaradılıb və iş başa çatdırılacaq. Eyni zamanda Azərbaycan Respublikasının Meşə Məcələsinin təkminləşdirilməsi haqqında sənəd hazırlanıb. Avqust ayının işçi qrupu tərəfindən iş başa çatırılacaq və Milli Məclisə təqdim olunacaq.
17 rayonda meşə fondunun sərhədləri artıq hazırdır. Burada Türkiyə, Gürcüstan, Qazaxıstan və əsasən də Almaniyanın təcrübəsi öyrənilir. Lerikdə 720 hektar meşə torpaq sahəsində kənd yerləşir. Deputat İqbal Məmmədov da bu məsələdən xəbərdardır. Bizə təklif olundu ki, sözügedən meşə ərazisinin əvəzinə başqa yerdə bizə sahə ayrılsın. Gedib baxdıq ki, belə bir boş sahə tapmaq mümkün deyil. Məsələ qalıb yarımçıq. Astarada 242 hektarda yerləşən bir kənd var. Artıq bütün respublika üzrə o yerlər çıxarılır. İndi biz hansı rayonda nə qədər zəbt olunan torpaq sahəsi varsa, yerləri və koordinatları ilə icra hakimiyyətlərinə sənədlər göndərmişik. İcra hakimiyətləri ilə qarşılıqlı razılaşmaq yolu ilə bunların başqa torpaqlarla əvəzlənməsini istəyirik. Bəzi yerlərdə bu iş normal aparılır. Amma elə ərazilər var ki, orada əlavə torpaq sahəsi olmadığından iş dayandırılıb. Bəzi rayonlarda isə heç boş torpaq sahəsi tapmaq mümkün deyil. Tovuzda 1950-ci ildə meşə ərazinin 86 hektarında bir kənd salınıb. Orada məktəbə kimi var. Amma insanlar evlərinə sənəd ala bilmirlər. 1930-cu illərdə kolxoz-soxozların salınması üçün meşə fondundan torpaq sahələri verilib. 1998-ci ildə torpaq islahatları gedəndə həmin ərazilər meşə fonduna qaytarılıb. Hazırda bu cür ərazilər var ki, gedib görürük, insanlar oranı şumlayıb. Həmin yerlərdə tütün və yaxud taxıl əkiblər. Elə yerlər də var ki, orada kolxoz sədrinin razılığı ilə kənd salınıb. Meşə fondu ərazilərində salınan fərdi evlər, obyektlər də çıxarışlar veriləcək. Bütün bunlar torpaq əvəzlənmələri başa çatdırıldıqdan sonra baş tutacaq.
- Deputat İqbal Məmmədova məxsus "Relax” İstirahət Mərkəzi ilə bağlı məhkəmə işləriniz nə yerdədir?
- Orada da bəzi mübahisələr var. Meşə fondu ərazilərinə kənar daxilolmalar var. Hazırda iş Şirvan İnzibati Məhkəməsində "Relax” İstirahət Mərkəzi tərəfindən zəbt edilən 1.2 hektar meşə fonduna aid torpaq sahənin boşaldılması tələb edirik. Sözügedən ərazidə mövcud olan tikilərin sökülməsini və ərazi tam boşaldılmasını istəyirik. Hər şey məhkəmənin qərarından aslıdır.
- Əməkdaşlarınız nə qədər maaş alır və rüşvət alma faktları aşkarlanıbmı?
- Yerlərdə əməkdaşlarımızın əmək haqqı əvvəllər 207 manat idisə, hazırda 400 manatdan bir qədər yüksəkdir. Rüşvətlə ağac kəsdirən və yaxud başqa cinayət əməlləri törədən xidmət işçilərini də dərhal cəzalandırırıq. 1027 nəfər meşə gözətçisi var. Orta hesabla hər regional idarəmizin 100-150 nəfər işçisi var.