Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.
Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Bu haqda onun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Açıq məktub və müraciəti “AzPolitika.info” saytında dərc edilib.
Məhkəmələr tərəfindən də hüquqları pozulan həkim-cərrah bu dəfə Milli Məclisin sədrinə və deputatlara müraciət edib. Bir nüsxəsini “AzPolitika.info”-ya təqdim etdiyi yeni müraciətində Qafar İskəndərov bildirir:
“Hörmətli Milli Məclisin sədri və deputatlar!
Mənim xaricdə çalışdığım dövrdə – 16 may 2017 ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, N.Yusifbəyli 25/27 ünvanında olan yeganə evim razılığım və icazəm olmadan “Regal” MTK sirkəti tərəfindən, birbaşa Nəsimi rayon icra başçısı Asif Əsgərovun razılığı ilə qanunsuz sökülmüş və əmlakım talan edilmişdir.
Sizə müraciət etməyimin əsas səbəblərindən biri Azərbaycan Raspublikası hüquq-mühafizə orqanlarının (polis, prokurorluq) fəaliyyətsizliyi və məhkəmə sisteminin heç bir qanun və dəlillərə istinad etmədən yanlış qərarlar cıxarması ilə əlaqədardır. Təəssüflər olsun ki bu orqan və sistemlərə nəzarət edən bir şəxs və ya qrumun olmasını mən görə bilmədim. Hazırda bununla əlaqədar Azərbaycanda hərc-mərclik baş verir, qoluzorlular vətəndaşların evini əlindən alır, hüquq-mühafizə orqanları insanlar həmin qoluzorlular tərəfindən döyülsə, təhqir olunsa belə, cinəyətkar dəstələrin tərəfində olurlar.
Mən dəfələrlə teleqramlar, məktublar, internetlə və eləcədə media vasitəsilə Möhtərəm Prezidentimizə, Birinci vitse-prezidentimizə müraciətlər ünvanlasam da, bu günə qədər (3 il) hələ ki, nə Prezident Aparatından, nə də hüquq-mühafizə orqanlarından doğru-dürüst və qanunlarımız çərçivəsində cavab almamışam. Hüquq-mühafizə orqanlarımızın məsuliyyətsizliyi Azərbaycanda tayfalar arasında münaqişəyə və nəticədə arzuolunmaz nəticələrə gətirib cıxara bilər. Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının düzgün və vaxtında yerinə yetirilməsinə cavabdeh olan orqanlar (polis, prokurorluq, məhkəmə sistemi, yerli icra hakimiyyətləri) nəzarət etmir və hətta fərman və qərarların əksinə öz bildikləri kimi hərəkət edirlər.
Sizdən “Regal” MTK tikinti şirkətinin qanunsuz, cinəyətkar əməllərinə son qoyulması, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının düzgün, vaxtında yerinə yetirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etməyinizi xahiş edirəm.
Eyni zamanda xahiş edirəm ki, mənim müraciətimin Prezidentə, Birinci vitse-prezidentə çatdırılmasına və bu mübahisənin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmadan həll olunmasına köməklik edəsiniz!”
Qafar İskəndərov məktubuna evinin qanunsuz uçurulması ilə bağlı mətbuatda gedən məqələlərin elektron ünvanlarını da əlavə edib.