27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.
Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.
Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.
Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:
- Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
- İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.
- İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib. Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.
- İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
- Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
- Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
- Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.
- Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.