“Bu gün Qərb və ABŞ-ın Ukrayna cəbhəsində istədiyi nəticəni ala bilmədiyi göz önündədir”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Kiyevin son həmləsi – Kursk əməliyyatı da nəticə verməsə, artıq taleyi bitmiş hesab oluna bilər:
“Çünki Qərbin bir daha Ukraynanı toparlamaq və yeni əməliyyatlar təşkil etmək cəhdi heç şübhəsiz nəticəsiz qalacaq. Belə olan halda Qərb və ABŞ-ın Rusiya Prezideni Vladimir Putini başqası ilə əvəz etməyi düşünməkdən başqa çıxış yolu qalmayacaq. Bu məqsədə çatmağın hansı yolla mümkün olacağı və heç də asan başa gəlməyəcəyinə dair mülahizələri kənara qoyaraq Putindən sonra kimin Rusiya Prezidenti ola biləcəyi barədə hipotezlərimizi irəli sürə bilərik”.
Təbii ki, Putin hakimiyyətdən gedərsə və ya uzaqlaşdırılarsa onun yerinə həm ətrafında hakimiyyətin yüksək eşelonlarında təmsil olunan şəxslərdən, həm də müxalifətdə təmsil olunan qüvvələrdən birinin gələ biləcəyini ehtimal etmək olar. Hakimiyyətdə təmsil olunan şəxslərdən Baş Nazir Mixail Mişustin, Prezidentin köməkçisi Nikolay Patruşev, Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev, Moskva şəhərinin hazırkı meri Sergey Sobyaninin Vladimir Putindən sonra Rusiyanın prezidenti olmaq ehtimalları var. Amma bu siyahını bir az da uzatmaq olar”.
Əlimusa İbrahimov
Ekspertin sözlərinə görə, Rusiyanın müxalifət cəbhəsində prezidentlik olmaz üçün potensial namizədlər çox azdır:
“Çünki Putinə rəqib ola biləcək tanınmış müxalifət nümayəndələri ya yoxdur, ya da olanları tam müxalifətçi adlandırmaq bir qədər çətindir. İstənilən halda bu kateqoriyaya az-çox cavab verən şəxsləri sadalaya bilərik.
Mühacir həyatı yaşayan Mixail Xodorokovski, Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Züqanov, Rusiyadakı solçular hərəkatının lideri olan Sergey Udaltsov, liberal cəbhəni təmsil edən televiziya işçisi Kseniya Sobçak, Rusiyadakı Yabloko partiyasının qurucusu və rəhbəri Qriqori Yavlinski və s. şəxslərin adlarını çəkmək olar”.
“Qeyd olunmalıdır ki, Vladimir Putinin yaxın illərdə prezident səlahiyyətlərindən əl çəkməsi və ya istənilən formada hər hansı bir şəxsin onun yerinə gətirilməsi Qərbin istəklərindən asılı olmayaraq sadəcə fərziyyədir. Putin indi Qərbdə onu əvəzləmək istəyən liderlərin çoxlarını istefaya, hətta o dünyaya göndərəcək qədər hakimiyyətdə qalmaqda qərarlıdır”, – Ə.İbrahimov bildirib.
Turan Rzayev
Globalinfo.az