Və yaxud, KQB xislətli diktator Navalnını öldürtməklə Qərb demokrtauyasına necə dərs verdi?
Siyasi məhbus Aleksey Navalnının saxlandığı İK-3 “Qütb canavarı” cəzaçəkmə müəssisəsində gərgin hadisələr fevralın 15-də axşam saatlarında başlayıb, bu isə o deməkdir ki, müxalifətçi Rusiyanın bildirdiyindən xeyli tez ölmüş ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Novaya qazeta” (Europe) nəşri həmin cəzaçəkmə müəssisəsindəki məhbusa istinadən yayıb.
“Navalnının ölüm şəhadətnaməsində müxalifətçinin fevralın 16-da cümə günü saat 14:17-də öldüyü bildirilir. Federal Penitensiar Xidmət bu barədə inanılmaz sürətlə, elə həmin gün saat 14:19-da rəsmi açıqlama yayıb. Çox güman ki, siyasi məhbus bir gün əvvəl dünyasını dəyişib. İK-3-də cəza çəkən məhbus iddia edir ki, fevralın 15-nə keçən gecə cəzaçəkmə müəssisəsində “anlaşılmaz ajiotaj” başlayıb. Onun sözlərinə görə, məcburi axşam yoxlaması “çox sürətləndirilib” və bundan sonra məhbuslar ağır mühafizə altında kazarmalara yollanıblar. Həmin gecə zonaya çoxlu avtomobilin daxil olduğu da eşidilib. Məhkumun dediyinə görə, fevralın 16-da səhər, yoxlamanın gözlənilmədən gəlməsi ilə əlaqədar olaraq, cəzaçəkmə müəssisəsinin işçiləri “ümumi axtarış” aparıblar. Koloniya üçün nəzarət tədbirləri adi haldır, lakin əvvəllər onlara ən azı bir ay əvvəldən məlumat verilirdi. Mənbə iddia edir ki, onlar Navalnının ölümü barədə danışmağa fevralın 16-da səhər saat 10-da başlayıblar. Hakimiyyət müxalifətçinin öldüyünü rəsmən elan etdikdən sonra “Qütb canavarı”nda təcili yardım maşını peyda olub.
Federal Penitensiar Xidmətin məlumatına görə, guya Navalnı fevralın 16-da gəzinti zamanı özündən gedib və həkimlər onu xilas edə bilməyiblər. Rəsmi versiyaya görə, həkimlər zəngdən 7 dəqiqə sonra qonşu şəhərdən cəzaçəkmə müəssisəsinə gəliblər. Bu mümkün deyil. Belə məsafəni 7 dəqiqəyə qət etmək üçün təcili yardım maşını 300 km/saat sürətlə getməlidir. Rəsmi versiyadakı bu cür məqsədyönlü uyğunsuzluqlar göstərir ki, Moskva onların sözlərinə etimad göstərməkdən çəkinməyib. Navalnının ölümünün bütün dünya elitasını bir araya gətirən Münhen Təhlükəsizlik Konfransının başlanğıcında açıq şəkildə elan edilməsi də vacibdir...” - məlumatda deyilir.