ABŞ Ukraynaya təkcə Xarkov vilayəti ilə həmsərhəd yox, bütün Rusiya sərhədi boyunca Amerika silahları ilə zərbələr endirilməsinə icazə verib.
Gununsesi.info xəbər verir ki, Politico və Reuters yazırlar ki, prezident Co Bayden mayın sonlarında Ukraynaya Xarkov vilayəti ilə həmsərhəd Rusiya bölgələrinə Amerika silahından zərbə endirilməsinə məxfi qaydada icazə vermişdi.
Pentaqonun nümayəndəsi general-mayor Patrik Rayder deyib ki, bu məsələdə ABŞ siyasətinin dəyişməz olaraq qalmasına baxmayaraq, Ukraynanın Rusiya qoşunlarına qarşı ABŞ silahlarından istifadə etməsi yalnız Xarkov vilayəti ilə həmsərhəd Rusiya bölgələri ilə məhdudlaşmır.
Rayder deyib ki, bu, əslində “cavab atəşi açmaq siyasətidir”.
Almaniyanın Bild qəzeti də mənbələrə istinadla yazırdı ki, Ukrayna azı bir dəfə Almaniyanın ona verdiyi Patriot raket sistemindən hücum edən Rusiya təyyarələrinə atəş açıb.
Associated Press respublikaçı senator Mayk Raundsa istinadla bildirib ki, Co Bayden Xarkov vilayəti ilə həmsərhəd Rusiya ərazisinə zərbələrə icazə verdikdən sonra Ukrayna silahlı qüvvələri Rusiya ərazisinə hücumlar üçün Amerika silahlarından istifadə ediblər.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə Ukrayna iyunun əvvəllərində ABŞ istehsalı HIMARS zenit-raket qurğusundan Rusiyanın Belqorod vilayətindəki S-300/400 qurğularına zərbələr endirib.
Bundan əvvəl bir sıra Avropa ölkələri də Ukraynaya onların silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə vermişdilər.
Afət Abbasova