Ukarynadakı müharibə uzandıqca Qərb liderlərinin və diplomatlarının bu işğalçılıq savaşına münasibətində də dəyişikliklər nəzərə çarpır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının başçısı Jozef Borrel Oksford Universitetindəki çıxışı zamanı Rusiyanın indiki rəhbərliyini kəskin tənqid etməklə yanaşı, Avropa və ABŞ rəhbərlərinin Rusiya siyasətində ciddi səhvlərə yol verdiyini də etiraf edib: “Putinin rəhbərliyi altında Rusiya dünyaya imperialist baxışına qayıdıb. Çarlar zamanındakı Rusiya imperiyası və Sovet imperiyası onların keçmiş böyüklüyünə və nüfuzuna qayıtmaq arzusunda olan Putin tərəfindən reabilitasiya edilib”.
O, Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzünü və 2014-cü ildə Krımın ilhaqını xatırladıb: “Biz Rusiyanın Putinin rəhbərliyi altında necə dəyişdiyini görmədik və ya görmək istəmədik. Baxmayaraq ki, 2007-ci ildə Münhen konfransında Putin özü bizə xəbərdarlıq etmişdi... Bu gün Putin bizim hamımız üçün ekzistensial təhlükə yaradır. O, Ukraynada uğur qazansa, bununla dayanmayacaq”.
Borrel Putinin Kiyevdə marionet hökumət qura, Polşa ilə sərhəddə qoşun yerləşdirə və dünya taxıl bazarının 44%-nə nəzarəti ələ keçirə biləcəyinə dair xəbərdarlıq edib. O, həmçinin, Donbasa işğal ərəfəsində - 2022-ci ilin yanvarında baş tutan səfərini xatırladıb: “Baş nazir Şmıqal məndən soruşdu: onlar (Rusiya - red.) hücum edəndə, mütləq hücum edəcəklər, siz bizə silahla dəstək olacaqsınızmı? Mən o vaxt ona cavab verə bilmədim… Ukraynaya dəbilqə ilə “F-16” qırıcılarının tədarükü arasında uzun bir yol var. Biz onu keçdik, çünki ukraynalılar müqavimət göstərə bildiklərini sübut etdilər”.
C.Məmmədov
“AzPolitika.info”