Vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edən, bu işə görə dəfələrlə məhkəmədə ifadə verən general Rasim Əliyev ətrafındakı çəmbərin daraldığını görərək maraqla üsula əl atıb. General məsuliyyətdən yayınmaq, məhkəmə proseslərindən kənarda qalmaq üçün paytaxt xəstəxanalarının birində heç bir zərurət olmadığı halda “müalicə alıb”, vəziyyətinin ağır olması ilə bağlı həkim rəyi əldə edib. Onun cərrahi əməliyyat elətdirdiyi də ehtimal olunur. Məqsəd lazımi dairələrdə “xəstə satatusu” ilə tanınmaq, Tərtər işi ilə bağlı məsuliyyətə cəlb olunmaqdan bu yolla azad olmaqdır. General Rasim Əliyev hesab edir ki, əgər məhkəmə onu “ağır xəstə” statusunda tanısa, o zaman proseslərdən kənarda qala, “kölgəyə çəkilərək” baş verənləri bir qıraqdan sakitcə seyr edə bilər.
TEREF-in redaksiyasına göndərilən məqalədə müəllif fikirlərini belə ifadə edir. Müəllif daha sonra yazır:
Xatırladaq ki, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin sabiq rəisi Rasim Əliyev zərərçəkənlər və onların yaxınları tərəfindən “Tərtər işi” zamanı baş verən qanunsuzluqlar fonunda hərəkətsizlik göstərməkdə ittiham olunur. General şahidi və məlumatlı olduğu qanunsuzluqlar haqqında əlaqədar şəxs və instansiyaları məlumatlandırmağa cəsarət etməyib, öz işini hərbçilərlə bağlı zorakılıqları izləməklə bitmiş hesab edib.
Bu səbəbdən də “Tərtər işi” zərərçəkənləri Rasim Əliyevin də məsuliyyətə cəlb edilməsini zəruri hesab edir. Zərərçəkənlərin fikrincə, nə qədər ki, Rasim Əliyev məsuliyyətə cəlb edilməyib, ədaləti tam bərpa edilmiş hesab etmək olmaz.