Rusiya Prezidenti Vladimir Putin çıxışında deyib ki, Ermənistanda Qarabağla bağlı gərgin vəziyyət yaranıb. Həmçinin qeyd edib ki, Qarabağdan Kreml yox, rəsmi İrəvan imtina edib.
Ümumiyyətlə, Rusiya lideri “Ermənistan Qarabağdan imtina edib” fikrini dəfələrlə səsləndirib. Aydın məsələdir ki, Putin bununla topu Ermənistan hakimiyyətinin üzərinə atır və erməni ictimaiyyətindəki anti-Rusiya abu-havasını yumşaltmağa çalışır. Belə ki, Nikol Paşinyan dəfələrlə Rusiyanı 44 günlük müharibəni dayandırmamaqda, habelə Ermənistana dəstək verməməkdə günahlandırıb. Son zamanlar isə bunu radikal formada edir.
Paşinyan bu yolla ölkədəki anti-Rusiya meyillərini artırmaq və nəticədə Qərbə inteqrasiyanı sürətləndirmək istəyir. Şübhəsiz, Putin bunun fərqindədir və sözügedən məsələdə Qarabağ ermənilərindən istifadə edir. Kreml Qarabağdan gedən ermənilərin siyasi təşkilatlanması və mövcud hakimiyyətə qarşı alternativ olmasında maraqlıdır.
Lakin Putinin açıqlamasında əsas narahatverici məsələ dediklərinin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik olmasıdır. Belə çıxır ki, Rusiya Qarabağın işğaldan azad edilməsində heç vaxt maraqlı olmayıb. Sadəcə, Paşinyanın atdığı addımlar Bakının əlini gücləndirib, Kremli isə çarəsiz qoyub. Buradan həm də belə bir ehtimal risk yaranır ki, Qarabağdan gedən ermənilər Azərbaycana qayıtmaq istəsələr, Kreml bunun baş verməsi üçün əlindən gələni edəcək. Düzdür, bu, zəif ehtimal olsa da, Rusiya sülhməramlılarının Qarabağda olduğu müddətdə risk kimi qalmaqdadır. Lakin çox güman, rəsmi Bakının buna qarşı da effektiv kartı var.
Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin intensivləşməsi və tərəflərin vasitəçisiz danışıqlara üstünlük verməsi sülhə inamı artırır. Bakı sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyir. Bunun üçün maksimum konstruktiv və obyektiv davranır. Lakin həm də risk faktorlarını nəzərdən keçirir, ehtiyat planlar hazırlayır.
Turan Rzayev
Globalinfo.az